Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı törətdiyini söyləyərək Xocalı qətliamını XX əsrin ən böyük faciəsi adlandırıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror dəstələrinin və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşaq, 106 qadının öldürüldüyünü, 8 ailənin bütünlüklə məhv edildiyini xatırladıb. Mərhum jurnalist Çingiz Mustafayevin həyatını təhlükəyə ataraq çəkdiyi kadrların bütün dünyaya yayılmasına, BMT kimi mötəbər bir təşkilatın 4 qətnamə qəbul etməsinə baxmayaraq beynəlxalq ictimaiyyətin Ermənistana hələ də güclü təzyiq göstərmədiyini təəssüflə qeyd edib. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında zəruri addımların atıldığını, cinəyətkarların öz layiqli cəzasını alacağını, Azərbaycan xalqının bu ümidlə yaşadığını bildirib.
Direktor müavini Gülbehişt Orucova və kitabxananın əməkdaşı, qocaman jurnalist Əsgər Əsgərov da Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması üçün görülən işlər barədə danışıblar. “Elə acılar var ki, onu hər gün yaşamasan ona qalib gələ bilmərsən” deyimindən irəli gələn məqamlara toxunublar. Vurğulayıblar ki, bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.
Kitabxananın foyesində Xocalı soyqırımınının 27-ci ildönümü ilə əlaqədər açılan sərgidə bu qanlı faciəyə həsr olunmuş foto-şəkillər, kitablar və qəzet-jurnal materialları nümayiş etdirilib.