Fevralın 27-də Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclasa sədrlik edən ATU- nun rektoru, professor Gəray Gəraybəyli gündəliyi elan etdikdən sonra tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev “2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” mövzusunda hesabat məruzəsi edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsini təhsil sisteminə innovasiyalar gətirəcək mühüm addım kimi qiymətləndirən məruzəçi deyib ki, 2019-2023-cü illər üçün respublikamızda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı ilə həyata keçiriləcək tədbirlər üçün sağlam zəmin yaratmışdır. Belə ki, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin beynəlxalq universitetlərlə ikili diplom proqramlarının sayını artırmaq hədəfi son illərdə daha müsbət hal kimi qarşılanmaqdadır.
Sözünə davam edən S. Əliyev qeyd edib ki, hazırda universitetimiz ikili diplom proqramları çərçivəsində Avropanın və əsasən Türkiyənin bir çox universitetləri ilə bakalavr, magistr və rezidentura təhsil pillələri üzrə əməkdaşlıq edir. O, çıxışında Türkiyənin universitetləri ilə əlaqələri gücləndirmək və ikili diplomlar təqdim edə biləcək birgə proqramları müzakirə etmək məqsədilə əməkdaşlarımızın bir sıra işgüzar səfərə göndərildiyini bildirib: “ 2018-ci il dekabrın 10- dan 12- dək ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, tədris şöbəsinin müdiri Samir Cavadov və əczaçılıq fakultəsinin dekanı Kamandar Yaqubov Türkiyənin Ərzurum şəhərindəki Atatürk universitetinə və bu il yanvar ayının 28-dən 29- dək isə Türkiyənin İzmir şəhərindəki Ege universitetinə səfər etmişlər. Hər iki görüşdə ikili diplom verəcək birgə proqramların başlaması barədə razılıq əldə edilmişdir. Bu səfərlər zamanı mütəxəssislər tərəfindən hazırlanacaq təkliflər və əlavə anlaşmanın bağlanması, o cümlədən birgə proqramın detallarının hazırlanmasına qərar verilmişdir.”
İmtahan sessiyasının yekunlarını şərh edən məruzəçi dedi ki, ölkədə təhsil sahəsində aparılan islahatlara müvafiq olaraq imtahan sessiyasının şəffaf aparılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Builki tədris ilində ilk dəfə olaraq I kursda tələbələrin təcrübə dərslərində aparılan sorğuların 20 balı aralıq sorğu kimi kompüter vasitəsilə aparılmışdır. Onun sözlərinə görə kompüter vasitəsilə aparılan aralıq sorğu ilə bağlı rektor G. Gəraybəylinin tələbələrlə görüşü zamanı tələbələr bu sorğunun aparılmasından razı qaldıqlarını bildiriblər.
S.Əliyev imtahanların təşkili və təkmilləşdirilməsi məsələsinin dəfələrlə universitetin elmi şurasında, rektoryanı şurada, ayrı-ayrı fakültələrin elmi şuralarında müzakirə obyekti oluğunu bildirib: “Artıq builki tədris ilində I kurs tələbələrinin imtahanları yeni qaydalara uyğun aparılmışdır. Bu qaydalar hazırda dünyada 200-dən çox universitetdə istifadə olunur və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsində geniş imkanlar yaradır. Həmin kursda tələbələrin biliyi 1 saat vaxt ərzində 25 sualla yoxlanılır. Hər bir doğru cavab 2 balla qiymətləndirilir. 25 sualın 15-i universitetdə yerləşdirilmiş baza suallarından, 10-u isə tələbəyə əvvəlcədən məlum olmayan gizli suallardan ibarət olmuşdur.
Bu suallar baza suallarından fərqli olaraq, çoxcavablı suallardır, yəni baza suallarının yalnız bir doğru cavabı olursa, gizli sualların iki və daha çox cavabı olur. Bu zaman hər bir doğru cavabın qiyməti 2 balı sualdakı doğru cavabların sayına bölməklə müəyyən edilir, məsələn, əğər sualda iki doğru cavab 1 bal, 3 doğru cavab varsa 0.7 bal, 4 doğru cavab varsa 0.5 balla qiymətləndirilir. Tələbənin imtahanda topladığı bal kəsr hissəli (məsələn 25.7) olarsa, yekun bal tam hissəyə qədər yuvarlaqlaşdırılır (məsələn 25.7 bal 26 bal hesablanılır.”
İmtahan sessiyasının nəticələrini diqqətə çatdıran prorektor bildirdi ki, klassik qaydada imtahan verən hərbi tibb məktəbinin II kurs tələbələri ilkin nəticələrə görə 15 halda imtahanda iştirak etmişlər: “Klassik qaydada aparılan imtahanın nəticələrinə görə 2 (6,6%) halda «əla», 12 (40%) halda yaxşı, 12 (40%) halda «kafi» və 4 (13, 3) halda «qeyri kafi» qeyd edilmişdir.
Kredit sistemi ilə təhsil alan tələbələr 46514 (keçən il 45305) halda imtahanda iştirak etmiş, 17558 – 37.7% (keçən il 16841 – 37,1%) «əla», 11155 – 23.9% «çox yaxşı» (keçən il 11331– 25%) və «yaxşı» 8160 – 17.5% (keçən il 7955 – 17,5%), 5422 – 11,6% (keçən il 5404 – 11,9%) «kafi», 2466 – 5.3% (keçən il 2568 – 5,6%) «qənaətbəxş», 786 – 1,7% halda (keçən il 733 – 1,6%) «qeyri-kafi» 786 – 1,7% halda (keçən il 733 – 1,6%) «qeyri-kafi» nəticə əldə olunmuş, 444 – 1% (keçən il 437 –0.96%) halda tələbə imtahanda iştirak etməmiş, 523 – 1.3% (keçən il 343 – 0.7%) imtahana buraxılmamışdır.
Payız semestrinin imtahan sessiyasının nəticələrini ilkin araşdırdıqda tələbələrin gündəlik fəaliyyətindən əldə etdiyi bal və test üsulu ilə kompyüterlər aparılan imtahanların birgə nəticəsinə əsasən kəmiyyət və keyfiyyət göstəriləri 91.4% və 54.1% (keçən il 90,1% və 48, 8) olmuşdur. Bu il «əla» qiymətlər keçən ilə nisbətən yüksək – 16.5% (keçən il 15,7%) olmuşdur.
İmtahan sessiyasını 5558 nəfər tələbə müvəffəqiyyətlə başa vurmuşdur. Onlardan 1006 nəfər (16,5%) sessiyanı «əla» qiymətlərlə, 2287 nəfər (37,5%) «əla» və «yaxşı» qiymətlərlə, 2265 nəfər (37.2%) qarışıq qiymətlərlə bitiriblər. Sessiyanın nəticələrinə görə 522 nəfər (8,5%) tələbənin akademik borcu (F) qalıb. Onlardan 361 nəfərin 1 fəndən, 120 nəfərin 2 fəndən, 41 nəfərin isə 3 fəndən akademik borcu qalmışdır.”
Məruzəçi çıxışında Prezident təqaüdçülərinin təhsil zamanı əldə etdiyi nəticələrə də toxunaraq qeyd edib ki, son 6 il ərzində universitetə daxil olan 150 Prezident təqaüdçüsündən yalnız 27-si bu adı qoruya bilib.
Xarici ölkələrdən universitetimizdə təhsil almaq istəyən tələbələrin sayının ildən ilə artdığını söyləyən S.Əliyev deyib ki, ATU-da hal- hazırda 26 ölkədən 1582 nəfər tələbə təhsil alır. Hazırlıq kursunda 16 ölkədən 362 dinləyici var. Bundan əlavə universitetdə 36 nəfər rezidenturada təhsil alır. Artiq 16 ildir ki, universitetimizdə tədris ingilis dilind aparılır. Bu da xarici ölkə vətəndaşlarının universitetə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir.
Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev məlumat verdi ki, 29 dekabr - 05 fevral 2019-cu il tarixində 1035 tələbə - yenidən araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Apellyasiya araşdırması nəticəsində bu müraciətlərdən 536 (51,7%) testlərdə müxtəlif xarakterli qüsurlar olduğu və tələbələrin cavabları doğru olduğu üçün onların iddiaları əsaslı hesab olunmuş və toplanmış balın düzəldilməsi təklif edilmişdir. 482 (46,5%) tələbənin müraciəti test suallarına düzgün cavab vermədikləri üçün əsassız hesab olunmuşdur. Universitet üzrə 1035 müraciətin 512-i müalicə- profilaktika fakültələrinin payına düşür. Ən az müraciət isə (41 müraciət) hərbi tibb fakültəsi tələbələrindən olmuşdur. İmtahanların yüksək səviyyədə keçdiyini deyən komissiya sədri innovasiya şöbəsdinin nəzdində test tərtib edən qrupun yaradılmasını təklif etdi. O, qeyd etdi ki, apellyasiya komissiyasının üzvləri ekspertlərlə birlikdə məsuliyyət hissi ilə çalışaraq, heç bir problem olmadan vəzifələrini yerinə yetiriblər. Apellyasiya zamanı narazı qalan kafedra və tələbə olmayıb.
Elmi Şuranın iclasına qatılan kafedra müdirləri Sabir Etibarlı, Mirzə Kazımov və Tahir Süleymanov rəhbərlik etdikləri kafedralarda imtahan sessiyasının yekunlarının müzakirə edildiyini bildirdilər və test suallarında baş verən qüsurların aradan qaldırılması, həmçinin belə halların bir də təkrarlanmaması üçün ciddi tədbir görüləcəyini söylədilər. Natiqlər test sisteminin təkmilləşdirilməsi məqsədilə səylə çalışacaqlarını, gələcəkdə daha yüksək nəticələrə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini dedilər.
Elektron imtahanın 15-ci semestrdir ki, həyata keçirildiyini söyləyən imtahan mərkəzinin direktoru Şahin Bayramov dedi ki, bu üsul tətbiq olunanda qarşıya iki məsələ qoyulmuşdu: “Birinci, imtahan prosesinin şəffaflığı, ikinci isə tələbənin biliyinin qiymətləndirilməsində ədalətlik prinsipinin maksimum qorunması. Ümumilikdə götürdükdə bu 14 semestr ərzində 650 min imtahan edir. Bu müddət ərzində biz qarşımıza qoyduğumuz məsələnin yalnız birini- prosesin şəffaflığını qoruya bildik. Və heç kəs imtahanın işinə müdaxilə edə bilmədi. Bu semestrdə isə sualların gizliliyi də tamamilə qorundu. Yəni ədalətlik prinsipinə nail olundu və əldə edilən nəticələr təqdirəlayiq oldu”.
Müzakirələrə yekun vuran rektor məruzəni əhatəli hesab edərək müsbət qiymətləndirdi. Qeyd etdi ki, imtahan prosesi təkcə tələbələrin biliklərinin qiymətləndirməsi yox, eyni zamanda kafedraların və müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi deməkdir: “Ölkə rəhbərliyi tibb elminin müasir səviyyəyə qaldırılması üçün universitetiz qarşısında konkret yeni tələblər qoyub. Kafedralar başa düşməlidir ki, yeni istiqamətdə addımlarımızı atmalıyıq. Bu olmasa kafedraların, fakültələrin bağlanması ilə üzləşməli olacağıq. Bir həftə öncə mən Təhsil Nazirliyində görüşdə olanda da bu məsələ xüsusilə vurğulandı. Xüsusən tibb dərsliyinə bu gün yeni tələblər qoyulmaqdadır. Bu gün biz sessiyanın nəticələrini müzakirə edirik. Nəzərə çarpan, görünən tərəflər var. İlk üç kurs təhsildə aparılan islahatlarla imtahan verənlərdir. Ən çox aparılan islahatlar isə I kursun payına düşür. Bildiyiniz kimi keçən ildən etibarən 10 açıq sual əlavə olundu. Bu da imtahanın gedişində bir qədər nizam-intizam yaratdı. Həm aralıq qiymətləndirmə, həm açıq sualların sayının artması, digər kurslarda da müəyyən məsələlər, mühazirə saatlarının azaldılması və sair. Ümumiyyətlə, tədris işinin yaxşılaşdırılması ilə əlaqədar hələ bizim görəcəyimiz işlər həddindən artıq çoxdur.”
Sözünə davam edən rektor tələbənin bir bal güzəşt üçün rəhbərliyə müraciət etməməsini müsbət hal kimi qiymətləndirdi: “Surxay müəllimin rəhbərliyi altında olan Apellyasiya Komissiyasına mən öz adımdan və şuranın adından dərin təşəkkürümü bildirirəm. Çünki komissiya ötən ildə olduğu kimi bu il də dəqiq və səlis işləyib. Analizlər də göstərdi ki, əsaslı şikayətlər ancaq kafedraların yol verdikləri bəzi qüsurlara görə olub. Bu səbəbdən də kafedraların məsuliyyətini artırmalıyıq ki, işimizi səmərəli şəkildə qura bilək. Çünki hansı kafedralarda məsuliyyət varsa, onlardan müsbət nəticələr nəzərə çarpır”.
Mövcud çatışmazlıqların aradan qaldırılmasını xüsusi vurğulayan G. Gəraybəyli müxtəlif məsələlərdən də söhbət açdı. Tədrisə nəzarətin gücləndirilməsini bir daha önə çəkən rektor dedi ki, universitetdə nizam-intizam qaydalarına riayət olunmalıdır. Bununla bağlı bir neçə kafedrada artıq yoxlamalara başlanılıb. Müxtəlif məsələlərdən bəhs edən universitetin rəhbəri bildirdi ki, bu günlərdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov Səhiyyə Nazirliyinin aparat rəhbəri təyin edilib və onun vəzifəsi müvəqqəti olaraq Orxan İsayevə həvalə olunub. Bundan başqa rektor mart ayının 1- dən etibarən universitet əməkdaşlarına verilən əlavə əmək haqqının 20% artırıldığını da diqqətə çatdırdı.
Sonda müzakirəyə təqdim edilmiş dərslik, dərs vəsaiti və metodik vəsaitlərin əlyazmalarını təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırdı.