Əsaslı Kitabxananın kollektivi dahi şairin yubileyi ilə bağlı tədbir keçirib

Martın 12-də Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında filosof-şair İmadəddin Nəsiminin 650 İlliyinə həsr olunmuş tədbir keçirilib. 

 

Tədbiri Kitabxananın direktoru Ziyafət Eminova açaraq bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı ötən il noyabrın 15-də sərəncam imzalanıb. Onun sözlərinə görə, sərəncamdan irəli gələn öhdəliklərə uyğun olaraq, universitetinin əsaslı kitabxanasında da belə bir tədbirin keçirilməsinə qərar verilib.

 

Z.Eminova Nəsimi ilə bağlı silsilə tədbirlərin təkcə ölkə daxilində deyil, həmçinin ölkə hüdudlarından kənarda da geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Buna misal kimi, bu ilin martın əvvəllərində Ankarada möhtəşəm tədbirin keçirildiyini bildirib. Mədəniyyət naziri cənab Əbülfəs Qarayev başda olmaqla ölkəmizdən böyük bir ziyalılar qrupunun iştirak etdiyini qeyd edib: “ Bu tədbirdə demək olar ki, türkdilli bütün ölkələrdən nümayəndələr təmsil olunurdu. Nəsiminin fəaliyyətinə siyasi qiymət verilən bu möhtəşəm tədbirdə onun haqqında 1841-1848-ci illər ərzində və sonralar nəşr olunmuş kitablar, XV əsrdə şair tərəfindən yazılmış əlyazmaların surətləri nümayiş etdirildi”-deyən direktor, Nəsimi irsinə və yaradıcılığına hələ ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə də layiqli qiymət verildiyini bildirib. Həmin ərəfədə Nəsimiyə heykəl qoyulduğunu, onun haqqında müxtəlif əsər və məqalələr yazıldığını, o cümlədən film çəkildiyini diqqətə çatdırıb. Sonra söz İctimai fənnlər kafedrasının professoru Fəxrəddin Məmmədova verilib. F.Məmmədov da öz növbəsinə dahi şairin siyasi və ədəbi fəaliyyətinə geniş ekskursiya edib: “ Şairin müasirləri və ondan sonrakı ədiblər həmişə Nəsimi haqqında yüksək fikirdə olublar. Onu Şərq fəlsəfi şeirinin şahı adlandırıblar. Mən isə təkcə Şərqi deyil, Avropanı da bura əlavə etmək istərdim. Həmin dövrdə şeirlə Nəsimi qədər fəlsəfənin yüksək zirvəsini fəth edən nə Avropada, nə də Şərqdə olub. Bir sıra araşdırmaçılar onun haqında yanlış məlumatlar yazıblar. Nəsiminin ateist olduğu və onun ustadı Fəzlullah Nəiminin qızlarından biri ilə evlənməsi ilə bağlı ziddiyyətli məlumatlar səsləndiriblər.”-deyən natiq, əslində həqiqətin bu cür olmadığını qeyd edib. Bildirib ki, əgər o, ateist olsaydı, onu Hələbdə min nəfərin bir dəfəyə namaz qıldığı məscidə baş axund təyin etməzdilər.

 

Quranın bir sıra surələrini tərcümə edən Nəsimi ustadının qızı ilə evlənməyib, Hələbdə əvvəlcə türkmən qızı, sonra isə ərəblə evlənib. Ərəb qızından isə bir oğlu, bir qızı olub. 

 

F.Məmmədov çıxışı zamanı maraqlı bir fakta da toxunub. Qeyd edib ki, Nəsimi Teymurilərə qarşı həmişə üsyankar çıxışlar səsləndirib: ”Bakıda Əmir Teymura qarşı sui-qəsdin həyata keçirilməsinə də birbaşa Nəsimi rəhbərlik edib. Məsələnin üstü açılıb və sui-qəsd baş tutmayıb. Nəsimi Şamaxıya Şirvanşah İbrahimə pənah aparıb. Əmir Teymur Nəsimini İbrahimdən tələb etsə də, istəyinə nail ola bilməyib, İbrahim Nəsimini Əmir Teymura verməkdən yayınıb və çıxılmaz vəziyyətdə qaldığı üçün Nəsimiyə Şamaxını tərk etməyə şərait yaradıb. Nəhayət, şair Hələbdə məskunlaşıb və sonra orada da edam olunub”.

 

Çıxışçılardan Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev də Nəsimi şəxsiyyəti və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunublar. Onlar da təkcə Azərbaycanda deyil, həmçinin ölkəmizdən kənarda şair haqqında yazılan əsər və məqalələr ilə bağlı iştirakçılara geniş məlumat verib, şairin yaradıcılığından çoxsaylı sitatalar gətiriblər.

 

Tədbir zamanı kitabxananın əməkdaşları Təranə Hüseynova, Leyla Rüstəmova və Səadət Hüseynova da Nəsiminin şeirlərini söyləyiblər. Onların etdikləri qiraət tədbir iştirakçılarının alqışlarına səbəb olub.