Martın 14-də Azərbaycan Tibb Universitetində tanınmış yazıçı, şair-publisist, əməkdar jurnalist, “Təbib” qəzetinin baş redaktoru Eldar İsmayılın səfər təəssüratlarının, Təbriz həsrətli şeirlərinin və xatirələrinin toplandığı “Mən Təbrizdən necə doyum” kitabının təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçılarına kitab haqqında məlumat verən “Təbib” qəzetinin əməkdaşı Arif Məmmədli yeni işıq üzü görən kitabda şairin o taylı, bu taylı bütöv Azərbaycan sevgisi, Təbrizi görmək arzusu və nəhayət bu arzunun gerçəkləşməsi haqqında düşüncələrinin öz əksini tapdığını bildirdi. Qeyd edildi ki, kitabda bölünmüş, parçalanmış Azərbaycanla bağlı tarixi faktlara, böyük tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə, türk etnosunun qədimiliyini qoruyub saxlayan yer-yurd adlarına, eyni zamanda insan əli ilə yaradılan gözəlliklərin tərənnümünə də kifayət qədər yer ayrılıb. Eldar İsmayılın müxtəlif illərdə yazdığı həsrət dolu seirlər, həmçinin Güney Azərbaycanda yaşayan şair və aşıqların yaradıcılığından seçmələr də kitaba daxil edilib.
ATU-nun dosenti Faiq Həsənov sözün qüdrətinə xüsusi önəm verən, onu yurdsevərlik zirvəsinə qaldıran, Azərbaycan mədəniyyətinin zəngin bədii-etnoqrafik qaynaqlarından olan Göyçə saz-söz məktəbinin istedadlı yetirməsi Eldar İsmayılı ömrünün 50 ildən çoxunu ədəbiyyatımızın zənginləşməsinə, milli yaddaşın qorunmasına həsr edən ustad sənətkar kimi dəyərləndirdi. Ədəbiyyata ləyaqətlə xidmət göstərən yazıçının ömrünün müdriklik çağında da gənclik enerjisi ilə çalışdığını, oxucuları ilə sıx ünsiyyət saxladığını söylədi.
Azərbaycan İqtisad Universitetinin müəllimi Pərviz Səmədbəyli isə qaçqınlığın ilk günlərindən Qərbi Azərbaycanla bağlı tarixi faktların toplanmasında, erməni xəyanət və cinayətlərinin ədəbi-bədii vasitələrlə geniş oxucu kütləsinə çatdırılmasında Eldar İsmayılın müstəsna xidmətlərinin olduğunu vurğuladı.
Göyçə aşıq poeziyasına, Eldar İsmayıl yaradıcılığına, bütövlükdə Azərbaycan ədəbiyyatına mükəmməl bələd olan ATU-nun epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev şairin poeziyasından və ona ithaf olunmuş şeirlərdən nümunələr gətirərək auditoriyada xüsusi ovqat yaratdı.
Kitab haqqında fikirlərini bölüşən el ağsaqqalı Abbas Mazanov, ATU-nun dosenti, AMEA-nın Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanov, şairə Səyyarə Məmmədli və gənc yazar Gündüz Əhmədli qələmini ədəbiyyatın bütün janrlarında sınayan, şeirləri və publisistik kitabları, tarixi romanları oxucular tərəfindən rəğbətlə qarşılanan Eldar İsmayıla möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Azərbaycanın xalq artisti, qiraət ustası Eldost Bayram şairin xalqımızı birliyə, düşmənə qarşı mübarizəyə çağıran şeirlərini səsləndirdi. Peşəkar qiraət ustasının çıxışından sonra Eldar İsmayıl yaradıcılığının pərəstişkarı Aynurə Məhəmmədova, ATU-nun tələbələrindən Günəş Əliyeva və Günay Vəlizadə də şairin şeirlərini böyük həvəslə söylədilər.
“İrs” ansanblının solisti Mehman Hacıbəyli, tanınmış müğənni Hüsniyyə İsmayıllı, aşıqlardan Altay Məmmədli və Sevil Xıdırova Eldar İsmayılın sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa etdilər.
Eldar İsmayıl yaradıcılığına verilən dəyərə, eləcə də haqqında söylənən xoş sözlərə görə çıxış edənlərə, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Kitab təqdimatının keçirilməsinə şərait yaradan universitetin rəhbərliyinə də minnətdarlıq edən müəllif təqdimatın sonunda yeni şeirlərini oxudu.