Martın 28-də Böyük Elmi Şuranın növbəti yığıncağını açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
Əvvəlcə universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun “Azərbaycan Tibb Universitetində 2018-ci il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabatı dinlənildi.
Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sayəsində universitetimizin 2018-cı ildə xeyli nailiyyətlər əldə etdiyini, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup universitet əməkdaşının fəxri adlara layiq görüldüyünü vurğulayan məruzəçi kadr potensialına da toxundu: “2019-cu il yanvar ayının əvvəlinə olan məlumata əsasən, Azərbaycan Tibb Universitetində çalışan 1274 nəfərin 1144-ü professor-müəllim heyətidir. Onlardan 4-ü Rusiya Tibb Elmlər Akademiyasının akademiki, 1-i müxbir üzvü, 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 7-si müxbir üzvü, 4-ü Dövlət Mükafatı Laureatı, 26-sı əməkdar elm xadimi, 46-sı əməkdar həkim, 41-i əməkdar müəllim, 2-si əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-si fəxri bədən tərbiyəsi və idman işçisi, 1-i əməkdar jurnalist, 174-ü elmlər doktoru, 846-sı fəlsəfə doktoru, 125-i professor, 344-ü dosentdir”.
2018-ci ildə Azərbaycan Tibb Universitetində “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 61 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdıran prorektor 3 mövzunun tamamlandığını, 58 mövzu üzrə elmi işin isə davam etdiyini dedi.
R.Bəylərov onu da bildirdi ki, 2018-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya, I cərrahi xəstəliklər, ümumi cərrahiyyə, I mama-ginekologiya, I daxili xəstəliklər, şüa diaqnostikası və terapiyası, ağciyər xəstəlikləri, patoloji anatomiya, histologiya, embriologiya və sitologiya, biokimya, normal fiziologiya, Elmi-Tədqiqat Mərkəzi, mikrobiologiya və immunologiya kafedralarının əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi-tədqiqat proqramları və beynəlxalq layihələr üzrə işlər aparıblar.
“Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır” – deyən prorektor bu nöqteyi-nəzərdən ATU-nun Beynəlxalq Universitetlər Reyestrinə daxil edilməsi, Qara Dəniz hövzəsi ölkələri universitetləri şəbəkəsi çərçivəsində özünəməxsus yer tutması, Avropa universitetləri sırasına tam hüquqlu üzv seçilməsi, beynəlxalq proqramlarda iştirak etməsini universitemizin getdikcə artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi.
ATU-nun beynəlxalq əlaqələrinin də günün tələbləri səviyyəsində qurulduğunu söyləyən R.Bəylərov hazırda bu təhsil və elm ocağının dünyanın 85 nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra universitetlərlə fəal tələbə və mütəxəssis mübadiləsi apardığını diqqətə çatdırdı.
Prorektor 2018-ci ildə elmi-tədqiqat işlərinin nəticələrinin 11 monoqrafiya və kitabda (onlardan dördü xaricdə), 15 dərslikdə, 30 dərs vəsaitində, 4 kitabça və sorğu ədəbiyyatında, 4 elmi əsərlər məcmuəsində, 1640 elmi işdə (566 elmi iş xaricdə, 1074 elmi iş respublikada), 25 metodik tövsiyədə, 4 Avrasiya patentində öz əksini tapdığını da vurğuladı.
2012-ci ildən etibarən Mövlanə mübadilə proqramı üzrə Türkiyənin 17 universiteti ilə müqavilə imzalandığını diqqətə çatdıran R.Bəylərov mübadilə proqramına dair aparılan sorğu nəticəsində həm qəbul edən universitet, həm də qonaq gələn alimlər tərəfindən bu təcrübənin yüksək qiymətləndirildiyini, gələcəkdə bu təcrübənin tələbə mübadiləsi istiqamətində də aparılmasının nəzərdə tutulduğunu bildirdi.
Hesabat məruzəsində Azərbaycan tibb elminin müasir dünya tibb elminə inteqrasiyasında alimlərimizin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması və belə ölkələrdə keçirilən konfrans və simpoziumlara dəvət almalarının mühüm əhəmiyyət kəsb etməsi də xüsusi vurğulandı. Bildirildi ki, 2018-ci ildə xarici ölkələrdə keçirilən 179 müxtəlif elmi konfrans, konqres və simpoziumlarda ATU-nun 245 əməkdaşı iştirak etmişdir.
İxtisaslı mütəxəssislərin hazırlanmasında tələbə elmi işlərinin əhəmiyyətindən də danışan R.Bəylərov 1-2 noyabr 2018-ci il tarixində Azərbaycan Tibb Universitetində gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tİbb Konqresi”nin keçirildiyini qeyd etdi: “Türkiyə Endoskopik Laparoskopik Cərrahlar Dərnəyinin rəhbəri və qurucusu, Fransa Leon Universitetinin professoru Cavit Avcı konqresə dəvət olunmuşdur.
Türkiyə, Rusiya, Almaniya, İran, Özbəkistan, Pakistandan olan həkimlərin, gənc alim və tələblərin də qatıldığı konqresdə 602 nəfər iştirak etmişdr ki, bunlardan 295 nəfəri həkim və rezident, 270 nəfəri tələbə, 37 nəfəri isə xarici ölkə universitetlərinin professor, tələbə və həkimləri idi”.
ATU-nun Əsaslı Kitabxanasında elektron kitabxananın yaradılması işinin hal-hazırda mövcud beynəlxalq elektron nəşrlərinin oxuculara təqdim olunması formasında həyata keçirildiyini vurğulayan prorektor bildirdi ki, kitabxananın fondunda çoxlu sayda elektron materiallar mövcuddur: “Azərbaycan tibb elmi bu gun dünya səviyyəsində bir inkişaf yolundadır. Artıq 4-cü ildir ki, ATU-da elektron kitabxananın yaradılması üzrə işlər aparılır. İRBİS – 64 avtomatlaşdırılmış kitabxana proqramı çərçivəsində yaranmış elektron kitabxanaya ədəbiyyatlar yazılmış və elektron kataloqa salınmışdır. 2018-ci ildə kitabxana fondunun elektron kataloquna 2494 kitab, 2510 qəzet və 5059 jurnal daxil edilmişdir”.
R.Bəylərov çıxışının sonunda xalqımızın sağlamlığının keşiyində dayanmaq kimi humanist bir vəzifə sahibi olduqlarını heç vaxt unutmayan universitet əməkdaşlarının bundan sonra da yorulmadan səhiyyənin inkişafına, yeni tibb mütəxəssislərinin hazırlanmasına layiqincə xidmət göstərəcəklərinə əminliyini bildirdi.
Məruzə ətrafında çıxış edən Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayev, epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, Əsaslı Kitabxananın müdiri Ziyafət Eminova və tələbə-dekan Məhərrəm Alimli hesabatı qənaətbəxş qiymətləndirdilər. Elmi-tədqiqat işlərinin aparılmasında qazanılan uğurlarla yanaşı, mövcud problemlərdən də danışan natiqlər öz təkliflərini də irəli sürdülər.
Müzakirələrə yekun vuran rektor hesabat məruzəsində və çıxışlarda universitetimizdə 2018-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri, daha çox nailiyyətlər haqqında danışıldığını vurğuladı.
Problemlər üzərində xüsusilə dayanmağın vacibliyini önə çəkərək bildirdi ki, digər universitetlər kimi bizim universitetin də əsas hədəfi beynəlxalq arenaya çıxmaqdır. Bu istiqamətdə elmi işlərin aparıldığını deyən G.Gəraybəyli beynəlxalq layihələrdən yararlanmağın zəruriliyini söylədi.
Rektor son bir neçə ay ərzində universitetimizə çox cəlbedici təkliflərin gəldiyini, lakin bu təkliflərdən yararlana bilmədiklərini təəssüflə qeyd etdi: “Doktorantura xətti ilə Cənubi Koreyaya 1 il 6 aylıq və İsrailə 1 il müddətində ictimai səhiyyə və epidemiologiya ixtisasları üzrə dövlət hesabına tam ödənişsiz yerlər verilib bizə. Bütün cəhdlərimizə baxmayaraq biz bu yerlərə 1 nəfər də namizəd tapa bilməmişik. Əsas problem xarici dil bilməməklə bağlıdır. Amma istənilən halda bu qədər böyük elmi potensialı olan universitetdən əlverişli şərtlərlə ayrılan yerlərə namizədin tapılmaması ciddi narahatlıq doğurur”.
Türkiyədən konkret ixtisaslar üzrə təkliflər gəldiyini, belə təkliflərin gələcəkdə də çox olacağını şura üzvlərinin diqqətinə çatdıran G.Gəraybəyli bu problemin həlli üçün tövsiyələrini verdi. Bəzi kafedralarda elmi dərəcəsi olmayan baş laborantların sayca çoxluğuna da kəskin iradını bildirən universitet rəhbəri bu məsələni nəzarətdə saxlamağı, baş laborantların elmi fəaliyyətlərinin təhlilini aparmağı tapşırdı.
Yekun nitqində problem komissiyalarının işindəki nöqsanlara, beynəlxalq konfraslarda iştirakın zəruriliyinə, bal-reytinq attestasiyasının və Əsaslı Kitabxananın fəaliyyətinə toxunan rektor universitetdə aparılan bir neçə kadr dəyişikliyi haqqında da şura üzvlərinə məlumat verdi. Elmi sahənin daim inkişafda olduğunu vurğulayan G.Gəraybəyli hesabat və çıxışlarda səslənən digər məsəllələrə də aydınlıq gətirdi.
Sonra şura üzvləri Azərbaycan Tibb Universitetinin “Qonaq Professoru (Visiting Professor)”, türk əsilli Almaniya vətəndaşı Dr. Nevzat Doğanın bioqrafiyası və elmi fəaliyyəti ilə tanış oldular. Dr.Nevzat Doğan onu bu ada layiq görən universitet rəhbərliyinə və şura üzvlərinə təşəkkürünü bildirərək Azərbaycanla bağlı təəssüratlarını bölüşdü.
Daha sonra elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini təsdiqləyən, tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Zakir Qarayevi kafedranın məsləhətçi-professoru vəsifəsinə seçən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.