Tələbələr maket çənələr üzərində implant qoymağı öyrəndilər

Tibbin hər sahəsində olduğu kimi, ölkəmizdə stomatoloji sahədə də aparılan islahatları və nəzərəçarpacıq inkişafı izləməmək mümkün deyil. Bu inkişafdan təkcə cəmiyyətimiz deyil, eyni zamanda Azərbaycan Tibb Universitetinin tələbələri də yararlanmaqdadır. Belə ki, ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Fərman Həsənov “Dişlərin implantasiyası” mövzusunda dərs dediyi ATU-nun Satomatologiya fakültəsinin III kurs tələbələrinin təkcə nəzəri biliklərə yiyələnməsi ilə kifayətlənməyib, o, eyni zamanda onların praktiki vərdişlərinin artırılması istiqamətində də təqdirəlayiq bir addım atıbdır. Belə ki, tələbələrə öz əlləri ilə maket çənələr üzərində implantlar qoymasına şərait yaradıb.

 

 

Fərman Həsənovun bildirdiyinə görə, dişlərin implantasiyası, implantların qoyulma taktikası, işlənməsi və sair artıq bir neçə ildir ki, universitetdə dərs proqramına salınıb: “Amma əvvəlki illərdə bu sahəyə az vaxt verilirdisə, sevindirici haldır ki, bu ildən etibarən dərslərin sayı 5-ə çatdırılıb. Biz keçəcəyimiz dərslərdə çalışacağıq ki, həm də tələbələr implant qoymaq üçün ağızda ölçüləri necə götürməyi, implantları hazırlıq vəziyyətinə necə gətirməyi öyrədək.”

 

 

Dosent tələbələrin implant mövzusunu yüksək səviyyədə mənimsəmələri üçün hər cür şərait yaratdığı və materialla təmin etdiyi üçün “Goverment” firmasının rəhbəri Namiq Həsənova təşəkkürünü bildirib: “Cəmiyyətimizə yaxşı mütəxəssis hazırlamaq məqsədilə Namiq müəllimin universitetimizə təmənnasız təqdim etdiyi materiallar olduqca təqdirəlayiqdir. O, hər tələbəyə öz əlləri ilə qoymaq üçün bir implant hədiyyə edib. Hətta implantların qoyulması üçün hər cür ölçü materialları, ölçü götürdükdən sonra onun üzərini birləşdirmək məqsədilə abadmenlər də verib. Hansı ki, bu da bizə imkan verir ki, diş protezlənməsinin implant üzərində qoyulmasından protezlənməsinə qədər bütün incəlikləri keçəcəyimiz dərslər zamanı tələbələrə öyrədək”-deyən F.Həsənov bunun universitetdə ilk olduğunu vurğulayıb və belə bir şəraitdə dərslərin tədrisinin tələbələrin böyük sevincinə səbəb olduğunu qeyd edib.

 

Doğurdan da, dərs prosesi zamanı tələbələr maket çənələrdə implant qoymaq üçün böyük həvəs göstərir, bilmədiklərini F.Həsənovdan öyrənirdilər. Tələbələrin implant məsələsinə həvəslə yanaşmalarından hiss olunurdu ki, yaradılan bu şərait onların ürəyincədir.