Mayın 9-da Azərbaycan Tibb Universitetində 1979-cu ilin Müalicə-profilaktika fakültəsinin məzunlarının tədbiri keçirilib. Tədbirdə məzunlara vaxtilə dərs deyən müəllimlərdən Histologiya, embirologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Nevrologiya kafedrasının müdiri, professor Şərif Mahalov, Normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov iştirak edib.
Tədbiri giriş sözü iləÜmumi cərrahlıq kafedrasının professoru Məhəmməd Kərimov açaraq, onlara dərs deyən müəllimləri və tələbə yoldaşlarını salamlayıb. Toplantının yniversitetdəyüksək səviyyədə keçirilməsinə şərait yaratdığı üçün öz adından və tədbir iştirakçıları adından ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə dərin təşəkkürünü bildirib. Arada keçən 40 il ərzində dünyasını dəyişən müəllim və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
M.Kərimov bu tədbiri həyatlarında önəmli və əlamətdar hadisə kimi yadda qalacağını qeyd edib:” Bu tədbir mənə 1973-cü ilin sentyabrın 1-ni xatırlatdı. Mənə elə gəldi ki, auditoriya zalında sanki tədrisin haylı-küylü ilk günübaşlayıb. Bu gün o hissləri hər birimiz yaşadıq.
Qeyd edim ki, 1979-ci ilin buraxılış tədbirinin keçirilməsində bir çox təşəbbüsdə olanlar oldu. Özüm də onların sırasındayam. Bunu birgə keçirmək qərarına gəldik. Keçən 40 il ərzində yüksək elmi adlar alanlar, tibb sahəsində yüksək vəzifələrdə çalışanlar, universitetdə dərs deyənlər olub. Bu müddət ərzində uğurlarımızda olub, itkilərimiz də. Ən böyük itkilərimiz sevimli müəllimlərimiz və tələbə yoldaşlarımızı itirməyimiz olub. Mən dünyasını dəyişənlərin hamısının ruhları qarşısında baş əyirəm. Bu tədbirin keçirilməsində ən çox təşəbbüs göstərən və bu əlamətdar günü görə bilməyən Mehdi Mehdiyevin adını xüsusilə qeyd etmək istəyirəm.”
Tədbir zamanı məzunlara dərs deyən və yuxarıda adları çəkilən müəllimlər və o cümlədən Anatomiya kafedrasının professor Mübariz Allahverdiyev çıxış edib, tədbir iştirakçıları ilə bağlı öz ürək sözlərini söyləyiblərlər.
Nastolji hisslərə köklənən məzmunda məzunlar da çıxışlar edib, bu tədbirə şərait yaradanlara və təşkilatçılara təşəkkürlərini bildiriblər. Tədbir başa çatdlqdan sonra onlar Anatomiya Muzeyi ilə yaxından tanış olub, oradakı zəngin eksponatlarla bağlı məlumat əldə edib, son dövrlər universitetdə baş verən müsbət dəyişiklikləri təqdiredici hal kimi dəyərləndiriblər. 40 il ərzində həm universitetin özündə, həm də tədrisdə xeyli dəyişikliklərin nəzərə çarpdığını, dünyanın elm mərkəzləri və universitetlərlə ikitərəfli əlaqələrin yaradılmasını fəxarət hissi ilə qeyd ediblər.