Mayın 11-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında universitetin neyocərrahlıq kafedrasının yaranmasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovölkəmizdə neyrocərrahiyyə üzrə ilk dəfə olaraq keçirilən bu konfransın praktik həkimlər üçün faydalı olacağını diqqətə çatdırıb.Bildirib ki, konfransın məqsədi Azərbaycanda çalışan bütün neyrocərrahları bir yerə toplamaq, fikir mübadiləsi aparmaq və bu sahə üzrə dünyada baş verən yenilikləri bölüşməkdir.
Konfransda yerli mütəxəssislərlə yanaşı xaricdən gələn mütəxəssislərin də iştirak etdiyini söyləyən prorektor hansısa bir patologiyanın aşkar olunması, dəqiq diaqnozun qoyulması və düzgün müalicə taktikasının seçilməsində həkimlərin müştərək çalışmasının əhəmiyyətini vurğulayıb. O, qarşıya qoyulan vəzifənin yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini ifadə edərək, hörmətli rektorumuz, professor Gəray Gəraybəylinin adından konfrans iştirakçılarına bir daha uğurlar diləyib.
Təşkilat komitəsi adından Azərbaycan neyrocərrahlarını və qonaqları salamlayan neyrocərrahlıq kafedrasının müdiri, professor Sabir Etibarlı Azərbaycanda neyrocərrahlığın yaranma və inkişaf tarixi, o cümlədən kafedranın fəaliyyəti barədə ətraflı məlumat verib: “Azərbaycanda ixtisaslaşmış neyrocərrahiyyə şöbəsi açılana, yəni 1966-cı ilə qədər xəstələrə neyrocərahiyyə yardımı əsasən akademik Topçubaşovun rəhbərlik etdiyi klinikada - 2 saylı Şəhər Xəstəxanasında və müxtəlif travmatoloji şöbələrdə göstərilirdi. İxtisaslı neyrocərrahiyyə yardımının təşəbbüsçüsü nevrpatoloq, professor Surxay Axundov olmuşdur. S.Axundov 1963-cü ildə Moskvadan Bakıya qayıdaraq ATU-nun nevrologiya kafedrasına rəhbərlik etməyə başladığı ilk gündən neyrocərrahlıq xidmətinin yaranması üçün böyük işlər görmüşdür. Onun şəxsi təşəbbüsü ilə 1966-cı ilin sonunda Respublika Klinik Xəstəxanasında 50 çarpayılıq ixtisaslaşmış neyrocərrahiyyə şöbəsi açılmışdır. Neyrocərrahlıq kafedrası isə ilk dəfə 1968-ci ildə Azərbaycan Tibb Universitetinin III hospital cərrahlıq kafedrasının tərkibində yaradılmışdır. O zaman kafedra “III hospital cərrahlıq və neyrocərrahlıq” adlanırdı. Kafedraya professor Ə.Ağalarov rəhbərlik edirdi. Kafedrada Moskvadan Burdenko adına Elmi-Tədqiqat Neyrocərrahlıq İnstitutundan dəvət olunmuş tibb elmləri namizədləri A.Vəlibəyov, R.Əliyev, R.Həsənov və Polenov adına Sankt Peterburq ET neyrocərrahlıq institutundan dəvət olunmuş t.e.n.G.Əsədov işləmişlər. Kafedra M.Mirqasımov adına xəstəxanada yerləşirdi. Kafedra işçilərinin respublikada ilk dəfə təşkil olunmuş neyrocərrahlıq şöbəsinin formalaşmasında xüsusi rolu olmuşdur. 1968-1980-ci illər ərzində neyrocərrahlar tərəfindən 30-a qədər elmi məqalə və tezis çap edilmiş və 10 nəfər gənc neyrocərrah hazırlanmışdır”.
Kafedranın sonrakı inkişaf mərhələsindən də söz açan S.Etibarlı müasir neyrocərrahlığın eyni zamanda baş beyin anevrizma və insultlarının, epilepsiyasının və müxtəlif mənşəli ağrıların aradan qaldırılması üçün müvafiq əməliyyatlarla da məşğul olduğunu, hal-hazırda kafedrada 1 professor, 2 dosen, 6 assistent, 1 baş laborantın çalışdığını deyib.
Xarici ölkələrdən gələn mütəxəssislər – İngiltərədən professor Henry Marsh, Türkiyədən professorlar Nejat Akalan, Erkan Kaptanoğlu və Ukraynadan professor A.Zorin də tədbirin açılışında çıxış edərək dəvətə görə minnətdarlıqlarını bildirib, burada aparılan təcrübə mübadiləsinin neyrocərrahlıq sahəsinin inkişafına töhfə verəcəyini söyləyiblər.
Tədbirdə dünyasını dəyişmiş neyrocərrahların xatirəsi xüsusi ehtiramla anılıb, hələ də sıralarımızda olan qocaman neyrocərrahların əməyi yüksək qiymətləndirilib və onlara mükafatlar təqdim olunub.
Öz işini müzakirələrlə davam etdirən konfransda neyrocərrahlarla yanaşı, digər tibb ixtisasları üzrə mütəxəssislərinməruzələri də dinlənilib.
Konfrans öz işiini sabah Spinal əməliyyatların canlı nümayişi ilə yekunlaşdıracaq.