Ekspertlərin toplantısı keçirilib

Mayın 10-da  Azərbaycan Tibb Universitetinin II, III , IV,V,VI kursların test suallarını tərtib edən ekspertlərin toplantısı keçirilib. ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ekspertlərin hüquq və vəzifələri barədə onlara ətraflı məlumat verib. Bildirib ki, yeni yaradılmış ekspert qrupu Böyük Elmi Şuranın qərarı və rektorun əmri ilə yaradılıb: “Bilirsiniz ki, ölkə rəhbərliyi də son illər təhsildə keyfiyyət məsələsinə xüsusi diqqət yetirir. Təbii ki, qiymətləndirmə obyrektiv və şəffaf aparılarsa, təhsildə keyfiyyət də yüksək olar. Universitetdə də tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılan islahatların nəticəsi olaraq ekspert qrupu yaradılıb. Qrupa obyektivliyin və şəffaflığın qoruması məqsədilə məsuliyyətli müəllimlər cəlb olunub. Onların əsas vəzifələrindən biri də hazırladıqları test suallarının məxfiliyini qorumaqdır. Əgər məxfilik pozularsa, məsuliyyət ekspertərin üzərinə düşür”.

 

Prorektor qeyd edib ki, ekspertlər arasında Azərbaycan, ingilis, rus dillərini və predmeti mükəmməl bilənlər olmalıdır ki, hər üç dildə testləri eyni cür tərtib edə bilsinlər. Ekspertlərin həmçinin apellyasiya şikayətlərində iştirak edəcəklərini bildirən professor S.Əliyev onların üstünlüklərindən də söz açıb. Onların fəaliyyətlərinin nəticəsi olaraq sonda əməklərinin dəyərləndiriləcəyini və bal veriləcəyini vurğulayıb. Ekspertlərə  üzərlərinə düşən vəzifə və öhdəliklərə son dərəcə diqqətli olmağı tövsiyə edən prorektor işdə yol verdikləri nöqsanlara görə son aylar 2 dosent və 1 müəllimin universitetdən xaric edildiyini diqqətə çatdırıb.

 

ATU-nun Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov da öz çıxışında ekspertlərin hüquq və vəzifələrdən danışıb. Onların testləri özləri hazırlamağa, tərtib etməyə, ekspertizasını aparmağa, keyfiyyətinə nəzarət etməyə səlahiyyətli olduqlarını bildirib. Ekspertlərə testlərin hazırlanması zamanı elmi, texniki, üslub baxamdan mövcud olan qüsurların tez bir zamanda aradan qaldırılmasını və məxfiliyin qorunmasını tövsiyə edib.

 

ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev təşkil olunan ekspertlər qrupunun müsbət nəticə verəcəyinə əminliyini bildirib. O, Apellyasiya Komissiyası yaradıldığı 2017-ci ilin mayından bugünədək komissiyaya 4500-ə yaxın tələbənin şikayət etdiyini vurğulayıb:”Əgər bu qrum yaradılmasaydı, 4500 tələbə aidiyəti qrumlara, o cümlədən Təhsil və Səhiyyə Nazirliklərinə şikayət etməli olacaqdı. Amma burada əyləşən bacarıqlı, savadlı, səriştəli ekspertlərin səyi nəticəsində, şikayətlər ədalətli həllini tapdı, nəticədə yuxarı instansiyalara tələbələr tərəfindən heç bir şikayət edilmədi. Buna görə ekspertlərə təşəkkürümü bildirirəm.” Professor S.Musayev imtahan prosesi zamanı üzləşdikləri bir problemə də diqqəti çəkib.  Bəzi hallarda tələbə haqlı olsa da, kompüterin test suallarının cavabını düzgün emal etmədiyini bildirib. Səbəbini isə cavablandırmada ardıcıllığın pozulması ilə izah edib. Bu məsələdə də mütəxəssisləri diqqətli olmağa və hansısa vasitə ilə kompüterdə üzləşdikləri problemləri aradan qaldırmağı tövsiyyə edib.

 

İmtahan Mərkəzinin direktoru Ülkər Cəfərova da çıxışında özündən əvvəlki natiqlərin qeyd etdiyi kimi, testlərin hazırlanmasında yol verilən bir sıra nöqsan və qüsurlardan söhbət açıb. Tərtib olunan tetlərin məxfiliyinin qorunmasının məsuliyyətinin ekspertlərlə yanaşı, İmtahan Mərkəzinin də üzərinə düşdüyünü bildirib. Test sualların hələ də tam şəkildə İmtahan Mərkəzinə təqdim edilmədiyini diqqətə çatdıran Ü.Cəfərova ekspertləri bu məsələdə daha diqqətli olmağı, onlara üzərlərinə düşən öhdəliklərə daha məsuliyyətlə yanaşmalarını və  bir sıra lazımi tövsiyələrin edib.