Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müalicə olunması və əlilliyin azalması məsələləri ilə məşğul olur.
ATU-nun Tədris Terapevtik Klinikasında da bu istiqamətdə təlimlər təşkil edilib. ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva və Bakı Uşaq-Bərpa Mərkəzinin mütəxəssisi Təranə Seyidməmmədova tərəfindən aparılan treninqdə təlim iştirakçılarına İDİR nəzəriyyəsi, fəlsəfəsi və konsepsiyası haqqında ətraflı məlumat verilib.
İDİR sualları ilə bağlı bir yarışma oyunu ilə başlayan təlim müzakirələrlə davam edib. Dosent Nigar Sədiyeva bildirib ki, təlimin keçirilməsində əsas məqsəd uşaqların, xüsusən də 42 aya qədər olan uşaqların əqli inkişafını qiymətləndirməkdir. Belə ki, təlimə qatılan tələbə və rezidentlər, pediatrlar ətraflarında inkişaf çətinlikli uşaqlar aşkar edərlərsə, onların özlərinə, ailələrinə dəstək olmaq üçün bacarıqlara yiyələnirlər.
Təlimin gedişində beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda qəbul olunmuş qanunların uşaq hüquqlarının qorunmasına dair ayrı-ayrı müddəalarından da söhbət açılıb. Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların dövlət qayğısı ilə əhatə olunması, mövcud problemlərin həlli üçün xüsusi proqramların hazırlanması, bütün hallarda uşaqların sosial müdafiəsinin daim önə çəkilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, uşağın beyni həyatın ilk illərində çox sürətlə inkişaf etdiyindən, onun sağlamlığına və böyüməsinə nəzarətlə yanaşı, inkişafının izlənilməsi zəruridir. O da diqqətə çatdırılıb ki, inkişaf problemli uşaqların büdcə vəsaiti hesabına müalicə almaq hüquqları var və bu haqda geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac duyulur.
Təlim zamanı sağlamlığı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası üçün təkliflər səsləndirilib və fikir mübadiləsi aparılıb. İnkişaf çətinlikli uşaqlara və onların valideynlərinə müraciət edərkən etik, terminoloji ifadələrin seçilməsinin üstünlüklərinə toxunulub.
Slaydalar, rəngli şəkillər və sosial video-çarxların nümayişi ilə müşayət olunan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.