Dekabrın 19-da ATU-nun Tədris Terapevtik Klinikasında “İlin ən yaxşı tələbə elmi tədqiqtçısı” adı uğrunda Beynəlxalq müsabiqəsi keçirilib.
Açılış nitqində tədbir iştirakçılarına təşkilat komitəsi adından dərin təşəkkürünü bildirən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qeyd edib ki, TEC-in təşkil etdiyi bu tədbirlər Azərbaycan Tibb Universitetinin həyatında artıq bir ənənəyə çevrilb və hər il bayram əhval- ruhiyəsi ilə təbabətin müxtəlif bölmələri üzrə davamlı olaraq beynəlxalq konqreslər təşkil edilir. Bu il də ənənəvi olaraq “İlin ən yaxşı tələbə elmi tədqiqtçısı” adı uğrunda Beynəlxalq müsabiqəsinin keçirildiyini vurğulayan S. Əliyev Rusiyanın və Özbəkistanın müxtəlif universitetlərindən gəlmiş gənc alim, həkim və tələbənin bugünkü müsabiqədə iştirak etdiyini deyib: “Bütün bunlar onu göstərir ki, dünya tibb mütəxəssisləri təbabətin qarşısında duran bir çox problemlərin həlli yolunda birgə səylər göstərməyə hazırdılar. Müasir dövrdə elmi əməkdaşlığın formaları və metodları da müxtəlifdir. İndi dünyanın inişaf etmiş ölkələri elmin və təhsilin inkişafına çox böyük önəm verir və bu sahəyə yüksək miqdarda pullar ayırırlar. Mənə elə gəlir ki, belə konfranslar dünyanın bir çox universitetləri ilə davamlı şəkildə təşkil olunmalı və bu sahədə bir sıra təbliğat xarakterli işlər görülməlidir. Hər il olduğu kimi bu il də təşkil edilən bu möhtəşəm toplantı gələcəkdə elmi işlərlə məşğul olmaq istəyən gənc mütəxəssislərimizin geniş marağına səbəb olacaq və onların peşə karyerasında mühüm rol oynayacaq”.
Otuz ildən artıq bir dövr ərzində bu sahəyə rəhbərlik edən professor Amaliya Əyyubovanın əməyini yüksək qiymətləndirən prorektor gənc tədqiqatçıların yetişdirilməsində TEC-in sədri, dosent Müşviq Həsənovun da fəaliyyətindən razılığını bildirdi və ayrı-ayrı ölkələrdən olan tibb mütəxəssislərinin, tələbələrin bugünkü müsabiqədə iştirakını universitetimizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Sonra məruzə etmək üçün söz gənc elmi- tədqiqatçılara verilib.
ATU-nun II müalicə profilaktika fakültəsinin III kurs tələbəsi Səma Qulizadə, Stomatologiya fakültəsinin II kurs tələbəsi Mədinə Quçabəyova, Özbəkistanın Daşkənd Tibb Akademiyasının tələbələri S. Sizdikxodjaev və S. Musoev, Rusiyanın Tümen Tibb Universitetinin IV kurs tələbəsi Nurana Alieva və başqalarının apardıqları elmi- tədqiqat işlərindən bəhs edən məruzələri dinlənilib.
Müsabiqənin gedişatında münsiflər heyətinin üzvləri çıxış edərək ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar yüksək səviyyədə keçən beynəlxalq tədbirin uğurlarından söhbət açıb və təhsilimizin, səhiyyəmizin gələcəyi olan tələbələrə böyük ümid bəslədiklərini dilə gətiriblər.
TEC-in sədri, dosent Müşfiq Həsənov gedişatını diqqətdə saxladığına görə ilk növbədə universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib. Plenar iclaslarda tibbin bütün sahələrini əhatə edən çox maraqlı məruzələrin dinlənildiyini söyləyən M. Həsənov tədqiqatçı tələbələri, onların elmi rəhbərlərini təbrik edərək bütün müsabiqə iştirakçılarına, və eləcə də qonaqlara bu mötəbər tədbirə qatıldıqları üçün bir daha hörmət və ehtiramını çatdırıb.
Məlumat üçün qeyd edək ki, beynəlxalq müsabiqənin gündəliyində ümumilikdə 16 elmi iş məruzə edilib, 12 elmi işin isə poster nümayişi olunub.
Sonda qaliblər diplom və sertifikatlarla təltif ediliblər.