Dünyada yeni cərrahiyyə üsulu olan – Da Vinci Robot Cərrahiyyə üsulu azərbaycanlı həkim Anar Məmmədov tərəfindən uğurla həyata keçirilir.
Türkiyənin Acıbadəm xəstəxanasında çalışan Dr. Anar Məmmədov azərbaycanlı həkimlər arasında bir ilkə imza atıb. İllərdir Türkiyədə təcrübə keçən A.Məmmədov Acıbadəm xəstəxanasında açıq və qapalı əməliyyatları çox nadir istifadə olunan Da Vinci üsulu ilə həyata keçirir. A.Məmmədovun sözlərinə görə, bu cür üsulla laparoskopik əməliyyatları uğurla həyata keçirmək mümkündür:
"Hazırda dünya səhiyyəsində cərrahiyyə əməliyyatlar sahəsində yeni üsullar tədbiq edilir. Bu üsulun tarixçəsi də əslində çox da yaxın tarix deyil. Robot cərrahiyyəsi üsulundan ilk dəfə 1994-cü ildə ABŞ-da ürək əməliyyatlarında istifadə edilməyə başlanılmışdı. 2001-ci ildən bu günümüzə isə ən çox prostat xərçənginin əməliyyatı zamanı Da Vinci üsulundan istifadə edilir. Günümüzdə böyrək, sidik kisəsi, qadın xəstəlikləri, ümumi cərrahiyyə, döş xərçəngi, urologiyaya aid əməliyyatlarda bu üsuldan istifadə edilir. Da Vinçi metodu əslində son illər xərçəng xəstəliyindən əziyyət çəkən insanlar üzərində keçirilən əməliyyatlarda böyük ölçüdə uğur əldə etməyə köməklik etmişdir”.
Cərrahın sözlərinə görə, Da Vinçi robotlarının 3 təməl özəlliyi var ki, bu da günümüzdəki ağır əməliyyatlarda cərrahlar üçün çox böyük yardımçı rolunu oynayır:
"Bunlardan ilki görüntülənmə sistemidir. Belə ki, robot əməliyyatında görüntülənmə robotun özü tərəfindən həyata keçirildiyi üçün hansısa titrəyiş mövcud olmur. Nəticə etibari ilə əməliyyat bölgəsi açıq şəkildə görünür və əməliyyatın nəzarəti robotun üzərində olur. Bundan başqa əməliyyat ediləcək bölgəni daha çox böyütmək və kiçiltmək mümkündür ki, bu da əməliyyatın tam yerinə yetirilməsinə gətirib çıxardır. Əməliyyat zamanı həkim xəstəyə toxunmur. Həkimin nəzarətində olan yalnız əməliyyat masasının kənarındakı kompüterdir. Buradakı idarətmə həkimə robotun qollarını hərəkətə gətirməkdən tutmuş, bütün imkanları qüsursuz şəkildə verir. Robot cərrahiyyəsinin bir digər üstünlüyü də insan əlində olmayan özəlliklərdir. Əməliyyat zamanı robotun əlləri 540 dərəcəyə qədər dönə bilir. Hansısa bir müdaxilə zamanı insan əli bunu etmək imkanından məhrumdur. Ancaq Da Vinci üsulu cərrahlara bu imkanı sonuna kimi təqdim edir”.
A.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda bu robotlardan istifadə edilmir: "Təəssüflər olsun ki, yeni cərrahiyyə üsulları arasında ölkəmizdə Da Vinci üsulundan istifadə edilmir. Mən isə bu əməliyyatları Türkiyədə - Acıbadəm xəstəxanasında həyata keçirirəm. Yaxşı olardı ki, ölkəmizdə çalışan həkimlərimiz də bu üsulu mənimsəsinlər və yerli xəstələr üzərində tətbiq etsinlər”.