“Yeni Nəsil Antipsixotiklərin Rasional İstifadəsi” mövzusunda mühazirə

Yanvarın 30-da Farmakologiya kafedrasında “Yeni Nəsil Antipsixotiklərin Rasional İstifadəsi” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan kafedranın müdiri, professor Musa Qəniyev qeyd edib ki, biz adətən semestrlər ərzində fasilələr yarananda, yəni yanvar və iyun ayında  dərslər qurtarandan sonra elmi-praktik seminarlar keçiririk. Tədris prosesinin yaxşılaşdırılması üçün nəzərdə tutulan bu seminarlarda növbəti tədris rübündə keçiriləcək dərslərin ayrı-ayrılıqda müzakirəsini aparırıq: “Əsas məqsədimiz yenilikləri ora əlavə etmək, tələbələrin həmin dərsləri daha rahat qavramasının yollarını müəyyənləşdirməkdir. Yəni bu, sırf metodik məqsəd daşıyır. Farmakologiya tibbin baza fənnidir, elə bir elm sahəsidir ki, hər gün yeniləşir. İstəyirik ki, bu yeniliklər barədə müəllimlərimiz məlumatlı olsunlar. Ancaq 2019-2020-ci tədris ilinin payız semestrində tədris yükü həddindən artıq çox olduğundan müəllimlərimizdə böyük yorğunluq vardı. Ona görə də belə qərara gəldik ki, bu tədris rübünün sonunda müəllimlərə 1-2 həftəlik istirahət verək, yəni elmi-praktik seminarın formatını dəyişərək kliniki kafedralarımızda olan seçilmiş mütəxəssislərin məruzəsini dinləyək. Hazırda ruhi xəstəliklərin həddindən artıq çoxluğunu, dünya əhalisinin üçdə birinin psixotrop dərmanlar qəbul etdiyini nəzərə alaraq ilk növbədə psixiatrlardan birini dəvət etmək qərarına gəldik.  Müəllimlərimizlə məsləhətləşib insanlara münasibəti, elmi potensialı ilə seçilən, yüksək ixtisaslı mütəxəssis kimi xalqa xidməti hər hansı vəzifədən üstün tutan Dr. İkram Rüstəmovun üzərində dayandıq. Çox sağ olsun, vaxtının məhdudluğuna baxmayaraq  dəvətimizi qəbul etdi. Ümidvaram ki, yeniliklərlə zəngin maraqlı bir məruzə dinləyəcəyik”.

ATU-nun Psixiatriya kafedrasının assistenti, t.ü.f.d., uşaq və yeniyetmə psixiatrı Dr. İkram Rüstəmov  dəvətə görə təşəkkürünü bildirərək farmakoloqlara dərmanlardan danışmağın böyük cəsarət tələb etdiyini, amma interaktiv bir müzakirə olarsa, hər iki tərəfin kifayət qədər faydalanacağını deyib.

Antipsixotiklərin qısa tarixçəsini diqqətə çatdıran İ.Rüstəmov xəstələrin müalicəsindən əvvəl müəyən araşdırmaların aparılmasının vacibliyinə toxunub.  

Xəstə və yaxınlarının müalicədən gözlədiyi nəticələrin tibbi ehtiyaca uyğunluğu, xəstənin sosial və ailə mühitinin bu müalicəyə necə təsir göstərməsi, valideyn və ya yaxınlarının müalicəyə nəzarət edə bilməsi  barədə cəmiyyətdə aktual olan suallara aydınlıq gətirib. Eyni zamanda əlavə müalicələrə ehtiyac olub-olmaması, xəstənin müalicəyə necə yanaşması, müalicənin xəstənin sosial və akademik həyatına necə təsir göstərəcəyinə, tətbiq edilən dərmanın təsir və əks təsirlərinin tam nəzərə alınmasına dair fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb.

 

İkinci nəsil AR-lər olan Aripiprazol, Risperidon, Kvetiapin, Olanzapin, Ziprasidon, Sertindol, Asenapin, İloperidon, Lurasidon, Brekspiprazol, Kariprazin, Paliperidon və Klozapin haqqında məlumat verən məruzəçi həmin preparatların farmodinamikasından da söhbət açıb: “Əzələdaxili inyeksiyada bioyararlanma yüksəkdir. Yüksək lipofilik, zülala bağlanan xüsusiyyətə malikdir. Beyində, ağciyərdə, süddə və digər toxumalarda yığıla bilər. Oral alınmadan 2-4 saat,  inyeksiyadan isə 15-30 dəqiqə sonra serumda müşahidə edilir. Antipsixotiklər yağda tez həll olur, qan-beyin baryerini sürətlə keçir, kök insanlarda yığıla bilir. Plazma zülallarına bağlanmağa meyillidir, beyin konsentrasiyası serumun 10 qatı ola bilər”.

Dr.İkram Rüstəmov onu da vurğulayıb ki, bütün AP-lər QC-də Sitoxrom P450 (CYP) fermenti vasitəsi ilə metabolizə olunur. Siqaret CYP fermentini aktivləşdirərək AP-lərin metabolizmasını sürətləndirir. Mütəxəssisin sözlərinə görə, davranış pozuntularında partlayıcı tərzdə aqressivlik, inkişaf pozuntularında agitasiya və zərər verən davranış problemləri, şizofreniya, erkən dövr psixotik depressiya, üzvi mental pozuntuların psixotik simptomları və KBT sonrası davranış problemləri kliniki göstəriş üçün əsasdır: “Müalicədən əvvəl tam fiziki müayinə (müalicə başlanmazdan 6-12 ay əvvələ qədər) və tam anamnez aparılmalıdır.

Xəstədə və ailəsində metabolik xəstəlik varsa, AQŞ, xolesterin və lipid panelinin yoxlanılması, çəkinin və BKİ-nin ölçülməsi vacibdir. Nevrolojik müayinə və EPS başda olmaqla hərəkət pozuntularına xüsusi diqqət yetirilməlidir. Yəni çəki hər ay,  BKİ 4-6 ay, hərəkət pozuntuları isə6-12 ay müddətində mütləq yoxlanılmalıdır”.

AP-lərə aid preparatların ayrı-ayrı xüsusiyyətlərindən,  fərqli dozalarla tətbiqindən danışan psixiator bildirib ki, Risperidon 15 yaşaltı uşaqlarda 0.25 mg/gün doza ilə başlayıb, 3-7 gün ara ilə titrasiya edilməlidir. 16 yaşüstü gənclərdə 0.5-1.0 mg/gün doza ilə başlana bilər. Az dozada başlayıb, yavaşca yüksəltmək məsləhətdir.

Olanzapin, Kvetiapin fumarat, Ziprasidon , Klozapin, Amisulprid və digər preparatlarının müsbət və əks təsirləri barədə də seminar iştirakçılarını məlumatlandıran İ.Rüstəmov qeyd edib ki, ikili təsir mexanizminə sahib olmaq bütün AP-lər içində ancaq Aripiprazola məxsusdur.  O, ilk dəfə diaqnoz alıb, heç bir AP müalicəsi almamış, digər AP-nin “düşmədiyi” və s. xəstələrdə daha yüksək effekt gözlənildiyini söyləyib.

İnteraktiv şəraitdə keçən elmi-praktiki seminarda farmakoloqların çoxsaylı sualları cavablandırılıb.