Böyük elmi şurada

Yanvarın 30-da keçirilən Böyük Elmi Şuranın növbəti iclasını açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk öncə İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinskini 80 illik yubileyi və Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə təbrik etdi, ona bundan sonrakı  fəaliyyətində uğurlar dilədi. Bundan sonra yubileyləri qeyd olunan Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevi və II cərrahi xəstəliklər kafedrasının müdiri, professor Rauf Ağayevi də təbrik etdi. Həmçinin  bu günlərdə universitetin ümumi işlər üzrə prorektoru Natiq Xəlilovun Səhiyyə Nazirliyinə işə götürüldüyünü deyən rektor onun yerinə təyin olunan Tahir Vəliyevi şura üzvlə­rinə təqdim etdi.  

 

Sonra gündəlikdə duran məsələlər diqqətə çatdırıldı. “Azərbaycan Tibb Universitetində 2019-cu il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun hesabatı dinlənildi.

 

 

Prezident İlham Əliyev tərəfindən “Təbii resursların insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirilən siyasətin  təhsil sisteminin bütün pillərinin  yeniləşməsinə və inkişafına təkan verdiyini söyləyən məruzəçi dedi ki, bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanması təhsilin  və elmin qarşısında duran mühüm vəzifələrdən biridir: “Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Yoluxucu xəstəliklər kafedrasının professoru N.Hüseynova və İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti A.Məmmədova  «Əməkdar müəllim»,  Patoloji anatomiya kafedrasının müdiri, professor Ə.Həsənov, II uşaq xəstəlikləri kafedrasının dosentləri S.Ələsgərova və T.Tağı-zadə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Facebookda regionun ən böyük təhsil səhifəsi olan “Azərbaycan Universitetləri” tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti” sosial  sorğusunun qalibi universitetimiz olub. Sorğu 3 kriteriya üzrə aparılıb - akademik göstəricilər, qəbul nəticələri və sosial mediada olan aktivlik. Universitetin rektoru, professor G.Gəraybəyli tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə “Tələbələrin dostu” sosial mükafatına layiq görülmüşdür.

 

Tibb kadrlarının hazırlanmasında göstərdikləri yüksək xidmətlərinə görə Psixiatriya kafedrasının müdiri, professor G. Gəraybəyli, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru R. Əsgərov, Biofiziki və bioüzvi kimya kafedrasının müdiri, akademik D.Tağıyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunublar. Akademik D.Tağıyev elmin inkişafında xidmətlərinə görə  “Şöhrət” ordeninə də layiq görülüb.

 

2019-cu ildə İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor V.Şadlinski “Neurology and Neyroscience Reports” adlı nüfuzlu beynəlxalq elmi jurnalın baş redaktorunun müavini təyin edilmişdir.

 

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimi S.Şadlinskaya “World Research Council” (Ümumdünya Tədqiqat Şurası) tərəfindən “Best Scientist in Human Anatomy“ (İnsan anatomiyası üzrə ən yaxşı alim) adına və həmin təşkilatın medalına layiq görülmüşdür.

 

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, professor Ə.Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

 

Bu il İslam Əməkdaşlıq Təşkilatı  tərəfindən  “Ramia” mükafatına Azərbaycan qadınlarından ilk dəfə  Allerqologiya və immunologiya kafedrasının müdiri, professor L.Allahverdiyeva layiq görülüb.

 

Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor  M.Vəliyeva  2019-cu ildə Avropa Təbiət­şünaslıq Akademiyasının “İlin adamı” diplomu ilə mükafatlandırılıb və həmin Akademiyanın “Fəxri professoru” seçilib.

 

Qidalanma və kommunal gigiyena kafedrasının professoru M.Qasımov tibb sahəsində xidmətlərinə görə Turan Elmlər Akademiyasının akademiki,  II cərrahi xəstəliklər kafedrasının müdiri, professor R.Ağayev isə Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Assosiasiyasının sədri seçilmişlər.

 

“Təbib” qəzetinin baş redaktoru E.İsmayıl ədə­biy­yatımızın tanınmış simalarından biri kimi Avrasiya Senet, Kültür, Edebiyyat və Bilim Federasiyasının  İstanbul toplantısında təsis etdiyi “Türk dünyası yaşayan kültür degeri” mükafatına layiq görülüb.

 

Azərbaycan Nefroloqlar Cəmiyyəti Avropa Nefroloji Dərnəyinin rəsmi üzvü statusunu qazanıb. I daxili xəstəliklər kafedrasının həkim-kardioloqu Y.Rüstəmova Beynəlxalq Gənc Kardiologiya Akademiyasının vitse-prezidenti seçilib”.

 

Sözunə davam edən R.Bəylərov  kadr  potensialına da toxundu: “2020-ci il yanvar ayının əvvəlinə olan məlumata əsasən ATU- da çalışan 1300 nəfərin 1100-ü professor-müəllim heyətidir. Onlardan 4-ü Rusiya Tibb Elmlər Akademiyasının akademiki, 1-i müxbir üzvü, 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 7-si müxbir üzvü, 4-ü Dövlət Mükafatı Laureatı, 26-si əməkdar elm xadimi, 45-i əməkdar həkim, 41-i əməkdar müəllim, 2-si əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-si fəxri bədən tərbiyəsi və idman işçisi, 1-i əməkdar jurnalist, 183-ü elmlər doktoru, 823-ü fəlsəfə doktoru, 143-ü professor, 369-u isə dosentdir”.

 

2019-cu ildə ATU-da “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 61 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdıran prorektor 4 mövzunun tamamlandığını, 57 mövzu üzrə elmi işin isə davam etdiyini dedi.

 

R.Bəylərov onu da bildirdi ki, 2019-cu ildə universitetin Onkologiya, I Cərrahi xəstəliklər, Ümumi cərrahiyyə, I Mamalıq-ginekologiya, I Daxili xəstəliklər, Şüa diaqnostikası və terapiyası, Patoloji anatomiya, Histologiya, embriologiya və sitologiya, Biokimya, Normal fiziologiya, Tibbi mikrobiologiya və immunologiya, Ağız və üz-çənə cərrahiyyəsi kafedralarının əməkdaşları və Elmi-Tədqiqat Mərkəzi Prezident yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi-tədqiqat proqramlarının, AR İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və beynəlxalq layihələr üzrə iş aparıblar. 

 

ATU-nun beynəlxalq əlaqələrinin də günün tələbləri səviyyəsində qurulduğunu diqqətə çatdıran R.Bəylərov hazırda bu təhsil ocağının dünyanın 89-a yaxın nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra universitetlərlə fəal tələbə və mütəxəssis mübadiləsi apardığını söylədi.             

 

Məruzəçi 2019-cu  ildə elmi-tədqiqat işlərinin nəticələrinin 10 monoqrafiya və kitabda (biri xaricdə), 21 dərslikdə, 31 dərs vəsaitində, 5 kitabça və sorğu ədəbiyyatında, 10 elmi əsərlər məcmuəsində, 1645 elmi işdə (601 elmi iş xaricdə, 1632 elmi iş respublikada), 39 metodik tövsiyədə, 9 Avrasiya patentində, 1 respublikamızın patentində öz əksini tapdığını bildirdi. 

 

R.Bəylərov 2012-ci ildən etibarən Mövlana mübadilə proqramı üzrə Türkiyənin 17 universiteti ilə müqavilə imzalandığını diqqətə çatdırdı: “Mübadilə proqramına dair aparılan sorğu nəticəsində həm qəbul edən universitet, həm də qonaq gələn alimlər bu təcrübəni yüksək qiymətləndirmiş, hər 2 tərəf üçün faydalı olmuş, gələcəkdə də bu təcrübənin davam etdirilməsi və  tələbə mübadiləsi istiqamətində işlərin aparılması nəzərdə tutulmuşdur.

 

2019-cu ilin  oktyabın 4-də  ATU və Milli Erasmus+  ofisinin birgə təşkilatçılığı ilə “Erasmus  proqramı üzrə məlumatlandırma günü” çərçivəsində ATU-nun professor-müəllim heyətinə “Horizon 2020 - əməkdaşlıq üçün imkanlar” adı altında təqdimat keçirilmişdir. Tədbirin məqsədi Erasmus proqramının Azərbaycan Universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar və qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırmaqdır. Hesabat ilində türkdilli dövlətlərin əməkdaşlıq şurasının nümayəndə heyəti ATU-da qonaq olmuş və Erasmus Mundus, Mövlana mübadilə proqramları və  onların icrası ilə bağlı mövcud durum haqqında müzakirə aparmışdır.”

 

Azərbaycan tibb elminin müasir dünya tibb elminə inteqrasiyasında universitetimizin alimlə­rinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunduğunu da deyən natiq keçirilən konfrans və simpoziumların mühüm əhəmiyyət kəsb etdiyini dedi. Onun  sözlərinə görə, 2019-cu ildə xarici ölkələrdə keçirilən 189 müxtəlif elmi konfrans, konqres və simpoziumlarda ATU-nun 270 əməkdaşı iştirak etmişdir ki, bu da respublikanın beynəlxalq miqyasda artan nüfuzunun nəticəsidir

 

İxtisaslı kadrların hazırlanmasında tələbə elmi işlərinin çox mühüm əhəmiyyət daşıdığını söyləyən prorektor ATU-nun 90-illik yubileyi çərçivəsində silsilə tədbirlərin planlaşdırıldığını, gənc alimlər və Tələbə Elmi Cəmiyyətinin VI Beynəlxalq Tibb Konqresinə hazırlıq işlərinin aparıldığını da bildirdi.

 

Əsaslı Kitabxananın fəaliyyətinə də toxunan prorektor dedi ki, artıq 4 ildir ki, elektron kitabxananın yaradılması üzrə işlər aparılır. İRBİS – 64  avtomatlaşdırılmış kitabxana proqramı çərçivəsində yaranmış elektron kitabxanaya ədəbiyyatlar yazılmış və elektron kataloqa salınmışdır. ” 2019-cu ildə kitabxana fondunun elektron kataloquna 1500 kitab, 4092 qəzet və jurnal məqaləsi daxil edilmişdir.”

 

Məruzə ətrafında çıxış edən professorlar Nuru Bayramov, Qalib Qarayev, Çingiz Rəhimov və Ədalət Həsənov hesabatı qənaətbəxş qiymətləndirdilər. Onlar universitetin elmi istiqamətdəki uğurları ilə yanaşı, mövcud problemlərdən də söhbət açdılar. Natiqlər bu problemlərin  həll edilməsi üçün öz təklif və rəylərini dilə gətirdilər.

 

Müzakirələri yekunlaşdıran rektor əsas diqqəti dissertasiya işlərinə yönəltdi: “Biz öz elmi işlərimizi praktiki səhiyyəyə yönəltməliyik. Yeni texnologiyanın tətbiqi dissertantın  elmi işində də öz əksini tapmalıdır. Təəssüf edirəm ki, müdafiə olunan dissertasiyaların bir qədəri praktiki səhiyyə yönümlü olmamasıdır. Hesabatlar göstərir ki, elmi işlərin həm sayı, həm dərəcəsi yüksəkdir. Bu, hamını sevindirir. Amma yenə deyirəm, biz keyfiyyət haqqında düşünməliyik. Hər bir xarici tələbə bizim universiteti seçəndə o bizim özümüzü tərifləyən çıxışları yox, universitetimizin dünyada neçənci yerdə olmasını və universitetlər üçün təsdiq olunmuş beynəlxalq kriteriyaları əsas götürür. Ona görə də  keyfiyyətin yaxşılaşdırılması istiqamətində çalışmalıyıq  ki, reytinqimizi yüksəldə bilək.”

 

Konfranslara da münasibət bildirən  professor G.Gəraybəyli  bu sahədəki problemlər üzərində xüsusi dayandı: “Çox sevindirici haldır ki, bizim klinikalarda hər gün hansısa konfrans, seminar və ya tədbir keçirilir. Bu bir tərəfdən fərəhləndirici hal olsa da, amma onların bəziləri formal xarakter daşıyır. Çünki bu keçirilən konfranslarda bir kreditlər məqamı da var. Mən bu barədə hörmətli nazirimizlə də danışmışam. Əməkdaş bir günlük konfransda iştirak edir, lakin ona  13 kredit verilib. Yaxşı, o konfransda necə iştirak edib ki, bu qədər kredit verilib. Bəzən hansısa kommersiya şirkətləri və yaxud firmaların keçirdikəri konfranslarda bizim universitetin adını təşkilatçı kimi göstərməklə hansı məqsədi güdürlər. Mən bu cür keçirilən 3 konfransı ləğv etmişəm. Kommersiya məqsədləri üçün universitetimizin adından istifadə edilən belə konfranslarda diqqətli olun. Bizim əvvəllər səsləndirdiyimiz təkliflər hələ də sözdə qalır. Əməkdaşlarımız beynəlxalq elmi konfranslarda iştirak edirlər.  Bu məsələ yadınızdadırsa, Problem Komissiyasında da müzakirə olunmuşdu. Hesab edirəm ki, bu məsələni ciddiləşdirmək lazımdır. Əgər kim ərizə ilə müraciət edib, hər hansı konfransa gedibsə, qayıdanda zəhmət çəkib elmi hissəyə 3-4 dəqiqəlik informasiya versin”.

 

Bundan başqa elektron kitabxananın yaradılmasının vacib məsələlərdən biri olduğunu vurğulayan universitetin rəhbəri Tələbə Elmi Cəmiyyətinin indiki vəziyyətindən, dissertasiyaların müasir tələblərə uyğun yazılmasından, doktarantura mərhələsinin nəticələrindən və müdafiə şurasında mövcud olan problemlərdən də bəhs etdi. Rektor bu sahənin təkmilləşdirilməsinə ehtiyac olan  çatışmazlıqların gələcəkdə öz həllini tapacağını söylədi.

 

Çıxışında müxtəlif məsələlərə də toxunan professor G.Gəraybəyli bildirdi ki, bu günlərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin toplantısında Travmatologiya və Neyrocərrahiyyə kafedralarında əməkdaşların işə davamiyyətinə düzgün nəzarət edilməsi, əmək funksiyasının keyfiyyətsiz yerinə yetirilməsi, həmçinin tədrisin təşkilində nöqsanlara yol verilməsi,  eləcə də əmək  intizamının pozulması haqqında məsələlər müzakirə olunub və həmin kafedraların rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Yaranmış vəziyyət geniş müzakirə edildikdən sonra hər iki kafedranın müdiri öz ərizələri əsasında tutduqları vəzifədən azad olunublar. 

 

Sonda dissertasiya işlərini  təsdiqləyən  Böyük Elmi Şura  müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırdı.