Seminarı ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov açaraq Tibb Universitetinin beynəlxalq əlaqələrinin günü-gündən artdığını və bu əlaqələrin artan sürətlə inkişaf etdiyini bildirib: “Əlaqələrimizin inkişafı özünü bir sıra sahələrdə büruzə verir. Təbii ki, xarici ölkələrin qabaqcıl universitetlərində çalışan nüfuzlu alimlərin universitetimizə təşrif buyurması, onların bizim mütəxəssislər qarşısında öz elmi yenilikləri ilə çıxış etməsi olduqca təqdir olunan haldır. Bu, universitetimizin elmi potensialının daha da güclənməsinə kömək edir və gələcəkdə ikitərəfli yeni elmi-tədqiqatların başlanğıcını yol açır”.
M.Orucov ATU-nun qonağını - İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetin (Ukrayna) və Lublin Katolik Universitetinin (Polşa) professoru Taras Kavetski universitet rəhbərliyi adından salamladıqdan sonra sözü Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rövşən Xəlilova verib.
Professor R.Xəlilov professor Taras Kavetski barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, 7 ilə yaxındırkı onunla birgə elmi-tədqiat işləri aparır. İki dövlətin - Polaşa və Ukraynanın universitetlərində çalışır və laboratoriyalarında elmi-tədqiqat işləri aparır. Qonağın materiyanın canlı və cansız aləmini tədqiq edən pozitron annihilyasiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olduğunu qeyd edib. Almaniyada, Çində, Slovakiyada və dünyanın bir sıra nüfuzlu laboratariyalarda elmi-tədqiqat işləri apardığını vurğulayıb.
Sonra professor T.Kavetski “Laktat əsaslı amperometrik biosensorların təkmilləşdirilməsi üçün yeni polimer matrisalar və nanodaşıyıcılar” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışı zamanı həmçinin nanotexnologiyalar, müasir nanosistemlərin ayrı-ayrı saəhələrdə və o cümlədən tibb sahəsində uğurla tətbiqi ilə bağlı iştirakçılara geniş məlumat verib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallara məruzəçi ətraflı cavab veribdir.