Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) anım tədbiri baş tutub.
Tədbirdə giriş sözü ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli Xocalını XX əsrin və Azərbaycan xalqının tarixindəki ən böyük faciə, misli görünməmiş cinayət kimi qiymətləndirdi: “XX əsrin sonları Azərbaycan xalqının tarixində bir-birindən ağır olaylar, sınaqlarla dolu günlərlə yadda qalıb. Həmin dövrdə müstəqillik uğrunda mübarizəyə qalxan xalqımız 20 Yanvar və Xocalı faciələrini yaşamalı oldu. Bu hadisələrə dərindən nəzər yetirdikdə, onların eyni ssenari əsasında həyata keçirildiyini demək olar. Dinc əhaliyə qarşı, əliyalın insanlara, uşaqlara, yaşlılara qarşı ağır silahlardan istifadə olunması, vəhşiliklərin törədilməsi, onlara sözün əsl mənasında divan tutulması... Belə nəticə çıxarmaq olar ki, bu hadisələrin məqsədi Azərbaycan xalqının iradəsini və azadlıq meyllərini sındırmaq idi”.
Xocalı soyqırımının bütün dünyada tanıdılması, hadisəyə hüquqi qiymət verilməsi üçün Azərbaycan dövlətinin zəruri tədbirlər gördüyünü bildirən rektor G.Gəraybəyli qeyd etdi ki, soyqırımı törədənlərin cəzalandırılacağı gün yaxındadır.
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Xocalı sakini Mübariz Allahverdiyev soyqırım zamanı ailəsinin başına gələnlərdən danışdı. O, əliyalın insanların göstərdiyi şücaətlərdən söz açdı. Bildirdi ki, Xocalının vətənpərvər, qürurlu, yenilməz, əyilməz qəhrəman övladları haqqında hələ yazılmamış çox məqamlar var.
Xocalı hadisəsinin digər şahidi - ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalova da həmin gecə baş verənlərdən danışdı. O, Xocalı soyqırımının miqyasına görə bəşər tarixində ən ağır etnik təmizləmə aktı olduğunu vurğuladı.
Universitetin I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Aysun Məmmədli isə Xocalı faciəsinin tanıdılması, soyqırım qurbanlarının hüquqlarının müdafiəsi üçün gənclərin görə biləcəyi işlərdən söz açdı.
Toplantıda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirildi.