Əsaslı Kitabxanada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Əsaslı Kitabxananın direktoru, t.ü.f. doktoru Ziyafət Eminova ermənilərin zaman-zaman torpaqlarımız hesabına özlərinə erməni dövləti yaratdıqlarını, o cümlədən tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı ağır soyqırımlar törətdiyini bildirib və onların etdiyi Xocalı qətliamını XX əsrin ən böyük faciəsi adlandırıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror dəstələrinin və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşaq, 106 qadının öldürüldüyünü, 8 ailənin bütünlüklə məhv edildiyini xatırladıb. Mərhum jurnalist Çingiz Mustafayevin həyatını təhlükəyə ataraq çəkdiyi kadrların bütün dünyaya yayılmasına, BMT kimi mötəbər bir təşkilatın 4 qətnamə qəbul etməsinə baxmayaraq beynəlxalq ictimaiyyətin Ermənistana hələ də güclü təzyiq göstərmədiyini təəssüflə qeyd edib. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında zəruri addımların atıldığını, cinəyətkarların öz layiqli cəzasını alacağını, Azərbaycan xalqının bu ümidlə yaşadığını bildirib.

 

İctimai fənlər  kafedrasının professoru Fəxrəddin Məmmədov və həmin kafedranın dosenti Yavər Vəliyev Xocalı soyqırımının insanlığa sığmayan əsil səbəbləri, acı nəticələri və beynəlxalq aləmdə tanınması üçün Azərbaycan rəhbərliyi və xalqının gördüyü  işlərdən danışıblar. Natiqlər vurğulayıblar ki, bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

Bundan başqa Əsaslı Kitabxananın əməkdaşı Gülnarə Qarayeva Xocalı soyqırımından bəhs edən şeirini də iştirakçıların nəzərinə çatdırıb.

Sonda tədbir iştirakçıları Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən Qubadlıdan olan tanınmış rəssam Şirin Cəfərovun Əsaslı kitabxananın foyesində təşkil etdiyi sərgi ilə tanış olublar. Sərgidə rəssamın əsasən karikatura janrında ərsəyə gətirdiyi bir sıra rəsm əsərləri nümayiş olunub. Otuzdan çox əsərin yer aldığı sərgidə müəllif ermənilərin güclülər qarşısında qorxaqlığını, gücsüzlər qarşısında qəddarlığını bu şəkillərin dili ilə açıb göstərir. Onların əsil simasına və xarakterinə yaxından bələd olan rəssam ermənin heç bir millətə xas olmayan iki üzlü, riyakar, azğın, vəhşi və zalım xislətini, bu əsərlər vasitəsilə dünyaya ictimaiyyətinə çatdırır.

Qeyd edək ki, tanınmış Azərbaycan rəssamı Şirin Cəfərovun bu silsilədən olan əsərləri indiyədək dünyanın bir çox ölkələrində nümayiş olunub.