İmtahan sessiyasının yekunları müzakirə olunub

İmtahan sessiyasının yekunları müzakirə olunub

 

Fevralın 25-də Böyük Elmi Şuranın növbəti iclasını açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli öncə Biofiziki və bioüzvi kimya kafedrasının müdiri, akademik Dilqəm Tağıyevi yubiley yaşı münasibətilə təbrik edib. Bundan sonra gündəlikdə duran məsələləri diqqətə çatdıraraq “Azərbaycan Tibb Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” mövzusunda hesabat məruzəsi ilə çıxış etmək üçün sözü tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verib.

 

Cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabət qabiliyyətli kadrların hazırlanmasını ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi səciyyələndirən prorektor son illərdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atıldığını söyləyib.

 

Ümummilli lider Heydər Əliyevin “təhsil millətin gələcəyidir” və  ölkə başçısı cənab İlham Əliyevin “...təhsil sahəsi daim islahat tələb edən sahədir” tezislərini xatırladan məruzəçi keçid dövrünü yaşayan ölkələrdəki təhsil problemlərinin inkişaf etmiş ölkələrdəki təhsil problemlərindən tam fərqləndiyini də deyib: “Bunun bir çox səbəbi var. Əsas səbəb bu ölkələrdəki insan kapitalının  zəifliyi və təhsilə qoyulan investisiyaların az olmasıdır. Əslində ən böyük investisiya imkanı təhsil sistemindədir. Bu sektora qoyulan hər bir dollar on qat geri qayıdır”.

 

S.Əliyev bildirib ki, məhz bu nöqteyi-nəzərdən 2019/2020-ci tədris ilinin payız semestrində istər universitet rəhbərliyi, tədris hissəsi, istərsə də dekanlıqlar və kafedraların əsas məqsədi il boyu tədrisin və tədris-metodik işin keyfiyyətini yaxşılaşdırmaq, nəinki ölkəmizdə, hətta dünyanın inkişaf etmiş ölkələrində belə rezidentura və mağistraturada təhsilini davam etdirə biləcək, praktik sahədə fəaliyyət göstərəcək gənc həkim, hərbi həkim, əczaçı və hərbi feldşer kadrları hazırlamaqdır.

 

Universitetimizdə Ali təhsilli tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının yaradıldığını, həmin ixtisasların Nazirlər Kabinetinin müvafiq qərarı ilə IV qrup üzrə siyahıya əlavə edildiyini şura üzvlərinin diqqətinə çatdıran prorektor qeyd edib ki, həmçinin, iki magistratura ixtisası üzrə də qəbul planlaşdırılır: “Bakalavr səviyyəsi üzrə olan Ali təhsilli tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının hər birinə 30 nəfər, magistratura səviyyəsi üzrə olan ixtisaslara isə 15 nəfər olmaqla 2020/2021-ci tədris ilindən qəbul aparılacaqdır”.

 

O da vurğulanıb ki, hesabat dövründə universitetin ayrı-ayrı kafedralarında tədrisin təşkili, onun müasir tədris-metodik vəsaitlərlə təmini, dərslərin tədris plan və proqramlarına uyğun aparilması dekanlıqların və tədris hissəsinin cari işinin əsasını təşkil etmişdir.

 

Tədris prosesində tətbiq olunan yenilikləri də şərh edən məruzəçinin sözlərinə görə, universitetin rektoru, professor G.Gəraybəyli ilə görüş zamanı tələbələr keçən tədris ilindən başlayaraq I və II kurslarda komputer  vasitəsilə aralıq sorğunun aparılmasından razı qaldıqlarını bildiriblər. Çünki komputerlərlə aparılan imtahanlar obyektivliyi, şəffaflığı, ədalətli olması, tələbələr üçün bərabər şəraitin yaradılması, subyektiv təsirlərin aradan qaldırılması, ictimai rəyin müsbət istiqamətdə dəyişməsi ilə fərqlənir. Amma bütün üstünlüklərinə baxmayaraq, test üsulunun yenidən təkmilləşdirilməsinə böyük ehtiyac duyulur.

 

Hesabat məruzəsində imtahan sessiyasınının nəticələri də öz əksini tapıb. 5916 nəfər tələbənin sessiyanı müvəffəqiyyətlə başa vurduğu bildirilib: “Onlardan 1097 nəfər (17,4%) sessiyanı “əla” qiymətlərlə, 2748 nəfər (43,7%) “əla” və “yaxşı” qiymətlərlə, 2071 nəfər (33.1%) qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə 362 nəfər (0.1%) tələbənin akademik borcu (F) qalıb. Onlardan 275 nəfərin yalnız 1 fəndən, 68 nəfərin 2 fəndən, 19 nəfərin isə 3 fəndən akademik borcu qalmışdır.

 

Universitet üzrə mütləq mənimsəmə göstəricisi 94.1% (keçən il 91,4%), keyfiyyət göstəricisi 61.2% (keçən il 54,1) olub.

 

Kurslar üzrə ümumi rəqəmlərə fikir versək, qeyd etmək lazımdır ki, ilkin mənimsəmə və keyfiyyət göstəricisi V və VI kurslarda daha yaxşıdır”.

 

S.Əliyev cari tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin ilkin araşdırılması zamanı xüsusi diqqət çəkən məqamlara da toxunub: “I-II kursda tədris aparan kafedralar üzrə tələbələrin semestrboyu topladığı ballar adətən 40-dan az, III-VI kurslarda isə 40-dan çox olur. Yəqin bunun nəticəsidir ki, yuxarı kursda təhsil alan tələbələrin böyük əksəriyyəti sessiyanı əla qiymətlərlə başa vurur. Digər tərəfdən, aşağı kurslarda tərtib olunmuş testlər həm miqdarca çoxdur, həm də tərtibatca əhatəlidir. Yuxarı kurslarda isə testlər miqdarca az və adətən sadədir”.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin bizim universiteti seçməsini  ölkə universitetləri arasında reytinqimizin göstəricisi kimi qiymətləndirən prorektor təəssüflə qeyd edib ki, həmin tələbələrin universitetdə təhsil aldıqları müddətdə əldə etdikləri nəticələri araşdırdıqda heç də qaneedici olmur. Belə ki, 6 il ərzində universitetə daxil olan 149 nəfər Prezident təqaüdçüsündən indiyədək yalnız 36 nəfəri bu statusda qala bilmişdir.

 

Apellyasiya Komissiyasının fəaliyyətinə də toxunan prorektorun sözlərinə görə, kurslar üzrə ən çox müraciət  (292 nəfər) II kurs tələbələrindən, ən az müraciət isə (91 nəfər) VI kurs tələbələrindən olmuşdur.

 

Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ildən-ilə artığını vurğulayan S.Əliyev 2019/2020-ci tədris ilinin əvvəlində ATU-da 31 ölkədən 1739 nəfər tələbənin, o cümlədən  2 nəfər İordaniya vətəndaşının dövlət xətti ilə, 104 nəfərin Türkiyə Cumhuriyyətindən YÖK yolu ilə,  4 tələbənin isə İƏT yolu ilə təhsil aldığını diqqətə çatdırıb.

 

Çıxışının sonunda əczaçılıq fakültəsi istisna olmaqla, bütün ixtisaslar üzrə Dövlət Attestasiya sınaqlarının kredit sistemi ilə aparılacağını deyən prorektor universitet kollektivinin yeni semestrdə də gənc nəslin tərbiyəsində və təhsilində əlindən gələni etməyə çalışacağına əminliyini ifadə edib.

 

Məruzə ətrafında çıxış edən Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev 28 dekabr 2019-cu il tarixindən 05 fevral 2020-ci ilədək kurs imtahanlarından, 05 fevral 2020-ci ildən 10 fevral 2020-ci ilədək isə kəsr imtahanlarından şikayətləri olan, müxtəlif səbəblərdən imtahanlarda iştirak etməmiş tələbələrin müraciətlərinin araşdırıldığını deyib. Bildirib ki, 150 fəndən 1950 test sualının yenidən araşdırılması üçün ərizə ilə müraciət edən 1342 tələbənin 1315-i araşdırmalarda iştirak etmiş, 8 nəfər müxtəlif səbəblərdən araşdırmalara gəlməmişdir. Beləliklə, apellyasiya araşdırması nəticəsində 617 müraciətə (46.9 %) baxılarkən testlərdə müxtəlif xarakterli qüsurlar aşkarlanmış və cavabları doğru olduğu üçün tələbələrin iddiaları əsaslı hesab olunmuş, toplanmış balın düzəldilməsi təklif edilmişdir. 698 (53.0 %) tələbənin müraciəti isə test suallarına düzgün cavab vermədikləri üçün əsassız hesab olunmuşdur. Apellyasiyanın nəticələrini fakültələr və kurslar üzrə müqayisəli təhlil edən komissiya sədri araşdırmalar zamanı ekspertlərin öz işlərinə məsuliyyətlə yanaşdıqlarını da diqqətə çatdırıb.

 

II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova və tələbə-dekan Etibar Abbasov da çıxışlarında imtahanların formatında edilən müsbət dəyişikliklərə, testlərin tərtibinə və sualların keyfiyyətinə, istinad olunan ədəbiyyatlara, imtahana giriş ballarına, aralıq qiymətləndirməyə dair fikirlərini şura üzvləri ilə bölüşüblər.  

 

Müzakirələri yekunlaşdıranrektor hal-hazırda tədris prosesinin vacib bir hissəsi hesab edilən imtahanın gələcəkdə texniki bir məsələyə çevrilə biləcəyini və bu istiqamətdə müəyyən işlərin getdiyini vurğulayıb. Yeniləşən dünyada bəzi müəllimlərin öz fəaliyyətlərini hələ də tələbədən nəyisə soruşmaqda gördüyünü təəssüflə qeyd edən rektor bildirib ki, müasir tədris texnologiyalarının yaranması ilə əlaqədar müəllimin soruşmaq funksiyası getdikcə azalır: “Bu baxımdan islahatları sürətləndirmək lazımdır. İmtahanlarla bağlı problemlərin həlli testlərin keyfiyyətindən, ekspertlərin işindən və kafedraların bu məsələlərə necə yanaşmasından çox asılıdır. Ekspertlərin fəaliyyətində müəyyən dinamika müşahidə olunsa da, bəzən onların düzgün seçilməməsi mənfi nəticələrə gətirib çıxarır. Bir daha demək istəyirəm ki, bu məsələlərdə əsas məsuliyyət kafedra müdirlərinin üzərinə düşür”.

 

Hər bir testin hazırlanmasına görə də ilk növbədə kafedra müdirlərinin cavabdehlik daşıdığını xatırladan universitetin rəhbəri dərs və imtahan yükünün ədalətli bölgüsünə dair tövsiyələrini də verib.

 

Bir neçə kafedranın İmtahan Mərkəzinə nəzarətçi qismində rezidentləri göndərməsini kəskinliklə qınayan professor G.Gəraybəyli  tələbələrin akademik auditoriya yükünün və  müəllimlərin iş saatlarının mövcud əsasnaməyə uyğun müəyyənləşməsinin vacibliyini önə çəkib.

 

Yekun nitqində universitetimizin inkişafında maddi-texniki bazanın xüsusi roluna,  xarici vətəndaşları cəlb etmək baxımından reytinqinə, elektronlaşmanın sürətləndirilməsinə və gənc kadrların yetişməsi istiqamətində atılan addımlara toxunan rektor elmi işlərin təsdiqi və aparılması ilə, qısa zamanda qəbul olunacaq yeni standartlarla bağlı fikirlərini də açıqlayıb.

 

III Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyasının Dövlət Mükafatları Komissiyasına təqdim olunmasına razılıq verən elmi şura elmlər doktoru işinin mövzusunun və elmi məsləhətçisini, II Müalicə-profilaktika fakültəsinin bəzi tələbələrinin Prezident təqaüdünün bərpa olunması barədə vəsatətini, tələbə dekanı haqqında əsasnaməni, “Qonaq professor” statusunda dəyişikliyi və “Qonaq mühazirəçi” adının təsis edilməsini təsdiqləyərək dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.