Xocalı soyqırımı anıldı
Fevralın 21-də Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında Xocalı soyqırımı faciəsinin 22-ci ildönümü ilə əlaqədar "Qan yaddaşımız - Xocalı Harayı" foto-stendin önündə anım mərasimi keçirildi.
Azərbaycan Tibb Univeresitetinin Elmi işlər üzrə prorektoru, əməkdar elm xadimi, professor İbrahim İsayev mərasimi açaraq, tarixdə xalqımızın başına gətirilən belə müsibətlərin çox olduğunu xatırlatdı. Sonra söz məruzə üçün Əsaslı Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminovaya verildi.
Ziyafət Eminova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırım haqqında ətraflı məruzə etdi. O, bu dəhşətli hadisənin beynəlxalq aləmdə yaddaşlardan silinməyən Xatın, Xirosima və Naqasaki kimi faciəli hadisələrdən geri qalmadığını söylədi.
Daha sonra məruzəçi ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımının 10-cu ildönümündə bu amansız hadisəyə verdiyi qiyməti xatırlatdı: "Xocalı faciəsi 200 ilə yaxın bir müdəttdə erməni şovinist - millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir".
Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu soyqırımın 20-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncamla bağlı Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər barədə mərasim iştirakçılarına məlumat verdi.
Epidemiologiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor İbadulla Ağayev soyqırımla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşdü, həmin hadisələrin canlı şahidi olmuş insanlarla yaratdığı münasibətlərdən danışdı.
Azərbaycan dili kafedrasının müdiri, dosent Akif Miriyev soyqırımlar barədə, BMT-nin erməni daşnaklarının işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi barədə 4 qətnaməsinin hələ də yerinə yetirilməməsindən və ümumxristian mafiyasının bu qərara maneə olmasından danışdı. Sonra Qəşəm Nəcəfzadənin Xocalıya həsr etdiyi şeiri oxudu.
Əsaslı Kitabxananın əməkdaşı Təranə İsmayılova şair-yazıçı, əməkdar jurnalist Eldar İsmayılın "Xocalının dərdi haray, ay haray" adlı şeirini oxudu.
Komplektləşdirmə şöbəsinin əməkdaşı Əsgər Əsgərov ermənilərin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların başına gətirdikləri müsibətlərdən, bu barədə görüləsi işlərdən danışdı.
Mərasimin sonunda İbrahim İsayev yekun nitqi söylədi. Gənc nəslə bu hadisəni heç zaman unutmamağı tövsiyə etdi.
Xocalı soyqırımınında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi,onların ruhuna rəhmət oxundu.