Dünyada koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığı bir ərəfədə Azərbaycan hökuməti özünün atdığı qarşılayıcı tədbirlərlə bir sıra ölkələrə nümunə oldu. Bu səbəbdən də region dövlətlər arasında ən az yoluxma halı Azərbaycanda qeydə alındı.
Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu ilin iyunun 1-də xüsusi qarantin rejiminin yüngülləşdirilməsi ilə bağlı verdiyi qərar sanki əhali arasında bir arxayınçılıq yaratdı. Gigiyenik normativlərə riayət olunmadığından virusa yoluxma halları yenidən artmağa başladı. Bu səbəbdən ötən həftənin şənbə və bazar günü yenidən karantin rejimi sərtləşdirildi. Operativ Qərərgah paytaxtda və ölkənin bir sıra iri şəhərlərində ictimai və fərdi nəqliyyatın hərəkətinə, küçəyəçıxmağa qadağa qoydu, iş rejimi məhdudlaşdırıldı. Bir sözlə, tam qapalı rejim yaradıldı.
Virusa qarşı aparılan mübarizənin və tətbiq olunan karantin rejiminin nə dərəcədə effektiv olması ilə bağlı Rüspublikanın Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedtrasının müdiri, professor İbadulla Ağayevin fikirlərini öyrəndik. Onun bildirdiyinə görə, bu ilin yanvarından dünyada koronavirus yayıldığı vaxtdan etibarən ölkəmizdə qabaqlayıcı təbirlər görüldü: “Bunun da nəticəsində virusa yoluxanların sayı az oldu və ölkə ərazisində epidemioloji cəhətdən sabitlik yarandı. Bilirsiniz ki, möhtərəm Prezident təxirə salmadan pandemiya ilə mübarizə aparmaqda səlahiyyətli olan bütün dövlət qurumlarına xüsusi göstəriş və tapşırıqlarını verdi. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin hər yerində koronavirusa (COVİD-19) qarşı əks-epidemik tədbirlərin görülməsinə başladı. Məhz bunun nəticəsində ölkə ərazisində xəstələnənlərin sayı az oldu və vəziyyət epidemioloji həddi keçmədi. Xəstələnənlər isə xəstxanalara yerləşdirilərək müalicə olunaraq sağaldılar”.
Professor İ.Ağayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda pandemiyaya qarşı mübarizənin genişmiyaslı və hərtərəfli aparıldığını təqdir etdiyini, digər ölkələrə ölkəmizin təcrübəsini nümunə kimi göstərdiyini bildirdi. Qeyd etdi ki, bu mübarizədə ölkəmizdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının xidmətlərinin böyük rol oldu: “Təbii ki, ən böyük məsuliyyət biz həkimlərin üzərinə düşür. Ölkə rəhbərliyinin birbaşa nəzarəti və Azərbaycan səhiyyəsinin geniş imkanları ilə həkimlərimiz pandemiya ilə mübarizədən alnı açıq, üzü ağ çıxdılar. Sevindirici haldır ki, həmkarlarım bu məsələdə hərtərəfli bilk və bacarıqlarını şərəflə nümayiş etdirdilər və yenə də etdirməkdə davam edirlər”.
Pandemiyaya qarşı ölkə ərazisində əks-epidemik tədbirlərin ardıcıl davam etdirildiyini bildirən professor koronavirusdan qorunmaq üçün əhalini gigiyenik normalara riayət etməyə də dəvət etdi. Onların sağlamlıqlarının öz əllərində olduğunu bildirərək, tibbi maskadan istifadə etmələrini (bu zaman ağız və burun boşluqlarını mütləq örtmələrini) , sosial məsafəni saxlamalarını, kütləvi tədbirlərdə iştirak etməmələrini tövsiyyə etdi. Həkimlərin məsləhət və tövsiyələrinə əməl edilməyəcəyi, bunun müqabilində yoluxma sayı artacağı təqdirdə sərt karantin rejiminin tətbiq olunacağını da istisna etmədi: ”Karantin şərtləri iyunun 1-də yungülləşdirildikdən sonra əhalidə pandemiyanın aradan qalması ilə bağlı sanki bir arxayınçılıq yarandı. Diqqətsizlik, gigiyenik qaydalara əməl etməməyin nəticəsində virus yenidən yayılmağa bağladı. Bu zaman izolyasiya tədbirləri sırasında qardaş Türkiyənin təcrübəsindən ölkəmizdə istifadə olundu. Ötən şənbə və bazar günləri əhalinin evdə qalması təklifini irəli sürdük. Bu da öz müsbət effektini verdi. Yoluxmaların sayı kəskin azaldı. Bu cür izolyasiya tədbirləri bir neçə həftə davam edrsə, tam zəmanət verirəm ki, xəstəlik bizim ölkəmizin ərazisindən tam təcrid olunacaqdır”.