COVİD-19 əvvəlkindən 8 dəfə daha çox sürətlə yayılır
Surxay Musayev: “Artıq klinikamıza xəstələr ailəvi gəlirlər”
 
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayev Real TV-nin qonağı olub. Televiziyaya geniş müsahibəsində professor S.Musayev virusa qarşı aparılan mübarizədən, görülən işlərdən danışıb.
 
S.Musayev bildirib ki, bu ilin martından etibarən ATU-nun Tədris Terapevtik Klinikası prezident İlham Əliyevin qərarı ilə pandemiya klinikasına çevrilib. 
 
“Həmin dövrədək klinikamızda infeksion xəstələr olmamışdı. Lakin ölkə rəhbərliyinin yaranmış situasiyanı düzgün, vaxtında qiymətləndirərək bir neçə klinikanı, o cümlədən bizim klinikanı pandemiya klinikasına çevrilməsinə dair qərar verilməsi vacib və labüd məsələ idi. Təbii, çətinliklərimiz oldu. Bu işdə TƏBİB, icbari Sığorta Agentliyi və ATU rəhbərliyinin böyük dəstəyi oldu”. 
 
Professor S.Musayev bildirib ki, ATU-nun Tədris Terapevtik Klinikası müasir tibbi və texniki avadanlıqla təchiz olunub. Palatalar oksigen panelləri ilə təmin olunub. Bu da koronaviruslu xəstələrin müalicəsi baxımından böyük əhəmiyyət kəsb edir. Direktor bu müddət ərzində klinika kollektivinin apardığı ağır mücadilədən də söz salıb. 
 
“Çox zaman biz həkimlər və tibb personalı olaraq 24 saat klinikadan çıxmamışıq. Xəstələrin vəziyyəti elə ağır olub, elə vəziyyətlər yaranıb ki, xəstələri qoyub evə getmək və yaxud da hər hansı bir istirahət haqqında düşünmək mümkün olmayıb. Bu dövr ərzində heç bir istirahət günü, heç bir bayram günü istifadə etmədən bizim tibb personalımız yalnız bu xəstələrin həyata qayıtması, sağalması, ailəsinə qovuşması ilə məşğul olur".
 
Professor S.Musayev sərt karantin rejiminin əleyhinə çıxan, qoyulan qaydalara riayət etməyən  insanlarla bağlı fikirlərini də bildirib. 
“Məgər bir neçə qramlıq maskanı taxıb həm özlərini, həm ətrafı qorumaq çox çətindir? Ürək ağrısıynan həkimlərimiz qeyd edirlər ki, virusun  yayılma sürəti artdıqdan sonra artıq insanlar klinikaya tək-tək  yox, ailəvi gəlirlər. Mən insanlara çağırış edirəm ki, qorunmaq, bu zənciri qırmaq lazımdır”. 
 
Yoluxma üsullarına gəlincə, direktor qeyd edir ki, xəstələrin əksəriyyəti yas mərasimlərində, böyük bir qismi də evlərdə təşkil olunan ad günü məclislərində yoluxur: “Bəzən ziyalılar da virusun varlığına inanmadıqlarını deyirlər. Anlamıram, bu insanları daha necə inandırmaq lazımdır? Bizim klinika xəstəylə doludur. O insanlara deyirəm ki, gəlin, mən sizi dəvət edirəm, bizimlə bərabər o kombinezonları geyinin, cürətiniz varsa, keçək şöbələrə, gedin, o xəstələrin vƏziyyətini görün, sonra qərar qəbul edin”. 
 
Professor S.Musayev təəssüflə bildirib ki, aparılan araşdırmalar COVID-19 virusunun mutasiyaya uğradığını, indiki virusun əvvəlinə nisbətə 8 dəfə daha sürətlə yayıldığını aşkarlayıblar. Bu da hər kəsi daha ehtiyatlı olmağa məcbur edir: 
 
“Biz uzun müddət koronavirusla eyni mühitdə yaşamaq məcburiyyətindəyik. Görünməyən düşmən daim ətrafımızdadır, istənilən an bizə zərbə vurmağa hazırdır. Bu zənciri qırmalıyıq”.