ATU-da imtahanların nəticələri açıqlandı - 891 nəfər həkim diplomunu alıb
Azərbaycan Tibb Universitetində Böyük Elmi Şuranın növbəti onlayn iclası keçirilib. İclasda növbəti 2020/2021-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti üzrə tədris planları təsdiqlənib. Həmçinin, Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatları dinlənilib. Hesabatlarda gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri də qeyd olunub.
Böyük Elmi Şuranın iclasında çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli pandemiyaya qarşı görülən tədbirlər və universitetin bu mübarizədəki rolundan danışıb. Qeyd edib ki, ATU-nun 2 klinikası ilk gündən bu mübarizəyə qoşulub: “Bir çox həkimlərimiz, tibb bacılarımız, orta tibb işçilərimiz, xadimələrimiz, rezidentlərimiz, hətta bir neçə tələbə qrupları ilə rezident-həkimlərimiz bu ağır savaşda iştirak edirlər. Hər kəs bu mübarizədə iştirak edir, lakin ön cəbhədə bizim tibb personalımızdır. Bu müddət ərzində həkimlərimiz yüzlərlə insan həyatını xilas ediblər. Təəssüf ki, tibb personalımız arasında koronavirusa yoluxanlarımız da var. Bu işdə fədakarlıq göstərənlərin hər birinə - xadiməsindən, rezidentindən tutmuş həkimə qədər - hər bir kəsə təşəkkür edirəm”.
G.Gəraybəyli virusa yoluxan ATU üzvlərinin tezliklə şəfa tapmasını və iş başına qayıtmasını diləyib. Rektor prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə ATU klinikalarının fəaliyyətini qeyd etməsi faktını xatırladaraq, bunun, dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu bildirib.
Rektor pandemiya dövründə təhsil prosesinin təşkili haqqında da danışıb. Qeyd edib ki, tibb təhsili mürəkkəb proses olduğundan, online şəkildə aparılması çətindir. Bununla belə, qısa müddət ərzində ötən semestrin online formada keçirilməsinə nail olunub: “İndi isə növbəti semestrə hazırlıq işləri aparılmalıdır. Belə təkliflər var ki, Zoom, yaxud Skype ilə yox, özümüzün İT şöbəsinin hazırladığı yeni bir proqramdan istifadə olunsun. Artıq bu haqda Təhsil Nazirliyi və DİM-lə müzakirələr aparılır”. G.Gəraybəyli gündəlikdəki digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını səsləndirib.
Sonra ATU-nun Tədris şöbə müdiri Samir Cavadov son semestr ərzində imtahanların təşkili və nəticələrin haqqında məlumat verib. Qeyd edib ki, 2019/2020-ci ilin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 3 nəfər akademik məzuniyyətdə olub. Ümumilikdə 6459 tələbə imtahanda iştirak edib. Onlardan 6190 nəfəri (95.8%) bütün imtahanlarda müvəffəq qiymətlər alaraq, sessiyanı başa vurublar. İmtahan sessiyasını «əla» qiymətlərlə başa vuranlar – 5014 nəfər (81%) , «əla» və «yaxşı» qiymətlərlə – 909 nəfər (14,7%), qarışıq qiymətlərlə – 267 nəfər (4.3%) təşkil edib. 269 nəfərin (4.4%) akademik borcu qalıb.
S.Cavadov bildirib ki, bu il ATU-dan 933 nəfər məzun olmalı idi. Lakin onlardan 891 nəfəri müvafiq kreditləri toplayaraq Dövlət Attestasiyasından uğurla keçib və universiteti bitirərək həkim ixtisasını alıb. Onlardan 62 nəfəri xarici ölkə vətəndaşıdır. Universitetin həkim məzunlarından 151 nəfəri fərqlənmə diplomuna layiq görülüb. 42 nəfər universiteti bitirə bilməyənlər tələbə sırasında saxlanılmaqla təhsillərini davam etdirirlər. Hesabat ilində hərbi-tibb fakültəsini bitirən 80 hərbi həkim və 23 hərbi feldşer Azərbaycan silahlı qüvvələri sıralarında xidmətə göndəriliblər.
Böyük Elmi Şuranın iclasında gündəlikdəki digər məsələlər də müzakirə olunub. Təhsil proqramında nəzərdə tutulan elmi-pedaqoji təcrübənin Klinik psixologiya ixtisası üçün “klinik təcrübə” ilə, Səhiyyə menecmenti ixtisası üçün “tibb müəssisələrində idarəetmə təcrübəsi” əvəz edilməsinə razılıq verilib. Həmçinin, 2020/2021-ci tədris ilindən “Histologiya, embriologiya və sitologiya” kafedrasının adının dəyişdirilərək “Sitologiya, embriologiya və histologiya” adlandırılması qərara alınıb.