“Bütün dünyada icbari tibbi sığorta sisteminin tətbiqinin əsas iki məqsədi var. Birincisi, əhali ödənişsiz və yaxud daha az ödənişlə keyfiyyətli tibbi xidmət alsın. İkincisi, səhiyyənin ənənəvi maliyyələşdirilməsi yolu yox, alternativ maliyyələşdirilməsi yolu seçilmiş olsun”.
Bunu sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı SƏSTV-nin “Sağlam və sığortalı” proqramında bildirib. Azərbaycanda da bu sistemin tətbiqinin davam etdiyini söyləyib: “Bu günə qədər biz nə edirdik? Gedirdik xəstəxanaya, pulumuzu ödəyirdik və müəyyən müalicə alırdıq. İndi isə bunun vahid icbari tibbi sığorta fondu vasitəsilə maliyyələşdirilməsi gündəmdədir. Yəni, vətəndaşlarımız, o cümlədən, Azərbaycanda yaşamaq icazəsi olan əcnəbilər və digər şəxslər bu xidmətdən faydalana biləcəklər”.
Ekspertin sözlərinə görə, icbari tibbi sığorta sisteminin yaradılmasında əsas məqsəd odur ki, əhali vaxtında tibbi xidmətlə təmin olunsun və bunun üçün xəstəxanada hər hansı ödəniş etməsin. Bütün bunlar da vahid bir mərkəzdən – icbari tibbi sığorta sistemi vasitəsilə icbari tibbi sığorta fondu tərəfindən maliyyələşdirilsin.
Xəyal Məmmədxanlı deyir ki, ABŞ, Fransa, Böyük Britaniya kimi dünyanın ən aparıcı ölkələrində əhalinin tibbi sığorta məsələsi ilk sıralarda durur. Çünki, bu əhalini ən çox maraqlandıran sığorta məsələlərindən biridir: “Azərbaycan kimi sosial yönümlü ölkələrdə isə icbari tibbi sığorta hətta ilk prioritet məsələlərdəndir. Əhalinin sosial təminat tərkibi olaraq çox önəmlidir”.
Azərbaycanda “Tibbi sığorta” haqqında qanun ilk dəfə 1999-cu ildə qəbul olunub. Eskpertin sözlərinə görə, lakin 2017-ci ilə qəqər bununla bağlı heç bir addım atılmayıb. 2017-ci ildə İcbari Tibbi Sığorta Agentliyinin yaradılmasından sonra müəyyən tərpənişlər başlayıb:
“Son iki il ərzində isə 4 rayonumuzda pilot şəklində bu layihə həyata keçirilir. Amma bu da layihənin nə dərəcədə uğurla həyata keçirildiyinin göstəricisi deyil. Biz o zaman layihənin uğurla icrasının şahidi olacağıq ki, bu, bütün ölkədə, xüsusən də Bakı şəhərində əhalinin razılığına səbəb olsun. Çünki Bakı olduqca qarışıq şəhərdir, burada hər kateqoriyadan olan insan var. Ən yüksək əmək haqqı alanlar paytaxtda yaşayır. Ən çox sığorta mədəniyyətinin inkişaf etdiyi region da Bakıdır. Digər regionlardan fərqli olaraq, Bakıda insanların tibbi sığorta ilə bağlı anlayışı var. Xüsusən də, böyük şirkətlərdə işləyənlər artıq neçə illərdir ki, tibbi sığortadan istifadə edirlər. Ona görə də onların fikrindən sonra layihənin uğurlu olub-olmadığını biləcəyik. Ümid edirəm ki, bu, ölkəmiz üçün uğurlu layihə olacaq. Çünki insanlarımız bunu artıq 21 ildir səbirsizliklə gözləyirlər”.
Ekspert bu sahədəki problemlərdən də söz açıb. O bildirib ki, mövcud sistem köhnə “Tibbi sığorta” haqqında qanun üzərində qurulub. Hesab edir ki, qanun üzərində bir sıra dəyişikliklər etməkdənsə, yeni qanunun qəbulu daha yaxşı olardı: “Qanunun işləməsinin əsas təminedici siqmenti ilkin səhiyyə xidmətidir. İlkin səhiyyə xidmətinə ailə həkim institutları və poliklinik xidmətlər daxildir. Amma hazırda rayonlarda poliklinikaların hansı vəziyyətdə olduğu heç kimə sirr deyil. Ailə həkim institutu isə ümumiyyətlə, yoxdur. Bu halda nə baş verəcək? İnsanlar alışdıqları xəstəxanalara, özəl həkimlərə müraciət etməyə başlayacaqlar və ciblərindən pul ödəyəcəklər. Bu səbəbdən də ilkin səhiyyə xidməti çox önəmlidir.
Sadə dillə izah etsəm, ilkin tibbi sığorta zamanı sığortalı şəxs ilk olaraq sahə poliklinakasına müraciət edir. Poliklinikada aparılan ilkin müayinədən sonra xəstə regional xəstəxanaya göndərilir. Əgər xəstənin çarəsi orada da tapılmasa, göndərilir şəhər xəstəxanasına. Bu da uzun zaman alır və xəstənin səhhətinin pisləşməsi ilə nəticələnə bilər. Məcbur qalan xəstə də özəl klinikada işləyən tanıdığı həkimin yanına gedəcək və cibindən ödəniş edib, müayinə olunacaq”.
Xəyal Məmmədxanlı icbari tibbi sığorta sistemindəki bu və digər problemlərin tezliklə aradan qaldırılacağına ümid edir.
Xatırladaq ki, “Sağlam və sığortalı” proqramı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə icra olunan “İcbari tibbi sığortanın internet mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb.