İCBARİ TİBBİ SIĞORTA- ƏN BÖYÜK SOSİAL LAYİHƏDİR

“Ölkəmizdə icbari tibbi sığorta layihəsi bu günə kimi dövlət tərəfindən həyata keçirilən ən böyük sosial layihədir”. Bunu sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov “Sağlam və sığortalı” proqramında bildirib. Qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı 1998-ci ildən qərarlar qəbul edilib və qanun Milli Məclisə göndərilib. 1 il sonra, yəni, 1999-cu ildə “Tibbi sığorta” haqqında qanun qəbul olunub:

 

“Sonra ara-sıra müzakirələr oldu və layihənin tətbiqi ilə bağlı müəyyən mexanizmlərin öyərilməsinə başlanıldı. Nəhayət, ilk pilot layihə kimi 4 rayonda həyata keçirildi. Bundan sonra Milli Məclisdə daha geniş müzakirələr aparıldı və qanuna əlavə və dəyişikliklər edildi. İcbari tibbi sığorta ilə bağlı müəyyən maddələr əlavə olunaraq, bu məsələnin daha geniş tətbiqi üçün baza prinsipləri yarandı”.

 

Ekspertin sözlərinə görə, icbari tibbi sığorta bütün dünyada tətbiq olunan sosial layihələrdən biridir. Layihənin məqsədi odur ki, əhalinin aztəminatlı təbəqəsinin  tibb sahəsinə əlçatımlığı daha yaxşı formalarda təmin olunsun: “Ölkəmizdə də bu məsələ dövlətin birbaşa dəstəyi ilə sosial layihə kimi həyata keçirilir. “Tibbi sığorta” haqqında qanuna son düzəlişlər ötən ilin axırlarında edilib. Prezidentin fərmanına əsasən, 2020-ci ilin yanvar ayının 1-dən layihənin bütün ölkə üzrə tətbiqi mərhələli şəkildə davam etməliydi. Yanvar ayında layihəyə şimal bölgəsinin rayonları da əlavə edildi. Mingəçevir, Yevlax, Ağdaş, bundan başqa Naxçıvan Muxtar Respublikası icbari tibbi sığortanın tətbiq dairəsindədir. Lakin icbari sığortanın bütün ölkə ərazisində tətbiqi pandemiya ilə əlaqədar 2021-ci il yanvar ayının 1-dək ertələnib”.

Ekspert sığorta mexanizminin mükəmməl olmadığını, burada bəzi çatışmazlıqların və boşluqların olduğunu da bildirib: “Sistemin bir qədər ləng işləməsi bir sıra problemləri üzə çıxartdı. Sistem nədir? Sistem proqram, vətəndaş qəbulu, həkimlərə və orada istifadə olunan sığorta ödənişləri ilə bağlı məsələlərdə proqram təminatında operativliyə yol verilməsi deməkdir. Proqram təminatı dedikdə, hansısa pasiyentin sahə poliklinikasına zəngindən tutmuş tibb müəssisəsinə gəlməsi, qeydiyyatı, həkim qəbulunda olması, digər preparat və dərmanların alınması və son nəticədə İcbari Sığorta Agentliyi tərəfindən sığorta ödənişinin edilməsi başa düşülür. Amma burada müəyyən problemlər mövcuddur. Bu problemlər də sistemin ləng işləməsinə səbəb olur. Nəticədə layihənin ölkə üzrə tətbiqi gecikir”.   

 

İlkin İbrahimovun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığorta digər ölkələrin ümumiləşdirilmiş təcrübəsi əsasında həyata keçirilir. Layihənin icrasında əsas rolu isə Türkiyə nümunəsi oynayır: “Digər ölkələrin təcrübəsindən də yararlanırıq. Məsələn, İcbari Tibbi Sığortanın nümayəndələri İspaniya və başqa yerlərdə olublar. Bu sistemi daha dərindən öyrənərək, Azərbaycanda tətbiq ediblər”.

Ekspertin dediyinə görə, layihənin icrasında əsas problemlərdən biri qeydiyyatla bağlıdır. Belə ki, bir çox vətəndaşlar Bakıda yaşayıb, işləsələr də, rayon qeydiyyatında olurlar: “Onlar xəstələnəndə yaşadıqları ünvana müraciət etməlidirlər. Əks təqdirdə, əlavə pul ödənişi etməli olacaqlar. Bu da ki vətəndaşlarda müəyyən narazılıqlar yaradacaq”.

 

O hesab edir ki, problemlərin həlli yolları maarifləndirmədən keçir. Əgər vətəndaş düzgün maariflənərsə, layihənin tətbiqi zamanı onu narahat edən məsələləri də doğru həll edər.