“İcbari tibbi sığorta sosial sığorta hadisəsidir. İnsanların Xidmətlər Zərfi çərçivəsində tibbi yardım alma hüququnu təmin edən bir sistemdir”.
Bunu “Sağlam və sığortalı” proqramına AMEA-nın İqtisadiyyat institutunun şöbə müdiri, dosent Rəsmiyyə Sabir deyib. O, icbari tibbi sığortanın əhəmiyyətindən söz açıb. Bildirib ki, bu, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi metodlarından biridir: “Təsadüfi deyil ki, dünyanın əksər inkişaf etmiş ölkələrində demək olar ki, əhalinin 100 faizi icbari tibbi sığorta ilə təmin olunub. Bu sistemin dünyada müxtəlif modelləri var. Azərbaycanda sosial modeli tətbiq edilir. Bu isə o deməkdir ki, burada dövlətin iştirakı ilə yanaşı, işə götürənlərin və işçilərin də iştirakı olur. Bu sistem əhaliyə xəstələndikdə və ya profilaktik məqsədlə pulsuz müayinə və ya müalicə imkanı yaradır”.
Dosent Rəsmiyyə Sabir hesab edir ki, icbari tibbi sığorta sistemi səhiyyədə bir sıra problemlərin aradan qaldırılmasına xidmət edəcək. Dünya Bankının son statistik rəqəmlərinə nəzər salan həmsöhbətimiz ümumi səhiyyə xərclərinin tərkibində əhalinin payının 80 faizdən yuxarı olduğuna diqqət çəkir: “Bu, qəbulolunmaz bir rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə, səhiyyə xərclərinin tərkibində 60 faiz dövlətin payı olmalıdır. Əhalinin payı isə 30 faiz olmalıdır. Amma bizdəki rəqəmlər ciddi şəkildə fərqlənir. Bu rəqəmlər bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycanda çox yüksəkdir”.
R. Sabirin sözlərinə görə, indiyədək dövlət tibb xidməti adı altında səhiyyənin pulsuz olması söylənilsə də, bundan nadir halda faydalana bilirdik. Həkimə “bəxşiş” verirdik ki, bizə yaxşı qulluq eləsin. Amma beynəlxalq praktika sübut edir ki, icbari tibbi sığorta bu problemin də qarşısını alır: “Azərbaycanda icbari tibbi sığorta mərhələli şəkildə həyata keçirilir. Öncə şimal bölgəsi, sonra qərb, cənub və ən sonda Bakı, Sumqayıt və Abşeronda tətbiq ediləcək. Layihənin mərhələli şəkildə həyata keçirilməsində də məqsəd budur ki, ortaya çıxan problemlər aradan qaldırılsın, sistem daha da təkmilləşdirildikdən sonra digər yerlərdə tətbiq edilsin. Bu sistem hazırda pilot layihə kimi 3 rayonda həyata keçirilir. Bu rayonların heç birində icbari tibbi sığorta çərçivəsində xəstəxanaya gedəndə həkimə “bəxşiş” vermirlər. Aparılan sosioloji sorğular bunu isbatlayır. Otaqlarda quraşdırılmış kameralar sayəsində də tam şəffaflığa xidmət edən bir mexanizmin qurulduğunun şahidi oluruq”.
Rəsmiyyə Sabir tibbi personalın peşəkarlıq səviyyəsindən də söz açıb. O bildirib ki, icbari tibbi sığorta sistemində çalışan tibbi personalın əmək haqqısı iki hissədən ibarət olacaq – baza və bonus hissə. Baza hissə standart maaşdır. Əgər həkim daha çox xəstəyə xidmət göstərəcəksə, daha çox da vəsait, yəni bonus qazanacaq: “Bu da əməkhaqqının funksiyalarından biridir – stimullaşdırma. Eyni zamanda, həkimləri məcbur edəcək ki, öz üzərlərində daha çox işləsinlər, daha çox savadlansınlar. Çünki adətən xəstə daha yaxşı həkimi seçmək istəyir. Bu sistem qonşu Türkiyədə də uğurla həyata keçirilir”.
Xidmətlər Zərfində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısında diş müalicəsinin olmaması ən çox maraqlandıran suallardandır. R. Sabirin sözlərinə görə, Azərbaycanda icbari tibbi sığorta hələ yeni həyata keçirilir: “Sistem hələ tam formalaşmayıb. Ona görə də bəzi tibbi xidmətlər, eləcə də diş müayinəsi xidməti bura daxil deyil. Amma zamanla sistem formalaşdıqdan sonra təbii ki, Xidmətlər Zərfi də təkmilləşdiriləcək”.
Xatırladaq ki, “Sağlam və sığortalı” proqramı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə icra olunan “İcbari tibbi sığortanın internet mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb.