“İcbari tibbi sığorta əhalini keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin edir. Əhali vacib və dəyəri yüksək olan əməliyyatları tibbi sığorta vasitəsilə əldə edirlər”. Bunu “Sağlam və sığortalı” proqramına “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib. İcbari tibbi sığortanın əsas üstünlüklərindən söz açan P.Vəliyevanın sözlərinə görə, ən önəmli məqam əhalinin səhiyyə xərcləri ilə bağlı yükünün azaldılmasıdır: “Eləcə də, tibbi xidmətlərin keyfiyyəti artacaq. İcbari tibbi sığorta üzrə dövlət təminatı həyata keçiriləcək. Bundan başqa, həkimlərə nəzarət, o cümlədən onların ölkədə nüfuzu yüksələcək”.
P. Vəliyeva icbari tibbi sığortanın pilot layihə kimi 3 rayonda həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, layihə öncə Mingəçevir, Yevlax, daha sonra isə Ağdaş rayonunda tətbiq edilməyə başlayıb: “Pilot layihə müddəti ərzində əhalinin 80-90 faizi bu xidmətdən razı qalıb. Müəyyən göstəriciləri deyə bilərəm. Məsələn, evə yazılan xəstələrin sayı artdı. Bilirsiniz ki, xəstəxanada çarpayı günlərinin sayı nə qədər az olarsa və xəstə daha tez evə yazılarsa, bu keyfiyyət göstərici deməkdir. İcbari tibbi sığortanın tətbiq edildiyi bölgələrdə çarpayı günlərinin sayı 16,7 dəfə azalıb. Həmçinin xəstəxanalar avadanlıqlarla təmin olundu, infrastruktur yeniləndi, müəyyən təmir məsələləri həll edildi. Xəstəxanalarda kompüter, İT texnologiyası quraşdırıldı, dərmanlarla təchiz edildi. Əhali dəyəri yüksək olan əməliyyatlardan bəhrələnə bildi”.
İcbari tibbi sığortanın tətbiqi zamanı qarşıya çıxan problemlərə gəlincə, əsas məsələ bu sistem haqqında əhalinin çox az bilgiyə malik olmasıdır. Digər problem isə tibb işçilərinin sayının ildən-ilə azalmasıdır: “Məsələn, Mingəçevirdə icbari tibbi sığorta sistemində çalışan tibbi personalın sayı ötən il 290 nəfər idisə, bu il 280 nəfərə enib. Yəqin ki, yeni sistemlə ayaqlaşa bilmədikləri üçün işdən uzaqlaşıblar”.
P. Vəliyeva icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində sığortaolunanlara göstərilən tibbi xidmətlərdən də söz açıb. O, xidmətlər zərfinin çox geniş olduğunu bildirib: “İlkin səhiyyə xidməti, təcili təxirəsalınmaz tibbi yardımdan tutmuş, doğuş əməliyyatları, ürək-damar əməliyyatları, stendlərin qoyulması, protezlərin taxılması və s. bura daxildir. Eləcə də, baza zərfi və əlavə xidmətlər zərfi var. Baza Zərfinə ilkin səhiyyə xidməti və təcili təxirəsalınmaz tibbi yardım daxildir. Əlavə xidmətlər zərfinə isə ixtisaslaşdırılmış tibbi yardım və müayinələr daxildir. Baza zərfini insanlar sığorta haqqı ödəmədən də əldə edə bilirlər. Bunun vəsaiti dövlət vəsaiti hesabına, hər vətəndaş üçün 90 manat məbləğində köçürülür. Digər hissəsi isə işə götürən, işçi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında bölüşdürülür. Yəni, əgər vətəndaş çalışırsa və rəsmi əmək müqaviləsi varsa, sığorta haqqı işə götürənlə işçi arasında bölüşdürülür. Əmək haqqının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığorta haqqını işə götürən ödəyir”.
Bəs əgər işə götürən öz işçisini sığortalamırsa, onu hər hansı cərimə gözləyirmi? Müsahibin sözlərinə görə, belə olan təqdirdə işə götürənə qarşı sanksiyalar tətbiq olunur: “Əmək haqqı ödənildiyi təqdirdə dövlət sektorunda 3, 14, 22 faiz gəlir vergisi çıxılır. Bu da onun kimidir. Yəni, əmək haqqı ödənilən kimi işəgötürən icbari tibbi sığortaya da pul köçürməlidir. Köçürmədiyi halda Verginlər Nazirliyi tərəfindən maliyyə sanksiyaları tətbiq ediləcək”.
Rəsmi əmək müqaviləsi olmayan şəxslər də icbari tibbi sığortadan yararlana bilər. Sığorta haqqının ödənilməsi üçün onlara 2024-cü ilə qədər güzəştlər ediləcək. Onlar minimum aylıq əmək haqqının (250 manat) 48 faizini ödəməlidirlər. Bu da aylıq 10 manat, il ərzində isə 120 manat edir. Yəni, ildə 120 manat ödəməklə 1829 adda tibbi xidmətdən yararlanmaq mümkündür.