Elmi Şuranın iclası keçirilib

Rektor G.Gəraybəyli: “Yeni ixtisasların tədrisi haqqında düşünürük”

Azərbaycan Tibb Universitetinin (ATU) növbəti Elmi Şurası keçirilib. İclasda açılış nitqi ilə çıxış edən rektor, professor Gəray Gəraybəyli hazırda ölkəmiz üçün gərgin, eyni zamanda əlamətdar bir dövrün olduğunu bildirdi.

“Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının əmri ilə, respublikamızda ermənilərin hərbi təxribatına cavab olaraq ordumuz əks-hücum əməliyyatları keçirir. İki həftə ərzində avam edən uğurlu əməliyyatlar zamanı bir sıra yaşayış məntəqələrimiz düşmən işğalından azad olunub. Bu gün hər kəsin bir arzusu, bir amalı var – torpaqlarımız işğaldan tam azad olunsun, tezliklə Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərdə dalğalansın. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında bu qələbə sevincini yaşamağınıza çox az qalıb”.

Elmi Şuranın gündəliyinin müzakirəsindən əvvəl rektor iki yeni təyinatla bağlı məlumatı Şura üzvlərinin nəzərinə çatdırdı. Qeyd etdi ki, Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Məmmədhəsənov öz xahişi ilə tutduğu vəzifədən azad olunub və bu vəzifəyə dosent Zülfüqar Musabəyov təyin edilib. Eləcə də, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru, t.e.d. Alqış Səfərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub və bu vəzifəyə t.ü.f.d. Mahir Səfərov təyin edilib.

Sonra rektor gündəlikdə duran əsas məsələ - Azərbaycan Tibb Universitetinin 2020/2021-ci tədris ilinin payız semestrində tədrisin təşkili, universitet kollektivinin qarşısında duran vəzifələr haqqında danışıb: “Təhsil Nazirliyinin qərarına əsasən, pandemiya səbəbindən 15 sentyabr tarixindən təhsil distant şəkildə başlayıb. Universitetimizdə bu tədris ilindən etibarən yeni ixtisaslar açılıb. Sevindirici haldır ki, bu ixtisaslara da tələbat var. Biz gələcəkdə müasir tibbin ehtiyacı olduğu digər istiqamətlər üzrə ixtisasların tədrisi haqqında da düşünürük”. Rektor qeyd edib ki, artıq I kursda yeni standartlarla təhsil bir sıra kafedraların təsir yükünə təsir edib. Hətta bir kafedranın bağlanması məsələsi də ortaya çıxıb.

G.Gəraybəyli qeyd etdi ki, 2018-ci ildə Prezidentin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Bu proqramda yer alan önəmli məsələlər arasında 2 prioritet sahə vurğulanıb ki, onlardan biri də tibb təhsili sahəsidir: “Tibb təhsili ilə bağlı qarşımızda bir çox məsələlər və tapşırıqlar var. İlk növbədə ATU-da tədris olunan proqramın dünya standartlarına uyğun proqramla uzlaşdırılması vacibdir. Bu da beynəlxalq tibb standartlarının tətbiqinə, tələbə mobilliyinin yaranmasına gətirib çıxaracaq. Türkiyə universitetləri ilə sıx əlaqələrimiz var və bu ali məktəblərlə tələbə mübadiləsini genişləndirmək imkanlarını yaradır. Sadəcə, universitetlərimizdəki tədris proqramları arasında böyük fərq olduğuna görə biz mübadiləni artıra bilmirik. Bu sahədə dəyişikliklər etmək üçün işlərə başlamışıq”.

 

Rektor vurğulayıb ki, beynəlxalq akkreditasiyanı əldə etmək üçün ciddi işlər görülür və bu istiqamətdə də Türkiyə universitetlərinin dəstəyi var.

G.Gərabəyli I kursların tədris proqramındakı dəyişikliklərin bəzi fənn saatlarının azalmasına gətirib çıxarıb. Bu da bəzi zəruri ixtisarlara yol açıb. Rektor kafedra müdirlərindən bu məsələ ilə bağlı düzgün və ədalətli bölgü aparılmasına dair tapşırıq verib.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Azərbaycan Tibb Universitetinin 2020/2021-ci tədris ilinin payız semestrində tədrisin təşkili və universitet kollektivinin qarşısında duran vəzifələr haqqında danışıb. Prorektor S.Əliyev bu il tədris prosesində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib, bəzi yeniliklərin tətbiqi ilə bağlı məsələlərin həlli istiqamətində müəyyən tapşırıq verib.

ATU-nun tədris şöbə müdiri Samir Cavadov bu payız semestrində əyani və distant tədrisin təşkili, biliyin qiymətləndirilməsi, tələbələr üçün tədris qaydaları barədə məlumat verib.

Elmi Şuranın iclasında İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, ə.e.x., professor Şadlinski Vaqif Bilas oğlunun kafedrada məsləhətçi-professor vəzifəsinə seçilməsi barədə ərizəsinə də baxılıb. Professor G.Gəraybəyli ə.e.x., professor Vaqif Şadlinskinin uzun illər universitetimizdə müxtəlif vəzifələrdə yüksək səviyyəli fəaliyyəti barədə Şura üzvlərinə məlumat verərək, ona uzun ömür, cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.   

Sonra Elmi Şura üzvləri bəzi cari məsələləri müzakirə ediblər. ATU-nun I kursuna qəbul olunacaq hindistanlı tələbələrin rəsmi qeydiyyatdan keçə bilməsi üçün onlara möhlət verilməsi və onların distant dərslərinin noyabrın 1-dən başlanılması barədə, II Müalicə-profilaktika fakültəsinin Prezident təqaüdündən məhrum edilmiş bəzi tələbələrinin təqaüdlərinin bərpa olunması üçün vəsatət qaldırılması barədə qərarlar qəbul edilib.