“Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrası vebinar keçirib

ATU-nun “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrası əməkdaşları, I kurs magistrantlar və  doktorantların iştirakı ilə onlayn toplantı keçirilib. Vebinarda kafedranın müdiri professor, əczaçılıq elmləri doktoru,  əməkdar müəllim  Məhbubə Vəliyeva  giriş sözü ilə çıxış edərək Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbə münasibətilə hər kəsi təbrik etdi. O, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  vebinar iştirakçıları adından təşəkkürünü elan etdi. Sonra iclas iştirakçıları Vətən Müharibəsində canını fəda edən şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad etdilər.

 

Sonra gündəlik üzrə məsələlərin müzakirəsi aparıldı. İlk olaraq ATU-nun  “Əczaçılıq texnologiyası” və “Əczaçılıq işinin təşkili” ixtisasları üzrə magistraturaya qəbul olunmuş I kurs magistrantların  magistr dissertasiya mövzularının və elmi rəhbərlərinin təyin olunması məsələsinə baxıldı. Kafedranın tədris işləri üzrə müdir müavini, dosent Sevil Mehralıyeva magistrantların adlarını və mövzularını, o cümlədən elmi rəhbərlərini təqdim etdi.

 

“Əczaçılıq texnologiyası” və “Əczaçılıq işinin təşkili” ixtisası  üzrə magistrantlar araşdırdıqları mövzu ilə bağlı 10 dəqiqəlik çıxış etdilər. Onlar mövzunun aktuallığı, məqsəd və vəzifələri, təqdim olunan yeniliklər və praktik əhəmiyyətindən danışdılar. Çıxışlardan sonra mövzular ətrafında geniş diskussiya aparıldı, verilən suallar magistrantlar və onların elmi rəhbərləri tərəfindən cavablandırıldı. Tövsiyələr və iradlar nəzərə alınmaqla mövzular və elmi rəhbərlər təsdiq olundu.

 

Müzakirəyə çıxarılan növbəti məsələ “Əczaçılıq üzrə  fəlsəfə doktoru”  adını almaq üçün doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərin  təyin olunması ilə bağlı idi. Əczaçılıq üzrə fəlsəfə doktoru adı almaq üçün Telli  Əlizadə tədqiq etdiyi  “Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinin  monitorinqi sisteminin  vəziyyətinin öyrənilməsi və onun effektivliyinin optimallaşdırılması” mövzusunu təqdim etdi, verilən sualları cavablandırdı.

 

 “Əczaçılıq elmləri doktoru” adını almaq üçün  doktoranturaya qəbul olunmuş doktorantların  doktorluq dissertasiya mövzularının və elmi rəhbərin təyin edilməsi məsələsi ilə bağlı qeyd olundu ki, bu adı almaq üçün kafedranın  3 əməkdaşı doktoranturaya qəbul olunub. Professor  Məhbubə Vəliyevanın rəhbərliyi altında yerinə yetirilən doktorluq dissertasiyalarının  mövzuları müzakirə olundu. Doktorantlar “Pektin əsasında  antiseptik və yarasağaldıcı effektə malik hidrogel terapevtik  sistemlərin işlənib hazırlanma texnologiyası sahəsində tədqiqatlar” (K,Əliyeva), “Təbii mənşəli xammallar  əsasında iltihab əleyhinə  müasir dərman  formalarının   alınma texnologiyasının işlənib  hazırlanması və onların bioəczaçılıq xüsusiyyətlərinin öyrənilməsi sahəsində  tədqiqatlar” (S. Mehralıyeva), “Biyanın əsasında  əczaçılıq məhsullarının yaradılması, onların marketinqinin təşkili və  və milli əczaçılıq sənayesində tətbiqi” (F.Mədətli) işlərini təqdim etdilər.

 

İclasın sonunda kafedranın dosenti K.Cəlilova və ass. A.Hüseynova  5 illik seçkiləri ilə  əlaqədar müsabiqədə iştirak etmələri müzakirə olundu. Kafedra müdiri prof. M.Vəliyeva başda olmaqla,   bütün əməkdaşlar onların əməyini yüksək qiymətləndirərək bu çətin və şərəfli işlərində uğurlar dilədilər.