Rəmzi Əliyev: “ETS mövcud şəraitə görə tətbiq olunan ən uyğun sistemdir”

Azərbaycan Tibb Universitetində sentyabr ayından etibarən Elektron Təhsil Sistemi (ETS) tətbiq olunmağa başlayıb. Bu sistemdə tələbələrin fəaliyyəti  təhsil aldıqları müddət ərzində əvvəldən sonadək elektronlaşdırılır. Universitetin  İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin rəhbəri Rəmzi Əliyev sistemin özəllikləri və mexanizmi barədə ətraflı məlumat verdi. Bildirdi ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq universitet elekton sisteminə keçməli oldu. Dərslər onlayn şəkildə tədris olunmağa  başladı: “ETS-də mexanizm belədir ki, hər bir tələbə elektron qeydiyyatdan keçdikdən sonra onun haqqında məlumatlar sistemə  daxil edilir. Sonra tələbə dekanlıq vasitəsi ilə qruplara otuzdurulur və  qruplar isə sistem vasitəsilə fənnlərə qoşulur. Tərtib olunmuş cədvəllərə uyğun olaraq müəllim də müvafiq qruplara qoşularaq onlayn dərs keçir”.                                                                                                                               

R.Əliyev ETS-də yalnız onlayın dərslərin tədrisinin nəzərdə tutulmadığını və bunun mövcud şəraitə uyğun olaraq sistemə bir modul kimi daxil edildiyini diqqətimizə çatdırdı. Bu modulun pandemiya aradan qalxanadək tətbiq olunacağını qeyd etdi. Bizi sistemə daxil olan əlavə modullarla bağlı da məlumatlandırdı. Sistemdə davamiyyət, qiymətləndirmə, imtahan, sərbəst iş və transkript-arayış modullarının da daxil edildiyini bildirdi: “ Davamiyyət modulunda tələbələrin davamiyyət jurnalı elekton şəkilindədir. İmtahanlar isə  bu modul vasitəsilə həyata keçirilir. Pandemiya dövründə tələbələr istənilən yerdən imtahan moduluna daxil olur və imtahan verirlər. Amma pandemiya aradan qalxandan sonra isə tələbələr imtahan moduluna yalnız İmtahan Mərkəzinin zallarında quraşdırılmış komputerlər vasitəsilə daxil ola bilər. Qiymətləndirmə bölümündə  tələbələr müəllimlərin onlara verdiyi qiymətlərlə, müvəffəqiyyət kitabçası ilə tanış ola bilirlər.

                                                                                                                   

Bundan başqa  sistemə kafedralar və kafedralar tərəfindən tədris olunan fənnlər də daxil edilib. Fənlər isə mövzulara bölünübdür. Mövzular bölümünə hər bir kafedraya aid olan video-mühazirələr, PDF formatında mətnlər, prezentasiyalar və s. yerləşdirilir ki, bu da tələbə üçün semestr ərzində daha əlçatan olur”.                                                                                                                                                                                    

R.Əliyev tələbələrin istənilən vaxt elekron sistemdə mövzuları yükləmək və ya mövzularla tanış olmaq imkanları olduğunu da bildirdi. Tədrisin effektivliyini artırılması istiqamətində bu sistemi mövcud şəraitə görə  uyğun və uğurlu tətbiq hesab etdi: “Sərbəst iş moduluna isə tələbələrin sərbəst işləri yerləşdirilir. Yəni tələbələr bu sistemə daxil olmaqla sərbəst şəkildə işlədikləri mövzuları ora yükləyə bilərlər. Müəllimlər də tələbənin yüklədiyi mövzularla tanış olmaq imkanları əldə edir və mövzunu  qiymətləndirirlər. Sonra tələbə ona müəllim tərəfindən verilən qiymətlərlə də tanış olmaq imkanı əldə edir.  Yəni tələbənin müəllim tərəfindən qiymətləndirilməsi sistem vasitəsilə elektronlaşdırılıb. Tələbələr həmçinin evdən transkript-arayış sifariş verə bilər. Sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, tələbələrin iki günə cavablandırıldığı bu sifariş bir neçə dəqiqədə cavablandırıla bilər. Yəni transkripti avtomatik sistemdən vurulur, printerdə çap etməklə imzalanıb verilir”.