ATU-da Xocalı faciəsi ilə bağlı onlayn tədbir keçirilib
Xocalı faciəsindən 29 il ötür. Bununla əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) onlayn tədbir keçirilib. Öncə faciə zamanı həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev erməni faşizmi tərəfindən törədilən Xocalı soyqırımının XX əsrin ən böyük və insanlığa sığmayan faciəsi olduğunu bildirib. Bu qətliamı törədənlərin uzun illər cəzasız qaldığını və bu heyfin Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan II Vətən Müharibəsi zamanı müzəffər ordumuzun misilsiz qəhrəmanlığı ilə alındığını vurğulayıb. S. Əliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq və əl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında gəncliyin də üzərinə məsuliyyət düşür.
 
ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev də Xocalı soyqırımı barədə danışıb. O, bu faciənin bir sıra dövlətlər tərəfindən tanındığını qeyd edib. Vətənin müdafiəsində ATU tələbələrinin də fəal iştirak etdiyini xatırladıb. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında universitetin məzunu olmuş tele-jurnalist Çingiz Mustafayevin xüsusi xidməti olduğunu vurğulayıb. R. Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı zəfərdə ATU-nun məzun və tələbələrinin də payı var.
 
Daha sonra İctimai səhiyyə fakültəsinin VI kurs tələbəsi Taleh Qasımov şair Zəlimxan Yaqubun “Layla, Xocalım layla” şerini qiraət edib. Tədbirdə Xocalı faciəsi ilə bağlı tələbələrin hazırladığı video-çarx da nümayiş etdirilib.