Fevralın 25-də Böyük Elmi Şuranın onlayn formatda növbəti iclası keçirilib. Öncə şura üzvlərini və dəvət olunan kafedra müdirlərini salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu semestrdə artıq hissəvi də olsa yuxarı kurslarda dərslərin ənənəvi qaydada bərpa olunduğunu, yaxın gələcəkdə digər kurslarda da əsas fənlərin canlı şəkildə tədris ediləcəyinə əminliyini bildirib.
Pandemiya ilə bağlı böyük bir fasilədən sonra universitetimizdə nəinki tədrisin, digər proseslərin də canlandığını vurğulayan rektor qeyd edib ki, həm problem komissiyasının, həm aprobasiya seminarlarının, həm də dissertasiya şuralarının iclasları Ali Attestasiya Komissiyası tərəfindən təqdim olunmuş xüsusi qaydalarla nizamlanacaq: "İndi texniki hazırlıqlar aparırıq. İclaslar maksimum 10 nəfərin zalda, qalanların onlayn iştirakı ilə bərpa olunacaq. Mart ayından bu proseslərə start veriləcək. Səbirsizliklə pandemiyadan uğurla çıxmağımızı gözləyirik. Bilirsiniz ki, nə qədər təkmilləşdirməyə çalışsaq da, onlayn dərslər xüsusilə Tibb Universitetində canlı dərsləri əvəz etmir. Təsadüfi deyil ki, Təhsil Nazirliyi məhz bir neçə ali təhsil ocağında, o cümlədən Tibb Universitetində əyani dərslərin aparılmasına icazə vermişdir. Ona görə də, xüsusən, yuxarı kurslarda tədrislə məşğul olan kafedralara müraciət edərək vurğulamaq istəyirəm ki, bütün dərslər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş karantin qaydalarına uyğun aparılmalıdır".
Rektor G.Gəraybəyli giriş nitqindən sonra gündəlikdə duran məsələləri diqqətə çatdıraraq “Azərbaycan Tibb Universitetinin 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması üçün universitet kollektivinin qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verib.
COVID - 19 pandemiyası və Vətən Müharibəsi ilə əlaqədar cari dərs ilinin payız semestrində tədris prosesinin Azərbaycan Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə qəbul etdiyi qərarlara uyğun aparıldığını söyləyən prorektor imtahanın qiymətləndirməsində nəzərə alınan amillərə toxunub. Bildirib ki, cari qiymətləndirməyə ayrılan 50 balın üzərinə əlavə 50 bal artırılmaqla imtahanın qiymətləndirilməsi 100 balla aparılıb: "Aralıq qiymətləndirmə zamanı keçid bal 51 hesab edilmişdir. İmtahan keçirilən fənlər üzrə hər test 2 balla qiymətləndirilməklə 50 test sualı hazırlanmışdır. İmtahanda istifadə olunan bank sualları bütün fənlər üzrə təhsil proqramının məzmunu nəzərə alınaraq 30 faizə qədər azaldılmışdır".
Hesabat məruzəsində imtahan sessiyasınının nəticələri də öz əksini tapıb. 6533 tələbənin sessiyanı müvəffəqiyyətlə başa vurduğu bildirilib. Onlardan 86,5%-i sessiyanı “əla”, 11%-i əla” və “yaxşı”, 1,3%-i isə qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə cəmi 1,1% tələbənin akademik borcu qalıb ki, bu da fakültələr və kurslar üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin yüksək olduğunu göstərir.
Prorektorun sözlərinə görə, son 5 ildə ATU-ya qəbul olunan tələbələrdən 380-ə yaxını 600-dən çox bal toplayanlardır: "Təkcə ötən il istisna olmaqla, Prezident təqaüdçülərinin sayına görə ali məktəblər arasında həmişə birincilik qazanmışıq. Bu il universitetimizi seçən 24 Prezident təqaüdçüsünün hamısı bu adı qoruyub saxlaya bildi".
44 günlük müharibə dövründə internet şəbəkəsinin olmaması səbəbindən sıxlaşdırılmış tədris prosesinə başlayaraq müəyyən güzəştlər etdiklərini söyləyən professor S.Əliyev qiymətləndirmənin nəticələrindən narazı qalan tələbələr üçün təşkil edilən Apellyasiya Komissiyasının işini də yüksək qiymətləndirib. İmtahan sesiyası müddətində universitetin elektron poçtuna daxil olan 1156 müraciətə Apellyasiya Komissiyası üzvlərinin, fənn üzrə ekspertlərin və tələbələrin iştirakı ilə onlayn baxıldığını, əvvəlki semestrdən akademik borcu qalan və üzürlü səbəbdən imtahanda iştirak edə bilməyən tələbələrin fənni təkrar dinləmədən imtahan vermələrinə şərait yaradıldığını deyib.
Hesabat məruzəsində səslənən fikirlərə münasibət bildirən rektor imtahan nəticələrinin reallığı tam əks etdirmədiyini vurğulayıb və bunu pandemiya dövrünün yaratdığı fəsadlarla, dərs prosesinin onlayn şəkildə aparılması, eləcə də imtahanların xeyli yüngülləşdirilməsi ilə əlaqələndirib: "Builki imtahan sessiyası da göstərdi ki, bəzi kafedralarda testlər yenilənmir və yaxud hazırlanan testlərin səviyyəsi aşağıdır. Biz bu məsələlərə dair gündəlik tədbirlər həyata keçiririk. Çox vacib bir məqam da indiki semestrdə ənənəvi dərslərin bərpasıdır. Təəssüflə qeyd etmək istərdim ki, pandemiya dövrü həyatımızın digər sahələri ilə yanaşı, təhsilimizə də mənfi təsir göstərib. Bir müddət əvvəl bəzi tələbələr bizə müraciət edərək dərslərin onlayn keçirildiyi üçün təhsil haqqının 50 faiz azaldılmasını istəyirdilər. Yuxarı kurslarda ənənəvi tədris bərpa olunandan sonra müraciət edənlər isə əyani tədrisə qayıtmaq istəmədiklərini, onlayn dərslərin daha yaxşı olduğunu bildirirlər. Çox təəssüf ki, bu tendensiya müəllimlər arasında da var".
Kafedra müdirlərinin ilk növbədə tədris, müalicə işlərinə, həmçinin elmi və digər işlərə cavabdehlik daşıdığını vurğulayan rektor bildirib ki, yaşından və rütbəsindən asılı olmayaraq əgər kafedra müdiri yerindədirsə, bütün proseslər normal gedir. O kafedra müdirlərinin ki, fəaliyyəti qənaətbəxş deyil, həmin kafedralarda özbaşınalıq baş verir.
Professor G.Gəraybəyli yekun nitqində universetlə bağlanılan müqavilənin şərtlərinə əməl eməyin vacibliyinə də toxunaraq xatırladıb ki, bütün işçilərlə müqavilələrimiz tədricən yenilənəcək. Universitetlə əməkdaşın münasibəti məhz bu müqavilə əsasında tənzimlənəcək.
"Hər bir universitetin inkişafında əsas hədəf beynəlxalq akkreditasiya və beynəlxalq reytinqlərdə yüksək yer tutmaqdır" - deyən rektor bizim universitetdə də bu istiqamətdə işlər aparıldığını, bu məqsədlə yaratdığı işçi qrupuna beynəlxalq akkreditasiyaya nail olmaq üçün yol xəritəsi hazırlamağı tapşırdığını, prosesə beynəlxalq ekspertlərin də cəlb ediləcəyini söyləyib. Onu da vurğulayıb ki, Azərbaycan Tibb Universitetinin diplomları müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da birbaşa qəbul olunmasa da, məzunlarımız təkrar imtahan verərək müəyyən mərhələdən keçməklə həkim adı qazanmaq imkanına malik idilər: "Ancaq yeni qərar çıxıb. Artıq 2024-cü ildən beynəlxalq akkreditasiyadan keçməyən universitetlərin məzunları hətta bu prosesə cəlb edilməkdən də məhrum olacaqlar. Ona görə də istər elm, istər tədris, istərsə də beynəlxalq məsələlərlə bağlı sahələrdə hansı mərhələlərdən keçəcəyimiz barədə konkret planlarımız olmalıdır".
Universitetin rəhbəri klniki kafedraların əsasən şəhər poliklinikalarında yerləşən bazalarında mövcud olan problemlərdən də söhbət açıb və tövsiyələrini verib. Bundan sonra müzakirəyə çıxarılan müxtəlif məsələlər haqqında şura üzvlərini məlumatlandırıb.
I Uşaq xəstəlikləri kafedrasının professoru Nəsib Quliyevi kafedrada məsləhətçi-professor vəzifəsinə seçən, professorlar Nadeem Fazala və Messoud Ashinaya “Azərbaycan Tibb Universitetinin Qonaq Professoru (Visiting Professor)” adını verən Böyük Elmi Şura digər təklif və müraciətləri də təsdiqləməklə öz işini yekunlaşdırıb.