ATU-nun Tədris Terapevtik Klinikasında Bexçet xəstəliyinə dair seminar keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Bexçet xəstəliyinə həsr olunmuş seminar keçirilib. Toplantıda ATU-nun Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, ATU Tədris Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev çıxış edərək xəstəlik haqqında ətraflı məlumat verib. Qeyd edib ki, vaxtında düzgün müayinə və müalicə aparılmadıqda Bexçet xəstəliyi insanda hətta görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.
"Bexçet xəstəliyi Asiya irqinə mənsub insanlar arasında geniş yayılıb. Qanında HLA-B(5) 51 antigeni olan insanlar monitorinqə cəlb olunub nəzarətdə saxlanılmalıdır. Çünki diaqnozun vaxtında qoyulmaması insanda görmə qabiliyyətinin itirilməsilə nəticələnir. Bexçet xəstəliyi, əsasən ağızda avtoz xoralar, xarici cinsiyyət orqanlarında müəyyən xoralı dəyişikliklər, dəridə eritema nodozum, pustulyoz dəyişikliklər və oynaqlarda dəyişikliklərlə xarakterizə olunur. Eləcə də, vaxtında diaqnoz qoyulmadıqda gözdə də ciddi dəyişikliklər baş verir".
Professor Sahib Musayev diaqnozun vaxtında qoyulduğu və adekvat müalicə aparıldığı təqdirdə xəstələrin uzun müddət remissiya və əmək qabiliyyətini saxlaya biləcəyini də vurğulayıb. Seminara bu xəstəlik nəticəsində görmə qabiliyyətini itirmiş şəxs də dəvət olunub. Qeyd olunub ki, bu xəstəyə də uzun müddət diaqnoz qoyulmadığı üçün o, görmə qabiliyyətini itirib.
Daha sonra seminarda Revmatologiya və Qastroenterologiya şöbəsinin III kurs rezidenti Sevin Həsənzadə "Çarpaz Birləşdirici Toxuma Xəstəliyi" mövzusunda çıxış edib. Bildirib ki, Overlap sindromunda xəstədə görülən diaqnostik əlamətlər iki və ya daha çox klassik autoimmun revmatik xəstəliklərinə aid ola bilər: «Hər iki xəstəlik öz kriteriyalarına tam olaraq cavab verir. İki xəstəliyin əlamətləri eyni dərəcədə görülə bilər və ya biri o birindən daha üstün ola bilər. Simptomları ANA və Anti ds DNT yüksək titrda pozitiv görülür. Əllərdə daha çox oynaq ağrıları (sinovit) və yumşaq (puffy) şişkinlik, əzələ ağrıları (miozit), soyuqda və stres zamanı barmaqların ağarması, göyərməsi, qizarması (Reyno fenomeni), barmaq dərisində sərtləşmə və qalınlaşma, hərarət, çəki itkisi, halsızlıq müşahidə olunur".
S.Həsənzadə qeyd edib ki, birləşdirici toxuma xəstəliyinin müalicəsi xəstənin vəziyyətinə və zədələnmələrə görə dəyisir. Xəstəliyin əlamətlərini tezliklə aradan qaldırmaq və uzunmüddətli nəzarətdə saxlamaq üçün revmatik dərmanların təsiri başlayanadək kortikosteroid müalicəsi aparılmalıdır.
Həkim və rezidentlərin maraqlı müzakirələri ilə davam edən seminar daha sonra sual-cavab sessiyası ilə işini bitirib.