Pandemiya ilə əlaqədar ölkəmizin bütün ali məktəblərində olduğu kimi, Azərbaycan Tibb Universitetində də həm 2019-2020-ci tədris ilinin yaz, həm də 2020-2021-ci tədris ilinn payız semestrlərində dərslər onlayn qaydada aparılıb. Artıq yeni tədris ilinin yaz semestrində Nazirlər Kabinetinin müvafiq qərarı ilə III, IV, V və VI kurslarda ənənəvi əyani dərslərə başlanılıb, I və II kurslarda isə onlayn dərslər davam etdirilir.
Bu barədə bizi məlumatlandıran II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli onlayn dərslərin əyani dərslər qədər effektiv olmadığını deyir: “Onlayn dərslərdə biliyimizi, fikrimizi tələbələrə yüksək səviyyədə çatdıra bilmirik, onlarla ünsiyyət zamanı müəyyən çətinliklərlə qarşılaşırıq. Müşahidələrimiz də göstərir ki, tələbələr ənənəvi dərsin üstünlüyünü daha çox qəbul edirlər. Təbii ki, tələbələr arasında koronavirusa yoluxanlar da olur və 14 günlük karantin müddətində onları onlayn dərslərə qoşmaq məcburiyyətində qalırıq. Karantin qurtardıqdan sonra tələbələr yenidən ənənəvi dərslərə qatılırlar və hiss olunur ki, əyani dərslər üçün darıxıblar.
Mənim tədris apardığım kafedraya əsasən V və VI kurslar gəlirlər. Maksimum çalışırıq ki, tələbələr xəstələrin müayinəsində, müalicəsində və eləcə də aparılan manipulyasiyalarda fəal iştirak etsinlər. Onu da bildirim ki, Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində xəstələrimiz var. Biz burada xəstələr və mulyajlar üzərində tələbələrimizə cərrahi əməliyyatlarının gedişini və əməliyyatlardan sonrakı prosesi izləmək, müalicə taktikasının seçilməsində iştirak etmək imkanı yaradırıq. Müəyyən aparatların necə tətbiq olunduğunu, süni tənəffüz aparatına qoşulan xəstələri görürlər. Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən treninq mərkəzində onlar üçün tədris proqramına uyğun xüsusi təlimlər keçirik”.
Praktiki vərdişlərin aşılanmasında əyani dərslərin rolundan danışan fakültə dekanı tələbələrin kiçik qruplarla imkan daxilində cərrahi bloklara da aparıldığını, amma istənilən halda epidemioloju durumun nəzərə alındığını bildirir. Qeyd edir ki, universitet rəhbərliyi tədris prosesini tam nəzarətdə saxlayır və tələbələrimizi mümkün qədər yoluxmadan qorumağa çalışır: “Bəzi tələbələr evdə yaşlı valideynlərinin olmasını əsas gətirərək dərslərin onlayn keçirilməsi xahişi ilə rektora müraciət edirlər. Ümumilikdə isə tələbələrin əksəriyyəti ənənəvi dərsin tərəfdarıdır. Ümidvarıq ki, yaxın gələcəkdə epidemioloji durum sabitləşəcək və dərslər əvvəlki məcrasına yönələcək”.