Aprelin 10-11-də Türkiyənin paytaxtında VI Beynəlxalq Tibb və Səhiyyə Elmləri Araşdırmaları Konqresi keçirilib. Ankara Bilim Universiteti və Sağlıq Diplomasiyası Dərnəyinın təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi müxtəlif ölkə alimləri tərəfindən tibb və səhiyyə sahələrində əldə olunmuş son elmi, praktiki yeniliklərlə tanışlıq olub.
Konqresdə Türkiyənin aparıcı universitetlərinin (Atatürk Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Yozgat Bozok Universiteti, Sakarya Universiteti, Hatay Mustafa Kamal Universiteti, Yükses İxtisas Universiteti, Kocaeli Üniversitesi) əməkdaşları ilə yanaşı, Danimarka, Serbiya və s. ölkələrdən olan tədqiqatçılar məruzələrlə çıxış ediblər. Ümumilikdə 32 bölmə üzrə 320 oral və 26 poster məruzə edilib. Xüsusi nəşrdə 575 tədqiqat işinin xülasələri dərc olunub.
ATU-nun kafedra müdiri professor Eldar Qasımov beynəlxalq elmi konfransda “β -talassemiyalı xəstələrdə ferritinin və onun denaturasiya olunmuş formalarının elektron mikroskopik quruluş xüsusiyyətləri və fiziki parametrləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi β-talassemiyalı xəstələrin diş ətindən götürülmüş biopsiyalarda təbii ferritin nanohissəciklərinin ancaq elektron mikroskopun 100 mindən çox böyüdücülərində aşkar edildiyini müvafiq slaydlarla nümayiş etdirib. Qeyd olunub ki, ilk dəfə olaraq “İntensivlik profili” kompüter proqramından istifadə edərək (İTEM - Olympus, Yaponiya, Almaniya) TİF variantında çəkilmiş elektronoqrammalarda ferritin nanohissəciklərin özlərinin və onların denaturasiyası zamanı formalaşan hemosiderin toplantılarının fiziki parametrləri müəyyən edilib. β -talassemiyali xəstələrdə inkişaf edən xroniki sklerotik qinqivitli xəstələrin kəskinləşmə fazasında diş ətinin təşkilində iştirak edən strukturlarda ferritin nanohissəcikləri ilə yanaşı hemosiderinin miqdarlarının kəskin surətdə artması müqayisəli olaraq göstərilib.
Məruzəçi E.Qasımov orqanizmin dəmir elementləri ilə yüklənmə dərəcəsini müəyyən etmək üçün xəstələrin həyatı üçün təhlükə yaradan ürək və qaraciyərdən deyil, biopsiya materialının diş ətindən götürülməsi daha məqsədəuyğun olduğunu da bildirib.
Qeyd edək ki, bu məruzə R.V. Şadlinski və S.A. İsrafilovanın həmmüəlliflikləri ilə təqdim olunub. ATU əməkdaşının çıxışı maraqla qarşılanıb.