Əczaçılıq fakültəsinin dekanı tələbələrin suallarını cavablandırdı
Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin rəhbərliyi ilə  tələbələrin onlayn formatda növbəti görüşü keçirilib. Görüşdə fakültə dekanı dosent Kamandar Yaqubov tələbələrin onlayn dərslərə qoşulması, diskusiyalarda zəif iştirakı ilə bağlı müəllimlərin iradlarını səsləndirib. Qeyd olunub ki, bu il martın sonundan etibarən 1-3-cü kurslarda aralıq qiymətləndirmənin başlanmasına baxmayaraq, bəzi tələbələr texniki problem yaşayırlar. K.Yaqubov qeyd edib ki, belə tələbələrin müraciətləri araşdırıldıqdan sonra onlara təkrar şans verilib. Fakültə dekanı tələbələrə sərbəst işləri vaxtında təqdim etməyi tövsiyyə edib.
 
Daha sonra tələbələr tədris prosesin gedişi ilə bağlı bəzi məsələlər haqqında sualları səsləndiriblər. Bu zaman internetlə əlaqədar texniki məsələlər, mühazirələrin videoçarx şəklində təqdimatı, yerli və əcnəbi tələbələr üçün dərs vəsaiti, imtahanların təşkili ilə bağlı suallar cavablandırılıb.
 
Növbəti görüşdə buraxılış kursunun imtahan sualları ilə bağlı məsələnin müzakirəsinə ehtiyac olduğu bildirilib.