Dünya alimləri ATU-nun təşəbbüsü ilə əczaçılığın müasir problemlərini müzakirə ediblər
XX əsri Azərbaycanda əczaçılığın inkişafında intibah dövrü hesab etmək olar. Çünki bu yüzillikdə ölkəmizin əczaçılıq sahəsində əhəmiyyətinə görə bənzəri olmayan hadisə baş verib - Azərbaycanda əczaçılıq sahəsində ali təhsilin bünövrəsi qoyulub. Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresin açılış mərasimindəki çıxışında bildirib.
Rektor xatırladıb ki, məhz 1938-ci ildə ölkəmizdə Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil olunub: “Beləliklə, artıq Azərbaycanda ali əczaçılıq təhsilinin yaradılmasının 80 ili tamam olur. İftixarla qeyd etməliyəm ki, keçmiş SSRİ-nin türkdilli respublikaları, həm də qonşu Türkiyə və İranla müqayisədə ali əczaçılıq təhsili üzrə ilk qurum məhz Azərbaycanda yaranıb və sonradan müharibənin başlaması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb Universiteti əczaçılıq fakültəsinə çevrilib”.
Rektor, professor G.Gəraybəyli qeyd edib ki, respublikamızda əczaçılıqla məşğul olan mütəxəssislərin demək olar, hamısı ATU-nun Əczaçılıq fakültəsinin yetirmələridir: “İndiyədək bu fakültənin 6 mindən artıq məzunu olub və onlar əsasən müalicə-profilaktika müəssisələrində işləyirlər. Bu fakültə respublikamızla yanaşı, digər ölkələr üçün də ali təhsilli əczaçılar və elmi pedaqoji kadrlar hazırlayıb. ATU-nun Əczaçılıq fakültəsi ölkəmizdə bu sahədə yeganə elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin yerin yetirilməsi üçün Əczaçılıq kimyası kafedrasının nəzdində müasir əczaçılıq laboratoriyası qurulub. Ölkəmizdə əczaçılıq sənayesinin yaradılması və inkişafında da fakültənin və onun hazırladığı kadrların böyük rolu olub”.
Rektor, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr olunmuş elmi konqresin işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında son əsr ərzində Azərbaycanda əczaçılığın inkişafından danışıb və qeyd edib ki, bu inkişafda, əczaçı kadrların hazırlanmasında yubileyi qeyd olunan fakültənin böyük rolu olub.
“Əgər 100 il əvvəl Azərbaycanda cəmi 50 aptek var idisə, indi onların sayı 2900-a çatıb. Topdansatış müəssisələrinin sayı 100-dən çoxdur. Yeni əczaçılıq müəssisələri də yaradılır. Əgər 1998-ci ildə Azərbaycanda yalnız bir dərman istehsalı şirkəti var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən Azərbaycana dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də marağı artır”.
Səhiyyə nazirinin müavini E.Ağayev qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi istehsalçıdan istehlakçıya kimi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu istiqamətdə işlər daim təkmilləşdirilir. E.Ağayev bildirib ki, ATU-da son illər aparılan islahatlar əczaçılıq təhsilinin gələcək inkişafına müsbət təsir göstərəcək.
Sonra ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasiyasının sədri Tahir Süleymanov ölkəmizdə bu sahənin tarixi haqqında danışıb. Qeyd edib ki, zəngin təbii şəfaverici faktorlara və Şərq təbabəti təcrübəsinə əsaslanan Azərbaycan əczaçılığı dərin qədim köklərə malikdir. Hələ Qafqaz Albaniyası dövründə hazırlanmış məlhəmlərin və cövhərlərin Roma imperiyasına xaric edilməsinə dair saziş də bağlanmışdı. T.Süleymanov 1850-ci ildə ölkəmizdə ilk dəfə olaraq Bankə qəsəbəsində aptek yaradıldığını xatırladıb. T.Süleymanov əczaçılığın keçdiyi inkişaf mərhələlərindən də söz açıb.
Açılış nitqlərindən sonra “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqres işinə başlayıb. Toplantıda əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işləri, həmçinin də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlər müzakirəyə çıxarılıb. Türkiyənin Lokman Həkim Universitetinin rektoru Prof. Dr. Bülent Gümüşel , AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Akademik Dilqəm Tağıyev, Özbəkistanın S.Y. Yunusov adına Təbii Maddələrin kimyası İnstitutunun direktoru, prof. Dr. Şamansur Saqdullayev, Fransanın Marsel Universitetinin Əczaçılıq fakültəsi, Farmakoqnoziya və Etnofarmakologiya kafedrasının müdiri Prof. Evelyne Ollivier, Kiprin Yaxın Şərq Universiteti, Səhiyyə Elmləri İnstitutunun müdiri Prof. Dr. K. Hüsnü Can Başer, Tbilisi Dövlət Tibb Universiteti, Əczaçılıq fakültəsinin dekanı Ana Chincharadze, ABŞ-ın Cənubi Florida Universiteti, Əczaçılıq fakültəsi, dekan müavini Prof. Dr. Yashmant Pathak, Təbriz Tibb Elmləri Universiteti, Kliniki farmakologiya kafedrasının müdiri Dr. Haleh Rezaee və digər iştirakçılar müxtəlif mövzularda məruzələr səsləndiriblər.
Konqresdə dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət; Yeni dərman maddələrinin sintezi; Əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikatlaşdırılması kimi mövzular müzakirə olunub. Bununla yanaşı, müasir dərman formalarının hazırlanma texnologiyası; biotexnoloji və immunobioloji istehsalın müasir texnologiyaları; əczaçılıq biotexnologiyası; təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi; əczaçılıq toksikologiyası, zəhərli təsirə malik birləşmələrin kimyəvi-toksikoloji tədqiqi kimi maraqlı məsələlər barəsində məruzələr səsləndirilib. Tədbirdə əczaçılıq sahəsində dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr iştirak ediblər.