Rezidentura mərhələsində həkim- mütəxəssislərin hazırlanmasının vəziyyəti müzakirə edilib

Böyük Elmi Şuranın  onlayn formatda növbəti iclası keçirilib. İlk öncə universitetin 90 illik yubileyi münasibətilə bir qrup əməkdaşa fəxri adların verildiyini deyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivin, Böyük Elmi Şuranın və  şəxsən öz adından  dövlətimizin başçısı cənab İlham Əliyevə və  Birinci vitse Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi. Bundan əlavə  bir neçə əməkdaşın Səhiyyə Nazirliyi tərəfindən də  “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanla təltif olunduğunu vurğulayaraq  təltif olunanları, eləcə də bütün kollektivi  yubiley münasibətilə təbrik etdi, işlərində nailiyyətlər arzuladı. Rektorun giriş nitqindən sonra Rezidentura və magistratura şöbəsinin müdiri, professor Nailə Sultanova “Azərbaycan Tibb Universitetində rezidentura mərhələsində həkim- mütəxəssislərin hazırlanmasının vəziyyəti və qarşıda duran vəzifələr” haqqında məruzə ilə çıxış etdi. 

 

Şöbənin fəaliyyəti barədə məlumat verən N. Sultanova qeyd etdi ki, şöbə öz işini  Nazirlər Kabinetinin   21 noyabr  2013 – cü il 330 saylı qərarı ilə təsdiq edilmiş  Rezidentura   təhsilinin məzmunu və  təşkili,  Səhiyyə Nazirliyinin əmr və təlimat məktubuna əsasən yerinə yetirir. Əsas məqsəd ATU- ya  qəbul olmuş rezident və magistrların tədrisinin təşkilini, rezidentlərin klinikalarda maksimum səviyyədə xəstələrlə təminatını, rotasiyaların təşkilini, elmi-tədqiqat işlərinə cəlb edilməsini və daxili nizam-intizam qaydalarına riayət etmələrini, eləcə də dövrü və yekun attestasiya imtahanlarını təşkil etməkdən  ibarətdir.

Şöbə müdiri hesabat məruzəsində nəzərə çatdırdı ki, hal-hazırda  universitetdə 57 ixtisas üzrə I kursda -  194 , II kursda - 180 ,  III kursda -  138, IV  kursda - 68, V kursda - 29 olmaqla  609  nəfər rezident təhsil alır ki, onlardan da 49  nəfəri əcnəbi vətəndaşlardır, 3 nəfəri isə  ödənişli əsaslarla 2 – ci təhsil alan rezidentlərdir. 16 müxtəlif bazalara müqavilə yolu ilə  175 rezident təhkim olunmuşdur.

 

2019-2021 – ci illər ərzində 2019 – da  18 nəfər, 2020- də   13 nəfər, 2021 – də  11  nəfər müxtəlif səbəblərdən rezidentura sıralarından xaric olunmuşdur.

 

Cari ildən etibarən Nazirlər Kabinetinin 15 mart 2019- cu il 103 saylı qərarında təsdiq etdiyi siyahiya əsasən Azərbaycanda rezidentura yolu ilə həkim-mütəxəssis hazırlığında təhsil müddəti 2 ildən 5 ilədək olmaqla 57 ixtisas üzrə aparılır. 2020 –ci ildə isə rezidentura hazırlığına 18 ixtisas əlavə edilib.

 

Ali təhsilin magistratura səviyyəsi  üzrə təhsil pilləsinə 2020 – ci ildən etibarən 2 yeni ixtisas Səhiyyə menecmeni və Klinik  psixologiya ixtisasları əlavə olunmaqla 7 ixtisas üzrə qəbul aparılıb. Magistraturanın I kursunda -35, II kursunda -13 nəfər olmaqla 48 magistrant təhsil alır.

 

Sözünə davam edən şöbə müdiri vurğuladı ki, rezidentlərin kliniki hazırlığını yaxşılaşdırmaq və müasir tələblər səviyyəsinə çatdırmaq üçün klinikalarımızda və laboratoriyalarımızda rezidentlər üçün lazımı şərait yaratmaq, onların xəstələrin müayinəsi, diaqnostikası və müalicəsi prosesində yaxından iştirak etməsi, müasir protokollarla tanış olmaları  üçün  kuratorlar, kafedra və şöbə müdirləri, eləcə  də klinika rəhbərləri daimi olaraq  diqqət göstərməlidirlər.

 

Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminə uyğun olaraq  rezidentlərin iş rejiminidə də bəzi dəyişikliklərin olunduğunu söyləyən N.Sultanova dedi ki, COVİD -19 la mübarizə planında ATU- ya təhkim olunmuş ixtisasından və kursundan asılı  olmayaraq bütün rezidentlər həm ambulator, həm də stasionar istiqamətdə  çox aktiv iş planı ilə işləməsi və bu mübarizədə fəal iştirak etməsi, onların həkimlik praktikasında da çox böyük  təcrübi biliklərin əldə edilməsinə səbəb olub. Bununla yanaşı İkinci Qarabağ müharibəsi zamanı qazılərimizə göstərilən tibbi xidmətlərdə də rezidentlərimizin  zəhməti danılmazdır.

 

Onun sözlərinə görə rezidentlərin daha da mükəmməl təkmilləşmələri və klinik bacarıqlarını daha da artırmaq məqsədi ilə 2013- cü ildən başlayaraq ATU ilə  ilə xarici ölkə üniversitetləri arasında bağlanmış ikitərəfli müqavillələr əsasında rezidentlərimizin  xaricdə rotasiyaları təşkil olunur.  2019- cu ildən indiyədək  ABŞ- da 2, Türkiyədə - 145, Almaniyada - 30, İtalyada-1, İngiltərədə-1, Avstriyada -1 nəfər olmaqla rezidentlər rotasiyaya göndərilmiş və bu iş hal-hazırda da uğurla davam etdirilir.

 

N. Sultanova dedi ki, rezidentlərin həkim mütəxəssis kimi yetişdirilməsində onların klinik fəaliyyətləri ilə bərabər elmi tədqiqat işlərinin aparılması da böyük əhəmiyyət kəsb edir:  “Belə ki,  artıq 8 ildir ki ATU-da   ATUREK adı altında rezidentlərin elmi- təcrubi konfransını keçirlir. Bu il ölkəmizdə yaranan COVID-19   pandemiyası ilə əlaqədar  karantin rejiminin tələblərinə uyğun  olaraq  konfrans  onlayn formatda keçirilib. Bu konfrans  formatına görə fərqlənsə də,  məqsəd etibarı ilə eyni mahiyyəti daşıyaraq keyfiyyətinə və məzmununa  heç bir xələl gəlməyib.

 

Bununla yanaşı  rezidentlərin həm elmi, həm də praktik fəaliyyətlərini artırmaq və təkmilləşdirmək məqsədi ilə  müxtəlif xarici ölkələrin ixtisaslı alimləri ilə vebinarlar təşkil olunmuşdur.”

 

Rezidentura təhsilində dövrü və yekun attestasiya imtahanlarından da bəhs edən natiq söylədi ki, attestasiya  imtahanlarının keçirilməsi «Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarına uyğun aparılmışdır: “Bu il dövrü və yekun attestasiyasının keçirilməsi hörmətli rektorumuz, professor G. Gəraybəylinin göstərişinə əsasən  karantin qaydalarına uyğun təşkil edilmişdir. Yekun attestasiyada  Səhiyyə Nazirliyinin əməkdaşları da həm test mərhələsində həm də ΙΙ mərhələ sayılan klinik bacarıq imtahanlarının təşkili və keçirilməsində iştirak etmişlər.

Yekun imtahanın test mərhələsinin nəticəsi olaraq bildirmək istərdim ki,  iştirakı nəzərdə tutulan 344 nəfər rezidentdən 14 nəfəri imtahana gəlməyib, 330 rezidentdən 33 nəfər kəsilib, 297 nəfər isə ΙΙ  mərhələyə buraxılıbdır. ΙΙ- ci mərhələdə 297  nəfər iştirak edib və 296 nəfər imtahandan kecib 1 nəfər isə kəsilmişdir.”

 

Professor N. Sultanova çıxışının sonunda rezidentura və magistratura şöbəsinin  fəaliyyəti dövründə rezidentlərin bir sıra problemlərini və onları narahat edən müəyyən məsələləri qeyd etməklə bərabər həm də şöbənin fərdi olaraq bəzi təkliflərini də şura üzvlərinin nəzərinə çatdırdı.

 

İclasda çıxış edən kafedra müdirləri professor Elçin Ağayev və professor Elmira Əliyeva hesabat məruzəsini qənaətbəxş qiymətləndirərək bir sıra təklif və rəylərini də dilə gətirdilər.

 

Səslənən fikirlərə münasibət bildirən universitetin rəhbəri, professor G. Gəraybəyli müzakirə olunan məsələnin tibb sahəsində ən vacib məsələlərdən biri olduğunu və son illər rezidentlərin öz ixtisaslarından asılı olmayaraq,  istər universitetimizin klinikalarında istərsə də digər klinikalarda COVID-19-la mübarizəyə cəlb olunduğunu və aktiv  fəaliyyət göstərdiklərini söylədi: “Rezidentura təhsili tibb təhsilinin vacib tərkib hissəsi hesab olmaqla yanaşı, yenə də təkmilləşməlidir.  Rezidentura üzrə bu və digər ixtisaslar üzrə proqramlar yenilənməlidir. Bildiyiniz kimi bu proses pandemiyadan əvvəlki dövrdə başlamışdır. Bir neçə ixtisaslar üzrə proqramlar hazırlanıb  və beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Hesab edirəm ki, qalan ixtisasalar üzrə də proqramların təkmilləşdirilməsi vacibdir. O, proqramlarda rezidentlərin ilk növbədə praktik vərdişlərə yönəldilməsini və onların elmi fəaliyyətə istiqamətləndirilməsini vacib hesab edirəm.

 

Bazalar haqqında danışdıqda ilk növbədə rezidentlərin təhsili nəzərdə tutulur. Amma 3 ildir ki, istər dövlət, istərsə də özəl klinikalarla müqavilə bağlayıb onlardan da baza kimi istifadə edirik. Mən çox məmnunam ki, bu günkü epidemioloji vəziyyətə baxmayaraq, qaydalara riayət etmək şərti ilə rezidentlərin imtahanlarını apara bildik. Tələbələrin imtahanlarından fərqli olaraq bu imtahan prosesindən də  məmnunam. Hesab edirəm ki, rezidentura şöbəsinin  fəaliyyəti yetərincədir və ümumilikdə rezidentura təhsili irəli gedir.”

 

Sonra iclasın gündəliyində duran müxtəlif məsələlər müzakirə olundu. Şura üzvləri  şöbənin rezidentura təhsilində yekun attestasiya imtahanlarının test mərhələsindəki açıq sualları situasion məsələlər ilə əvəz olunması barədə verdiyi  təklifini səsə qoydu və edilən dəyişikliklər təsdiqləndi.

 

Bundan başqa gündəliyə çıxarılan tədris proqramlarının beynəlxalq akkreditasiyası barədə söhbət açan rektor bildirdi ki, hər bir universitetin fəaliyyəti beynəlxalq akkreditasiya ilə ölçülür: “Hər bir universitetin hədəfi beynəlxalq reytinqə daxil olmasıdır. Bu vacib məsələdir və həm də universiteti bitirən tələbələrin digər ölkələrdə diplomlarının tanınmasında əsas şərtlərdən biridir. Biz cari ildə 2020-ci ildə 3 ixtisas üzrə- Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisaslarının beynəlxalq akkreditasiyası üçün xarici şirkətlə müqavilə imzalamışıq. Həmin şirkət Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən tanınır. Hesab edirəm ki, bu addım beynəlxalq arenada tibb universitetinin nüfuzunun qalxmasına, diplomların tanınmasına, universitetimizə xaricdən olan marağın artmasına müsbət təsir göstərəcək.

 

Qeyd edim ki, ABŞ-da və digər ölkələrdə əcnəbi tibb məzunları üçün yeni tələblər ondan ibarətdir ki, hər bir məzun və onun oxuduğu universitet beynəlxalq akkreditasiyadan keçmiş olsun. Ona görə də 2024-cü ildən etibarən beynəlxalq akkreditasiyadan keçməmiş universitetlərin diplomları nə Amerikada nə də digər ölkələrdə  tanınmayacaq. Bizim son illər apardığımız işlərin nəticələrinə görə ümid edirik ki, bu akkreditasiyadan müsbət rəylə çıxacağıq. Beynəlxalq akkreditasiyanın ən mühüm mərhələlərindən biri universitetin tədris prosesi haqqında geniş hesabat hazırlamasıdıdır. Müqaviləyə görə şirkətin universitetimizə komissiya  göndərməsi və apardığı tədqiqtalar nəticəsində rəy hazırlaması nəzərdə tutulub. Hazırlanan rəy universitetin beynəlxalq akkreditasiya olunmasında həlledici rol oynamalıdır. Hesab edirəm ki, biz bu sınaqdan da uğurla keçəcəyik. O zaman bu 3 ixtisas beynəlxalq akkreditasiyadan keçmiş və beynəlxalq tələblərə uyğun hesab oluna bilər.”

 

Müxtəlif məsələlərdən bəhs edən rektor bildirdi ki, təhsilin  yeni iqtisadi modelinin qurulması, resurs təminatının möhkəmləndirilməsi, eləcə də Təhsil Nazirliyinin Akkreditasiya Şurasının  nəticələrinin 3-cü fəslində qeyd olunan irad və təklifləri nəzərə alaraq ATU-nun Təhsil Proqramında da bir sıra dəyişikliklər edilmişdir.  Rektor diqqətə çatdırdı ki, tibb və digər ixtisasların tədris proqramlarında Ümumi gigiyena fənninin tədrisi nəzərdə tutulmadığı üçün Ümumi gigiyena və ekologiya  kafedrasının illik dərs yükünün kəskin azalaraq 1180 saata çatması onun kafedra kimi fəaliyyət göstərməsinə imkan vermədiyinə görə  ləğv olunmalıdır. Bundan sonra Tibbi profilaktika və İctimai səhiyyə ixtisasının tədris proqramında nəzərdə tutulan Ümumi gigiyena və ekologiya kafedrasında tədris olunan gigiyenik diaqnostika, gigiyena və ictimai ekologiya, radioasion gigiyena və ekoloji sağlamlığa giriş fənləri Qidalanma  və kommunal gigiyena kafedrasında tədris olunması və həmin dərs yükünün də bu kafedraya verilməsi məsələsi Elmi Şuranın müzakirəsinə çıxarıldı və şura üzvləri tərəfindən səsə qoyularaq təsdiq olundu.Sonda Böyük Elmi Şura bir sıra müxtəlif məsələlərə də münasibət bildirdi. Universitetin nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı Elmi-tədqiqat, tədris-klinik mikrobiologiya, Tədris-klinik biokimya və Tədris-klinik epidemiologiya laboratoriyalarının fəaliyyətinə xitam verilməsi, tədris və elmi-tədqiqat işləri ilə bağlı funksiyaların müvafiq kafedralara həvalə edilməsi, elmlər doktoru işlərinin mövzusunun və elmi məsləhətçinin təsdiq edilməsi, elmlər doktoru işində dissertasiya mövzusunun dəyişdirilməsi, eləcə də ATU-nun tədris prosesində dəyişikliklərin edilməsi, dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiq etməklə öz işini yekunlaşdırdı.