Mayın 16-dan etibarən Azərbaycan Tibb Universitetində bütün fakültələr üzrə buraxılış kurslarının sessiya imtahanlarına start verilib. İmtahan prosesinin mayın 31-də başa çatması nəzərdə tutulur.
Bu barədə danışan İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova Əczaçılıq fakültəsinin tələbələrinin imtahanları onlayn qaydada verdiklərini diqqətə çatdırdı. Bildirdi ki, adıçəkilən fakültədə əcnəbi tələbələrin sayı yerli tələbələrdən çoxdur: “Əcnəbi tələbələr pandemiyaya görə öz ölkələrindədirlər. Onlar çoxluq təşkil etdiyi üçün bu fakültədə oxuyan bütün tələbələr onlayn şəkildə imtahan verirlər. Amma digər fakültələrin tələbələrindən İmtahan Mərkəzinin zallarında səhər saat 08.30-dan 13.30-dək ənənəvi qaydada imtahan götürülür”.
Ü.Cəfərova tələbələrin mühafizəçilər tərəfindən hərarəti ölçüldükdən sonra imtahana buraxıldıqlarını vurğuladı. Qeyd etdi ki, hərarəti yuxarı olan tələbə imtahana buraxılmır: “Həmin tələbələr müayinəyə göndərilir, nəticə neqativ çıxarsa, onlara dərhal imtahan vermələri üçün şərait yaradılır. Pozitiv çıxarsa, onların karantin müddətlərinin başa çatması gözlənilir və rəhbərlik tərəfindən uyğun gün təyin olunaraq imtahan vermələrinə şərait yaradılır. Bu il Əczaçılıq və Stomatologiya fakültələrinin tələbələri üçün imtahana açıq tipli suallar salınıb. 25 sualın hər biri 2 balla qiymətləndirilir. Açıq tipli test tapşırıqları olan fakültələrdə 15-i baza sualı, 10-u isə açıq tiplidir. Açıq tipli sualların tətbiqinin məqsədi tələbələri əzbərçilik vərdişlərindən uzaqlaşdırmaqdan ibarətdir”.
Ü.Cəfərova tələbələrin imtahan suallarından etdikləri şikayətlərlə bağlı məsələyə də toxundu. Onların şikayətlərinə onlayn şəkildə baxıldığını, müraciət daxil olan kimi, araşdırılması üçün müvafiq kafedraya - ekspertə göndərildiyini vurğuladı. Müsahibimiz qeyd etdi ki, tələbənin şikayəti əsaslıdırsa, nəzərə alınır və nəticə ilə bağlı elektron ünvanlarına məlumat göndərilir.
II Müalicə-profilaktika fakültəsinin V-VI kurs üzrə dekan müavini Arzu Bəydəmirova isə bildirdi ki, fakültənin VI kurs tələbələrinin 2-ci imtahanları gedir: “Tələbələrimizin əksəriyyəti təyin edilmiş vaxtda imtahanları verirlər. İmtahana buraxılmamışdan öncə hər birinin hərarəti yoxlanılır. Tələbələr spirtlə dezinfeksiya olunur, imtahan zalında məsafə gözlənilir, maskadan istifadə edirlər”.
İmtahanın gedişi ilə bağlı tələbələrin də fikirlərini öyrəndik. II Müalicə-profilaktika fakültəsinin imtahandan çıxan VI kurs tələbələri Fidan Qəribova, Məhəmməd Abbaszadə, Fidan Abbaszadə imtahan prosesindən razı qaldıqlarını bildirdilər. Sualların əksəriyyətinə cavab verdiklərini, imtahanla bağlı narazılıqlarının olmadığını dilə gətirdilər.
Tələbələrdən bəziləri isə bir sıra təkliflər səsləndirdi. Fatma Həsənova tələbələrin əzbərçilik vərdişlərindən uzaq olmaları üçün imtahanların yazılı şəkildə götürülməsini məqbul hesab etdiyini söylədi.
Nuran Ağalı isə yuxarı kurs tələbələri üçün praktik təcrübəyə daha çox vaxt ayrılmasını təklif etdi. Ana dilimizdə dərs vəsaitlərinin az olmasından gileylənən N.Ağalı onların yenilənməsinin zəruriliyini vurğuladı.
Daha sonra imtahan prosesini izlədik. Zallarda nəzarətçilər imtahanın gedişinə nəzarət edir, tələbə biletləri yoxlandıqdan sonra məsafə qorunma şərti ilə kompüter arxasına əyləşmələrinə icazə verirdilər.
Mühafizəçilər isə binanın girişində tələbələri qarşılayırdı. Üstləri cihazla yoxlandıqdan sonra onlar imtahana buraxılırdılar.