“Türkiyə-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib
Professor Gəray Gəraybəyli: “ATU-da beynəlxalq əlaqələrin inkişaf etdirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir”
Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.
 
Tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
 
F.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.
 
Nazir müavini 70 minlik tələbə kontingentinə və bir əsrlik tarixə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətinə toxunub.
 
Çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əlaqələrin yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.
 
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, ATU-da beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb: “Son 5 ildə bu sahədə sürətli inkişafın şahidiyik. Təbii ki, bu prosesdə Türkiyə Cümhuriyyətinin təhsil və elm qurumları ilə əlaqələr xüsusi yer tutur.
 
Təsadüfi deyil ki, hazırda Türkiyənin 20 fərqli elm və təhsil qurumu ilə geniş əlaqələr qurulub və aktiv əməkdaşlıq həyata keçirilir. Bu qurumlarla imzalanmış sənədlərdə universitetlər arasında tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi fəaliyyət, birgə elmi tədbirlərin (konfranslar, seminarlar, simpoziumlar, treninqlər və s.) həyata keçirilirməsi nəzərdə tutulub. Həmçinin onu da qeyd etmək istərdik ki, Türkiyənin 6 universiteti ilə Mevlana mübadilə proqramı üzrə və l universitetlə isə Erasmus mübadilə proqramı üzrə əməkdaşlıq da mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Tibb Universiteti təhsil alan əcnəbi vətəndaşların sayına görə ölkədə lider universitetdir.
 
Sevindirici haldır ki, onların içərisində Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, ATU-da ümumilikdə 883 nəfər Türkiyə vətəndaşı təhsil alır. Onların 675 nəfəri 3 ixtisas (Müalicə işi, Diş həkimliyi, Əczaçılıq) üzrə, 203 nəfəri Hazırlıq kursunda, 5 nəfəri isə Rezidentura tahsili almaqdadır. Əməkdaşlıq etdiyimiz Türkiyə universitetləri içərisində Qazi universiteti olan əlaqələr xüsusilə diqqəti cəlb edir. Qazi Univesiteti ilə artıq 10 ilə yaxındır ki, aktiv əməkdaşlığımız mövcuddur. 2020-ci ilin sentyabr ayında universitetlər arasında geniş tərkibdə onlayn görüş keçirilmiş. əməkdaşlıq tarixi və gələcək prespektivlər müzakirə olunmuşdur. Həmin görüşdə Əməkdaşlıq Protokolunun yeni müddəalar əlavə edilməklə yenilənməsinə qərar verilmişdir. Öncəki əməkdaşlıq istiqamətləri ilə yanaşı, Azərbaycan Tibb Universitetində yeni açılmış "Tibb bacılığı" va "Fizioterapiya və tibbi reabilitasiya" ixtisasları, ikili diplom proqramları və kurrikumların yenilənməsi üzrə əməkdaşlıq istiqamətləri də əlavə edilmişdir. Görüşdan sonra dərhal işçi qruplar yaradılmış və qeyd olunan yeni ixtisaslar üzrə əməkdaşlığa start verilmişdir. Qeyd etmək istərdim ki, Qazi Universitetində tələbələrin rahatlıqla istifadə edə biləcəyi onlayn tədris platforması yaradılmışdır. ATU-nun tələbələri bu dərslərə böyük həvəslə qatılmış və öz biliklərini daha da genişləndirmişlər”.
 
Rektor bildirib ki, son ildə görülən ən mühüm işlərdən biri də, ATU-da yeni açılmış "Tibb bacılığı" və "Fizioterapiya və tibbi reabilitasiya" ixtisasları üzrə mütəxəssis hazırlanmasına Qazi Universitetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Nəcibə xanımın şəxsində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin verdiyi dəstəkdir: “Həmçinin diqqətinizə çatdırmaq istərdim ki, hörmətli rektor Musa Yıldızın başçılıq etdiyi nümayəndə dünən Azərbaycan Tibb Universitində olub, görüşlərimizdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi prespektivləri müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda 1-ci kurs tələbələri ilə yanaşı, yuxarı kurslarda təhsil alanlara da onlayn dərslərdə iştirak imkanı yaradılsın, ikili diplom proqramları üzrə daha aktiv iş aparılsın və magistratura-doktorantura təhsil pilləsi üzrə mübadilə proqramlarının mümkünlüyü mutəxəssislərin iştirakı ilə müzakirə edilsin”.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.