İctimai səhiyyənin aktual problemləri müzakirə olunub

İki günlük vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib

Mayın 25 və 26-da Azərbaycan Tibb Universitetinin bir qrup əməkdaşı ilə türkiyəli mütəxəssislərin “İctimai səhiyyədə aktual problemlər” mövzusunda birgə vebinarı keçirilib. Vebinarı ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Nailə Sultanova açıb.

 

Sonra ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev qonaqları salamlayıb və giriş nitqi söyləyib. A.Ağayev bildirib ki, vebinarın təşkil edilməsində əsas məqsəd universitetimizi beynəlxalq miqyasda daha yaxından tanıtmaq və əməkdaşlarımızın qabaqcıl dünya təcrübəsindən yetərincə faydalanmasına şərait yaratmaqdan ibarətdir.

 

Bundan sonra vebinarın gündəliyi elan olunub. ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayevanın “Azərbaycan Tibb Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Çıxışında ATU-nun beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən A.Babayeva qeyd edib ki, universitetimiz dünyanın bir sıra qabaqcıl təhsil müəssisələri ilə geniş əməkdaşlıq münasibətləri qurub. Belə ki, ATU beynəlxalq əlaqələr çərçivəsində mövcud olan bir çox proqramlara qoşulub və həmin proqramlarda tamhüquqlu üzv kimi iştirak edərək uğurlu nəticələrə imza atıb.

 

İki gün davam edən vebinarda Türkiyənin Hitit Universitetinin dosenti Ali Unal “STRES tədqiqatları, ÜST-ün xroniki xəstəliklərin risk amillərinin müşahidəsinə mərhələli yanaşması”, Tarsus Universitetinin dosenti Şükrü Anıl Toyğar “Əhali qruplarının ictimai səhiyyə ehtiyacları, ailə, etnik qrupların və irqlərin sağlamlığı”, Ankara Universitetinin professoru Afsun Ezel Esatoğlu “Əhalinin sağlamlıq vəziyyəti və əhalinin sağlamlığının inteqral indikatorları”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin informasiyalaşdırılması mərkəzinin direktoru Cəbrayıl Əsədzadə “Səhiyyə sistemində elektron xidmətlər” mövzularında geniş söhbət açıblar.

 

Vebinarda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisi dr. Tural Qulu, UNEC Biznes Məktəbinin əməkdaşı dr. Teymur Mirzəbəyli, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva, ATU-nun Psixiatriya kafedrasının assistenti Gülay Məmmədzadə, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini ə.ü.f.d. Əfsanə Məmmədova gündəlikdəki mövzu ətrafında müxtəlif məruzələrlə çıxış ediblər.

 

Diskussiya formasında keçən vebinarın gedişində - fiziki aktivlik ictimai sağlamlığın aktual problemi kimi, uşaq sağlamlığı və sağlamlığın sosial və mədəni həyatda rolu, ortaq həyat tərzi, ictimai yaşam dövründə zərərli vərdişlərin ölüm sayında statistik göstəriciləri haqqında alimlərin araşdırmaları açıqlanıb. Çıxış edən natiqlər, eləcə də inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsi, universal tibbi təminat, səhiyyə islahatları, tibbi sığortanın tətbiq edilməsi və elektron səhiyyənin əhəmiyyətindən danışıblar. Vebinarda COVID-19 pandemiyasının dünyadakı son durumu və bu virusa qarşı aparılan işlərlə bağlı da məlumat verilib.

Tədbirdə magistratura təhsil pilləsində səhiyyə menecmenti ixtisasının aktuallığına dair müzakirələr və hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

 

Vebinarın işini yekunlaşdıran professor Anar Ağayev iştirakçıların hər birinə təşəkkürünü bildirərək qeyd edib ki, bu tədbir pandemiya dövründə ilk dəfə olaraq ictimai səhiyyə sahəsində ən səmərəli bir vebinardır və belə tədbirlər davamlı olacaq.
Vebinarın sonunda tədbir iştirakçıları sertifikatlarla təltif olunublar.

 

Məlumat üçün bildirək ki, Ankara HBV Universitetinin Səhiyyə təşkilatlarının idarə edilməsi kafedrasının doktorantı, Modern Hospitalın direktoru Ravil Tağıyev və ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayeva vebinarda panellərə moderatorluq edirdilər.