Vətən müharibəsinin qəhrəmanlarından biri də ATU-nun əməkdaşı Kənan Orucovdur
44 günlük Vətən müharibəsində gənclərimizin böyük qəhrəmanlıqlarının şahidi olduq. Mətbuat orqanlarında, televiziya ekranlarında, eləcə də sosial mediada ölümün gözünə dik baxan, düşmənin üzərinə cəsarətlə yeriyən, torpaqlarımızın azadlığı naminə hər şeyə hazır olan əsgərlərimizlə bağlı qələmə alınan yazılar, görüntülər ürəyimizi qürur hissi ilə doldururdu. Belə gənclərdən biri də ATU-nun İnformasiya texnologiyaları şöbəsinin texniki Kənan Orucovdur.
24 yaşlı Kənan Azərbaycan Kooperasiya Universitetini bitirib. 2018-2019-cu illərdə hərbi xidmətdə olub. O vaxt ağlına da gəlməzdi ki, çox keçməyəcək, torpaqlarımızın azad olunmasında öz hərbi ixtisası üzrə - minaatan heyət nəfəri kimi iştirak edəcək.
Ötən il sentyabrın 28-dən cəbhədə olan K.Orucov Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində ağır döyüşlərə qatılıb. Dediyinə görə, ən ağır döyüşlər Xocavəndin Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində olub: “Biz həmin istiqamətdən Şuşaya yaxınlaşmalı idik. Ermənilər bunu hiss edib, bizi sürəkli top və iriçaplı pulemyot atəşinə tutdular. Qəlpələr ətrafımıza yağış kimi səpələnirdi. Şübhəsiz, biz də onları cavabsız qoymurduq. İki həftə meşədə açıq havada qaldıq. Hərbçilərimiz arasında qələbə qazanmaq əhval-ruhiyyəsi yüksək idi. Heç kəs arxaya dönmək haqqında fikirləşmirdi. Yalnız irəli getmək, qələbə qazanmaq haqqında düşünürdük. Hamımız yaxşı bilirdik ki, biz özgə torpaqlarında deyil, öz torpaqlarımız uğrunda vuruşuruq. Ermənilər qorxmadığmızı, necə vuruşduğumuzu görüb silahlarını, idarə etdikləri texnikaları atıb, arxalarına baxmadan qaçırdılar. Ermənilərin özləri haqqında formalaşdırdığı “məğlubedilməz” mifini cəmi 44 gündə darmadağın etdik”.
K.Orucov müharibənin insan həyatında buraxdığı izlərdən də söhbət açdı. İlk dəfə yaralıları və şəhid olanları görəndə, ona təsir etdiyini bildirdi: “Müharibə deyəndə ölüm-itim, fəlakət, dağıntılar gözlərimizin qabağından keçir. Bunları yaşamaq asan deyil. Amma bizim qələbə əzmimiz hər şeydən üstün idi. Hətta düşmən tərəfdən vuruşan xüsusi hazırlıq görmüş muzdlular da qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilmədilər. Bilirdik ki, müharibədir, hər şey ola bilər. Doğrudur, müharibə vaxtı ac qalmadıq, amma susuz qalan vaxtlarımız oldu”.
Gənc qəhrəmanımız Şuşanın alınmasını belə xatırlayır: “Şuşa alınanda, biz Qırmızı Bazar ərazisində idik. O istiqamətdən Şuşaya yaxınlaşmaq əmrini almışdıq. Qarşı tərəfdə şəhər uğrunda gedən döyüşləri izləmək imkanımız vardı. Şuşa alınanda, sevincimizin həddi-hüdudu yox idi. Səhərə qədər heç birimiz yatmadıq. Mənim üçün o hisləri izah etmək çox çətindir. Şuşanın alınmasından sonra ermənilər məğlubiyyətlərini tam dərk edərək, kapitulyasiya sənədini imzalamağa məcbur oldular. Müqavilə imzalanandan 4-5 gün sonra bizi Laçın istiqamətinə apardılar və orada postlarımızı qurduq”.
Kənan Şuşada olmamasından dərin təəssüf hissi keçirir: “Çox istəyirdim ki, Şuşada olum, Qarabağımızın tacını ziyarət edim. Amma bizə Laçın istiqamətinə getməyimi əmr etdilər, Şuşanı görmək qismət olmadı. Fikrim o torpaqlara getmək, vuruşduğum yerləri qarış-qarış gəzmək və Şuşanı görməkdir. İsa bulağının başında, Cıdır düzündə dostlarımla istirahət etmək istəyirəm. Qədim Azıx mağarasını görmək də çoxdankı arzularımdan biridir. Biz həmin ərazilərə xarici turistləri cəlb edərək, o torpaqların xalqımıza məxsus olduğunu hər addımda onlara nümayiş etdirməliyik”.