Hökumətin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması haqda idi
Hər bir xalqın, dövlətin taleyində təhsilə, insan sağlamlığına hansı səviyyədə münasibət göstərilməsinin müstəsna əhəmiyyəti olub. Sağlam cəmiyyətlərdə vətəndaşların sağlıq durumunun qorunması həmişə önə çəkilib. Bu nöqteyi-nəzərdən, mayın 28-də 103-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər yetirmək olduqca vacibdir. Unutmamalıyıq ki, sürətlə inkişaf edən müasir səhiyyəmiz möhkəm bir özülün üzərində dayanıb.
Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar idi. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.
Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, tibbi kadrlar və dərmanlarla təmin olunma məsələsi də diqqət mərkəzinə çəkilmişdir. “Azərbaycan” qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində şəhər tibb-sanitar təşkilatlarının üzləşdiyi ağır vəziyyətdən, xəstələrin çoxluğundan, hətta yeni xəstələrin qəbulunun dayandırılmasından yazırdı. Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına məhz belə çətin şəraitdə başladı. Arxiv sənədlərinin verdiyi məlumata görə, 1918-20-ci illərdə qəzalarda 33 xəstəxana fəaliyyət göstərmişdir. Bu xəstəxanaların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olmuşdur. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılmışdır. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi idi. Əhalinin 75 min nəfərinə cəmi 1 həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdı.
Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını öz əlində cəmləşdirmişdi. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdu. Eyni zamanda, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlayaraq xəstələrə pulsuz xidmət göstərirdi.
Sovet dövründə də səhiyyəmizin inkişafı dayanmamışdı. Xüsusilə ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında, o cümlədən səhiyyədə böyük canlanma yarandı. Belə ki, təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edildi.
Sonda qeyd edək ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, Səhiyyə Nazirliyinin yaradıldığı gün - 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur