ATU Dövlət Attestasiyasına və yaz semestrinin imtahan sessiyasına hazırdır

Böyük Elmi Şurada uğurlarla yanaşı, neqativ hallar da diqqətdən kənarda qalmayıb

Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. Onlayn formatda təşkil olunmuş iclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə vaksinasiya prosesinin müvəffəqiyyətlə aparıldığını, müraciət edənlərin getdikcə çoxaldığını və bu tədbirlərin epidemioloji vəziyyətə müsbət təsir göstərəcəyini vurğulayıb. Rektor bütün kafedralarda və şöbələrdə çalışan əməkdaşların vaksinasiya prosesinə cəlb edilməsinin zəruriliyini bildirib.

Bu günlərdə dünyasını dəyişən Travmatologiya və ortopediya kafedrasının professoru Əhməd Əhmədzadənin xatirəsi yad edildikdən sonra iclasda müzakirəyə çıxarılan məsələlər diqqətə çatdırılıb.

 

Əvvəlcə “Azərbaycan Tibb Universitetində 2020/2021-ci tədris ilində buraxılış Dövlət Attestasiyasına və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, imtahanların mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” mövzusunda Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevin hesabat məruzəsi dinlənilib.

 

Tədris və müalicə işləri üzrə prorektor S.Əliyev ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını təşkil etmək məqsədilə təhsil nazirinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin müvafiq bəndini rəhbər tutaraq imzaladığı əmrlə istər tədris hissəsi və dekanlıqlar, istərsə də kafedralar qarşısında konkret vəzifələr qoyulduğunu bildirib. Bununla yanaşı, əmrin icrası ilə bağlı bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdırıb. O, testlərin hazırlanmasının dəfələrlə ayrı-ayrı kafedralara və onların ekspertlərinə tapşırılmasına baxmayaraq, bəzi kafedralarda bu məsələyə dair problemlərin mövcudluğunu təəssüflə qeyd edib: “Xatırlatmaq istərdim ki, əvvəlki illərdə testlərin hazırlanmasında olan qüsurlara və bəzən tədris intizamının pozulmasına görə nəinki müəllimlər, hətta kafedra müdirləri vəzifələrindən kənarlaşdırılmışdır. Təəssüf doğuran odur ki, illərdir bu məsələ ayrı-ayrı fakültə şuralarında və Böyük Elmi Şurada müzakirə olunsa da, bəzi kafedralar İmtahan Mərkəzinə testlərin verilməsini gecikdirir və bu testlərdə ciddi qüsurlar aşkarlanır. Təməl fənləri üzrə, demək olar ki, belə bir problem mövcud deyil. Lakin çox təəssüf ki, kliniki kafedralarda bu məsələlərə bəzi kafedra müdirləri və ekspertlər ciddi yanaşmırlar. Məsələn, keçən semestrdə Ailə təbabəti kafedrasında hazırlanan testlərin qaydasında olmaması ilə bağlı göstəriş verilsə də, bu semestrdə də həmin kafedrada testlər vaxtında hazırlanmadı və İmtahan Mərkəzinə verilməsi gecikdirildi. Təbiidir ki, biz gələcəkdə testlərin tərtib olunması, onların məxfi saxlanılması baxımından yeni qaydaların hazırlanması üzərində işləmək məcburiyyətindəyik”.

Artıq bir neçə ildir ki, kredit sistemi ilə təhsil alan tələbələrlə imtahanların universitetdə yaradılmış Virtual Test Mərkəzinin köməyi ilə mərkəzləşdirilmiş şəkildə aparıldığını söyləyən prorektor, 2020/2021-ci tədris ilində ilk dəfə olaraq I-III kurslarda aralıq sorğuların nəticəsinin bu günlərdə rektoryanı şurada geniş müzakirə olunduğunu bildirib. O, xarici tələbələrlə işin yüksək səviyyədə qurulmasının yenə də prioritet məsələ olduğunu, bu sahəyə cavabdehlik daşıyan dekanlığın dünyanın müxtəlif ölkələri və universitetləri ilə əlaqələri daim genişləndirdiyini vurğulayıb: “Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ildən-ilə artır.

 

2020/2021-ci tədris ilinin 24.05.2021-ci il tarixə olan statistikasına görə, ATU-da 35 ölkədən 2028 nəfər tələbə təhsil alır ki, bunlardan da Türkiyə Cümhuriyyətindən YÖK yolu ilə təhsil alanların sayı 89 nəfərdir. Bundan əlavə, 48 nəfər əcnəbi vətəndaş rezidenturada təhsil alır. ATU-da tədrisin ingilis dilində aparılması xarici ölkə vətəndaşlarının universitetimizə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq, onların qeydiyyatını təşkil etməkdir. Dekanlıq tez-tez yataqxanada yaşayan əcnəbi tələbələrin məişət şəraiti ilə maraqlanır və problemlərinin yerindəcə həll olunması üçün səy göstərir. Tədris ili ərzində tələbələrin yaşayış şəraitinin yaxşılışdırılması universitetimizin rektorunun və Xarici tələbələrlə iş üzrə dekanlığın daim diqqət mərkəzində olmuşdur”.

 

Rektorun müvafiq əmri ilə təsdiq edilmiş ayrı-ayrı fakültə və kurslar üzrə imtahan-məqbul şəbəkəsi haqqında məlumat verən S.Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra tibb təhsilinin əsas və rezidentura təhsilindən ayrıldığını, 2011-ci ildən başlayaraq ölkədə rezidentura təhsilinə start verildiyini xatırladıb: “Ənənəvi olaraq rezidenturaya qəbul imtahanları Dövlət Attestasiyasından sonra aparılırdı. Artıq bir neçə ildir ki, rezidenturaya qəbul imtahanları 2 mərhələdə aparılır və hər mərhələ 100 balla qiymətləndirilir. Cari tədris ili üçün I mərhələ – baza tibb fənləri üzrə imtahanlar 2020-ci ilin may və avqust aylarında aparılıb, II mərhələ – klinik fənlər üzrə isə 2021-ci il sentyabrın 20-nə planlaşdırılır. Rezidenturaya ötən il qəbul üçün 1428 nəfər sonuncu kurs tələbəsi və əvvəlki illərin məzunları müraciət etmişdir ki, onlardan 31 nəfəri xarici ölkələrdə təhsil müəssisələrini bitirənlərdir. Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq, I mərhələ üzrə müsabiqə şərti 40 bal saxlanılmışdır. Sənəd verənlərin böyük əksəriyyəti universitetimizin məzunları və ya sonuncu kurs tələbələridir. Toplanmış ən yüksək bal 83 olmuşdur. Qeyd etmək lazımdır ki, bu ilin nəticələri keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yaxşılaşmışdır. Belə ki, bu il I turdan sonra 40 və daha çox bal toplayanlar 666 nəfərdir. Keçən il onların sayı cəmi 459 nəfər olmuşdur”.

 

Professor S.Əliyev çıxışının sonunda imtahanların gedişinə ciddi nəzarət olunacağını və neqativ hallarla bağlı hər bir siqnala çox kəskin reaksiya veriləcəyini, həm Təhsil Nazirliyində, həm də universitetimizdə imtahan prosesinə nəzarət məqsədilə qaynar xətt və operativ qərargahın fəaliyyət göstərəcəyini deyib. O, 2021-ci il məzun buraxılışı və “Azərbaycan həkiminin andı”nın qəbulunun iyun ayının üçüncü ongünlüyünə təyin olunacağını da şura üzvlərinin diqqətinə çatdırıb, Dövlət Attestasiya sınaqlarına və yaz semestrinin imtahan sessiyasına bütün hazırlıq işlərinin yekunlaşdırıldığını, kollektivin bu məsul və çətin işin öhdəsindən bacarıqla gələcəyinə inandığını bildirib.

M

övzu ətrafında müzakirələrə qatılan Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova və III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov onlayn dərslər və əldə olunan nəticələrdən danışıblar. Aralıq qiymətləndirmə zamanı maksimal bal toplayanların olduğunu, sərbəst işlərə marağın xeyli artdığını və kliniki bacarıqların, vərdişlərin aşılanması üzrə məqsədyönlü məşqlərin aparıldığını söyləyərək, yaz semestrinə hazırlığın vəziyyətini qənaətbəxş qiymətləndiriblər.

 

Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən rektor G.Gəraybəyli, ilk növbədə yeni reallıqlarla hesablaşmaq zərurətinin yarandığını deyib. Onun sözlərinə görə, 1-2 il əvvələdək bizə yad olan pandemiya, epidemiya, onlayn dərslər, hibrid dərslər, distant təhsil kimi ifadələr çox sürətlə həyatımıza daxil olublar. Ona görə də təhsil prosesimizi, bütün fəaliyyətimizi bu yeni reallığa uyğun qurmalıyıq: “Bildiyiniz kimi, son illər universitetimizdə müxtəlif istiqamətlər üzrə bir çox islahatlara start verilib. Əsas diqqət isə tədrisin keyfiyyətinə yönəldilib. Pandemiya bu prosesi bir qədər ləngitsə də, islahatlar yeni situasiyaya uyğun aparılır. Ötən ilin avqustunda təsdiq olunan yeni standartlar tədris prosesinin bir çox tələblərinə dəyişiklikləri nəzərdə tutur. Dərs saatlarının azalması, tədrisin mahiyyətinin dəyişməsi, daha çox vərdişlərə, bacarıqlara diqqət yetirilməsi həmin dəyişikliklər sırasındadır. Nəticədə bəzi kafedraların dərs yükü azalır, bəziləri isə hətta bağlana bilər. Bununla yanaşı, gələcəkdə yeni çağırışların, tələblərin meydana çıxması ilə yeni ixtisas və kafedraların açılması da mümkündür”.

 

G.Gəraybəyli tibb təhsilinin keyfiyyətini yüksəltmək üçün niyə daha çox Türkiyə universitetlərinin tibb fakültələrinin proqramlarına və onların apardığı təhsil formatına istinad edilməsi barədə ona ünvanlanan suala ölkə başçıcı cənab İlham Əliyevdən sitat gətirməklə cavab verdiyini vurğulayıb: “Cənab Prezidentin Türkiyənin təhsil nazirini qəbul edərkən söylədiyi fikir səslənən suallara ən aydın cavabdır. Prezident bildirmişdir ki, Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Çünki biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə və bu qardaşlığa uyğun atmalıdırlar”.

 

Rektor bu günlərdə Türkiyədən 2 böyük nümayəndə heyətini qəbul etdiyini, onlarla faydalı müzakirələr apardığını xatırladıb. Daha sonra fevralın 15-dən başlanan hibrid – bəzi kurslarda onlayn, bəzi kurslarda isə canlı dərslər zamanı yaranan çətinliklərdən də söz açıb. Əvvəllər onlayn dərslərin tibbi təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini deyən bəzi müəllimlərin sonradan fikirlərini dəyişərək bu şəraitdə canlı dərslərin əleyhinə çıxmasını təəssüf hissi ilə yada salıb. Ancaq bütün çətinliklərə baxmayaraq, semestrin müvəffəqiyyətlə başa çatdığını söyləyib.

 

Universitetin rəhbəri bəzi kliniki kafedralarda canlı dərslər zamanı tələbələrə xəstələrin az nümayiş olunmasını, dərslərin sırf nəzəri formatda keçirilməsini mənfi hal kimi dəyərləndirib: “Tələbələr haqlı olaraq mənə sual ünvanlayırdı ki, bu dərslərin onlayn dərsdən fərqi nədir? Əgər biz kabinetdən bayıra çıxmırıqsa, müəllim kitabdan hansısa abzası, hansısa mövzunu danışırsa, heç bir əyani vasitə, xəstə və ya mulyaj nümayiş etdirilmirsə, bu necə canlı dərsdir?”

 

Yeni yaradılan Tibb təhsili və innovasiya şöbəsi haqqında şura üzvlərinə məlumat verən rektor bildirib ki, şöbə fəaliyyətini mövcud tədris prosesinin təhlili əsasında müəyyən təkliflərin hazırlanmasına yönəldəcək.ATU-nun rektoru bəzi kafedra müdirlərində hələ də köhnə stereotiplərin qaldığını, həmin vəzifəyə seçilən şəxslərin o adı doğrultmalı olduqlarını, əks halda konkret tədbirlər görüləcəyini vurğulayıb.Yekun nitqində tələbələrin biliyinin qiymətləndirilməsi metodlarına da toxunan professor G.Gəraybəyli davamiyyətə görə qiymətləndirmənin ləğv olunmasını məqsədəuyğun hesab edib.

Sonra digər məsələlərin müzakirəsinə başlanılıb.

 

Dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura sonda Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayevin həm müqavilələrin elektron qaydada bağlanması, həm də müvafiq sənədlərin elektron qaydada qəbulu barədə təklifini, eyni zamanda elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, elmi adları təsdiqləyib.