“Astma məktəbi” xəstələrin daha müasir və effektiv müalicə metodlarına keçməsinə yardımçı olur
Bronxial astmaya adekvat nəzarət etmək üçün xəstə öz xəstəliyi və müasir dərman terapiyasının imkanları barədə məlumatlı olmalıdır. Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının nəzdində, Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən “Astma məktəbi” məhz bu məqsədə xidmət edir.
Məktəbdə dərslərin təşkili və aparılmasına məsul olan kafedranın dosenti Tahirə Pənahova bizimlə söhbətində bildirdi ki, terapiyanın və reabilitasiyanın bütün mərhələlərində təhsil proqramları xüsusi aktuallıq kəsb etdir. Təhsil bronxial astmalı uşaqların kompleks müalicə proqramının zəruri tərkib hissəsidir. Hələ 1997-ci ildə 6 saylı Uşaq Klinik Xəstəxanasının bazasında yaradılmış “Astma məktəbi” “Uşaqlarda bronxial astma” Milli Proqramının müddəalarına, müvafiq metodik tövsiyələrə uyğun olaraq fəaliyyət göstərirdi. 2011-ci ildən isə “Astma məktəbi” ATU-nun Tədris Terapevtik Klinikasında professor Amaliya Əyyubova tərəfindən yaradılıb.
Sözünə davam edən T.Pənahova qeyd etdi ki, pediatrik “Astma məktəbi”nin məqsədi bronxial astmalı uşaqların terapiyasının effektivliyinin artırılması və xəstə yeniyetmələrin, eləcə də onların valideynlərinin maarifləndirilməsi yolu ilə xəstəliyin gedişinə nəzarət edilməsidir. Təlim həm stasionarda olanların, həm də ambulator xəstələrin qrupunda keçirilir.
“Astma məktəbi”ndə dərslərin nəzəri hissəsinə anatomiya, nəfəs almanın fiziologiyası, xəstəliyin mahiyyəti, kəskinləşmə simptomları; trigger, risk amilləri, profilaktika metodları, hipoallergen pəhriz və evdə şərait barədə informasiya; tutma baş verdikdə yardım göstərmə taktikası, bronxial astmanın dərman və qeyri-dərman müalicəsi, bazis və simptomatik dərman vasitələri haqqında məlumat mövzuları daxildir. Dərslərin praktik hissəsində isə xəstələrə düzgün inhalyasiya texnikasının, pikfloumetr, speyserdən istifadənin öyrədilməsi, xəstə uşağın və ailəsinin müxtəlif həyati situasiyalarda düzgün davranış taktikasının işlənib hazırlanması nəzərdə tutulub. Uşaqlar burada tənəffüs gimnastikası elementlərini, simptomlara şəxsən nəzarət etməyi, nəbzi və nəfəs alma tezliyini saymağı öyrənirlər. Dərslər yaş qrupları nəzərə almaqla qurulur və həkimin söhbəti, rol oyunu, uşaqlara suallar verilməsi formasında keçir. Qrup dərslərində valideynlərin də öz problemlərini bölüşmək imkanı olur. Təcrübə mübadiləsi həm xəstələrin, həm də həkimin gələcəkdə faydalı ola biləcək müşahidələrini zənginləşdirir. Məktəbin təcrübəsi Bakı şəhərində bronxial astmadan əziyyət çəkən uşaqlarda bir sıra xüsusiyyətləri aşkar etməyə imkan verib.
Məktəbdə təşkilati-metodik tədbirlərdən bəhs edən Tahirə xanım vurğuladı ki, bronxial astmanın müalicəsində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq məqsədilə övladları bu xəstəlikdən əziyyət çəkən valideynlər üçün vəsait buraxılıb. Bununla yanaşı, məlumatlandırma səviyyəsi minimum olan poliklinikalarda sahə pediatrları üçün müvafiq terapiyanın müasir aspektləri haqqında müntəzəm mühazirələr təşkil edilir.
Adətən təlim kursundan sonra xəstələrin qəbul etdiyi dərman vasitələrinin spektri dəyişir. Belə ki, “Astma məktəbi” xəstələrin daha müasir və effektiv müalicə metodlarına keçməsinə yardımçı olur, uşaq olan yerdə siqaret çəkilməsi məhdudlaşdırılır, tənəffüs gimnastikasından daha tez-tez istifadə edilir.
Beləliklə, ilkin profilaktika və ardıcıllıq xəstəliyin fəsadlarını azaltmağa, vaxtında diaqnoz qoyub müalicə aparmağa imkan verir. Vahid mərkəzin köməyi ilə astmaya daha uğurla nəzarət olunur ki, bu da allergik xəstəliyi olan uşaqların həyat keyfiyyətini xeyli artırır.