Gəldilər, gördülər, sevdilər
Əcnəbi tələbələr Azərbaycan Tibb Universitetindəki təhsilin səviyyəsindən və mühitdən razıdırlar
Azərbaycan Tibb Universiteti ölkəmizdə ən çox əcnəbi tələbənin təhsil aldığı ali məktəbdir. İldən-ilə dünyanın, o cümlədən də Avropanın bir sıra ölkələrindən ATU-ya üz tutanların sayı artır. Sevindirici haldır ki, təhsilin keyfiyyəti və səviyyəsinə görə universitetimizin beynəlxalq reytinqi də yüksəlməkdədir. Əcnəbi tələbələrimizin universitetimiz, müəllimlər, təhsilin səviyyəsi və digər məsələlərlə bağlı münasibətini öyrəndik.
Dilarə Baş
(Türkiyə vətəndaşı, I Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi)
- Uşaq yaşlarımdan həkim olmaq istəmişəm. Türkiyədə liseyi bitirdikdən sonra cəhd etdim ki, tibb fakültəsinə daxil olum. Amma balım çatmadı. Bizim bir ailə dostumuz var. Onun qızı Azərbaycan Tibb Universitetində oxuyurdu. Tövsiyə etdilər ki, mən də tibb təhsilimi Azərbaycanda alım. Ailəmiz ilə birgə ölçdük-biçdik, burada oxumağıma qərar verdik. 6 ildir Tibb Universitetində təhsil alıram. Bu 6 ildə özümü heç vaxt yad yerdəki kimi hiss etmədim. Bir az ilk vaxtlar çətinliyim oldu, ətraf mühitə öyrəşənə qədər. İndi isə Bakı, müəllimlərim, rəfiqələrim – hamısı mənə doğmadır. Elə öyrəşmişəm ki, Azərbaycandan getmək istəmirəm. Burada qalıb işləmək istəyirəm. Oxuduğum illər ərzində ATU-nun Tədris Cərrahiyyə Klinikasında, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təcrübə keçdim. Bütün müəllimlərimi, xüsusilə Azərbaycan dili fənnini tədris edən Yeganə müəlliməni çox sevdim. Çünki məni Azərbaycan dilinə alışdıran Yeganə müəllimə oldu. O mənə motivasiya verdi. Təhsilimi Bakıda davam etdirmək niyyətindəyəm. Azərbaycan mənim üçün olduqca rahat bir məkandır.
Zərifə İsmayılova
(Rusiya vətəndaşı, I MPF-nin VI kurs tələbəsi)
- Mən həkim ailəsində anadan olmuşam. Atam Toğrul İsmayılov stomatoloqdur, anam İlhamə İsmayılova isə ATU-nun Pediatriya fakültəsini bitirib. Anam Rusiyada tanınmış xəstəxanaların birində çalışır, USM üzrə sayılıb-seçilən mütəxəssislərdəndir. Bacım Şeyda İsmayılova da bu il ATU-nun II Müalicə-pofilaktika fakültəsini bitirir. Bizdə peşə seçimində məcburiyyət olmayıb, həkimliyə sevgim anamdan irəli gəlir. Uşaq vaxtı anam evdə olmayanda onun ağ xalatını geyinib, şprislərini gizlicə götürüb, gəlinciklərimə o qədər iynə vurmuşam ki. Anama bənzəmək istəmişəm. Özüm Mingəçevirdə anadan olsam da, ailəmiz Rusiyada yaşadığından, mən də ailəm ilə birlikdə olmuşam. Rusiyada N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinə daxil olmuş, sonra təhsilimi ATU-da davam etdirmişəm. Hər iki universitetin özünəməxsus özəlliyi var. Hər ikisində təhsil yüksək səviyyədə tədris olunur. Bəzən tələbə yoldaşlarım deyirlər ki, bizdə praktikaya az yer verilir. Heç də elə deyil. Mən əksini deyərdim. Universitetimizdə kifayət qədər təcrübə keçdik, nəzəriyyəni müəllimlərimiz yüksək səviyyədə bizə öyrətdilər. Universitetimizdə vaxtaşırı islahatlar aparılır. İslahatların nəticəsində müəyyən çatışmazlıqlar aradan qalxır. Hesab edirəm ki, qarşıdakı illərdə universitetimizdə istər tədrisin keyfiyyətində, istərsə də təcrübənin əldə edilməsində əhəmiyyətli dərəcədə təkmilləşdirmə işləri aparılacaq.
Müəllimimiz Vəli Əsmətovun bir sözünü heç vaxt unutmuram: “Tibb Universiteti elm, savad verməklə yanaşı, sizi bir insan və şəxsiyyət kimi də formalaşdıracaq”. Həqiqətən, mən bunu özümdə hiss etdim. 1-ci kursda oxuyan Zərifə ilə indikinin arasında çox fərq var. Mən burada həkim peşəsinin incəliklərinə yiyələnməklə yanaşı, bir şəxsiyyət kimi də formalaşdım. Universitetdə müəllimlər bizə ata-ana qayğısı ilə yanaşırdılar. Onlardan Qorxmaz Əhmədov, Natiq Bayramov, Kamandar Yaqubov, Elşad Novruzov, İsmayıl Əfəndiyev, Vəli Əsmətov, Həqiqət Qədirova, Akif Qurbanov, Nigar Mikayılova, Aybəniz Qocayeva və başqalarının adlarını çəkə bilərəm. Oxuduğum 11a qrupunun tələbələri bir-birlərinə doğma və əziz olub. Müəllimlərimi və tələbə yoldaşlarımı heç vaxt unutmayacağam. Təhsilimi isə Türkiyədə davam etdirmək niyyətindəyəm.
Fərid Forigh
(Əfqanıstan vətəndaşı, ATU-nun doktorantı)
- Mən Əfqanıstanın paytaxtı Kabildə fəaliyyət göstərən Ürək-damar Cərrahiyyə Xəstəxanasında çalışıram. Əfqanıstanda dövlət xəstəxanaları təəssüf ki, azdır. Çalışdığım xəstəxana özəl xəstəxanadır. Bizim ölkədə həkim çatışmazlığı hökm sürür. Vətəndaşlar kasıb yaşayırlar. İllərlə ölkədə gedən müharibə iqtisadiyyata da ağır zərbə vurub. Azərbaycanla Əfqanıstan arasında bağlanmış dövlətlərarası müqaviləyə əsasən mən Tibb Universitetində doktorantura təhsili alıram. Tədris yüksək səviyyədədir. Müəllimlər mənə diqqət göstərir. Klinikalarda təcrübə keçirəm. Xəstəxanalarda da həkimlər mənə hörmətlə yanaşırlar. Xalqınız olduqca qonaqpərvərdir. Təhsil müddətim başa çatandan sonra Əfqanıstana qayıdıb xalqıma xidmət edəcəyəm.
Məhəmməd Rza Şeyx Əlizadə Xanqa
(İran vətəndaşı, Stomatologiya fakültəsinin I kurs tələbəsi)
- Ailəmizlə birgə Bakıda yaşayıram. Bacım Məryəm Şeyx Əlizadə Azərbaycanda üzgüçülük üzrə milli komandanı təmsil edir. Dünya çempionudur. Bacım da mənim kimi Tibb Universitetində oxumaq istəyir. Bu səbəbdən ciddi-cəhdlə ATU-ya qəbul olmaq üçün hazırlaşır. Ailəm Bakıda yaşadığı üçün mən də bura gəldim və Azərbaycan Tibb Universitetinin reytinqi ilə maraqlandım. Göstəricilər məni qane etdi. Bu səbəbdən sənədlərimi ATU-ya verdim. Qəbul olanda çox sevindim. Fəxr edirəm ki, Azərbaycanda təhsil alıram. Təhsilimi bitirəndən sonra Bakıda qalmağı düşünürəm. Müəllimlərim mənə hörmətlə yanaşır. Hər bir sualımı anındaca cavablandırırlar. Bir sözlə, hər şeydən razıyam. Bu bir ildə xeyli dostlar da qazanmışam.
Milad Abdullahzadə
(İran vətəndaşı, Stomatologiya fakültəsinin IV kurs tələbəsi)
- Təbriz şəhərindənəm. Bu mənim ikinci təhsilimdir. Makina mühəndisliyi ixtisasını bitirmişəm. Azərbaycanda oxumaq könlümdən keçdi. Qəbul üçün Azərbaycan Tibb Universitetini seçdim. Belə bir təhsil ocağında oxumaqdan qürur duyuram. Təhsilin səviyyəsi, müəllim və tələbələrin mənə olan münasibəti olduqca yaxşıdır. Universitetdə sağlam bir mühit var. Hər addımda səmimilik, mehribanlıq hiss edirəm. Azərbaycanın mətbəxi zəngin və dadlıdır. Kababını çox xoşlayıram. Azərbaycanın tarixi məkanları ilə maraqlanıram. Qobustan daşüstü abidələri görmək, oranı ziyarət etmək istərdim. Dəyərli dostlarla vaxt keçirmək mənim üçün xoşdur. Onlar vasitəsi ilə Azərbaycanın ədəbiyyatı, tarixi, mədəniyyəti ilə bağlı çox şeylər öyrənirəm.
Bəkir Enes Evdi:
(Türkiyə vətəndaşı, I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi)
- Mən imtahanlarımı Türkiyədə verdim və Tibb Universitetində təhsil almaq hüququ qazandım. Oxuduğum müddətdə mənimlə xoş ünsiyyətdə olan müəllimlər və səmimi dostlar əldə etdim. Nə zaman müəllimlərimə hansısa məsələ ilə bağlı müraciət etmişəmsə, zamanında cavab almışam. Üzləşdiyimiz hər bir problem müəllimlərim tərəfindən aradan qaldırılır. İmtahanları müvəffəqiyyətlə vermişəm. Universitetdə öz təşəbbüsümlə “Morethandoc” adlı bir qurum yaratmışam. Təşkilata Azərbaycan, Türkiyə, Yunanıstan, Ukraynadan qatılanlar var. Məqsədimiz ölkələrarası tibb təhsili, müalicə sahəsində işbirliyi qurmaq və təcrübələrdən yararlanmaqdır. Hesab edirəm ki, bu istiqamətdə görəcəyimiz işlər hələ qabaqdadır.
Özden Köçer
(Türkiyə vətəndaşı, Stomatologiya fakültəsinin I kurs tələbəsi)
- Mən əslən Azərbaycandanam. Babamgil Gəncə şəhərindən Türkiyəyə köçüblər. Həmişə Azərbaycanla, Gəncə ilə bağlı maraqlı xatirələr danışırdılar. Orta məktəbdə oxuduğum illərdə məndə bir istək baş qaldırmışdı ki, ali məktəbi Azərbaycanda oxuyum. Çox şükür, istəyimə nail oldum. Sənədlərimi Azərbaycan Tibb Universitetinə verdim və qəbul oldum. Bakı çox xoşuma gəlir. Gəncədə qohumlarım var. Pandemiya olduğundan, Gəncəyə gedə bilmədim. Məqsədim Gəncəyə getmək, dahi Nizaminin məqbərəsini, eləcə də öz vətənini işğalçılardan qəhrəmanlıqla qoruyan və şəhid olan Cavad xanın qəbrini ziyarət etməkdir. Nəsib olsa, təbiətin incisi Maralgölü, Göygölü də görəcəyəm. Mənim üçün baba yurdunda təhsil almaq çox xoşdur. Dostlar qazanmışam. Müəllimlərimizdən çox razıyam. Sıxıntı keçirməyə qoymurlar. Özümü Bakıda yad hiss etmirəm. Hara gedirəmsə, insanlardan həmişə isti münasibət görürəm. Universiteti bitirəndən sonra Azərbaycanda qalmağı planlaşdırıram.
Hasan Altan
(Türkiyə vətəndaşı, I Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi)
- Vaxtilə babalarım Stalin repressiyasından yaxa qurtararaq Türkiyəyə pənah aparıblar. İndi mən baba yurdumda təhsil alıram. Özümü olduqca rahat hiss edirəm. Pandemiya dövründə dərslərimiz onlayn qaydada keçirildi. Doğrudur, canlı təmas olmasa da, müəllimlərimizin bizə diqqətlə yanaşdığını hiss etdim. Dərsləri yüksək səviyyədə keçir, bizi düşündürən suallara ətraflı cavab verirdilər. Yəqin pandemiya yaxın zamanlarda aradan qalxacaq, biz də dərsləri ənənəvi qaydada keçəcəyik. O zaman müəllim və tələbə yoldaşlarımla yaxından tanış ola biləcəyəm.
İlk vaxtdan özəl klinikaların birində təcrübə keçdim. Ən böyük qazanclarımdan biri elə o oldu. Azərbaycan gözəldir. Baba yurdunda təhsil almağın ayrı ləzzəti var. O hissi ifadə etməkdə çətinlik çəkirəm. İllərlə işğalda olan Qarabağımızın Müzəffər Ordumuz tərəfindən azad edilməsi qürurumun üstünə qürur, sevincimin üstünə sevinc gətirdi.
Beləcə, universitetimizə bu dəfə əcnəbi tələbələrin gözü ilə baxdıq. Onların dilindən təhsil ocağımız, müəllimlər, tələbə yoldaşları, eləcə də ölkəmiz və xalqımız barədə xoş sözlər eşitdikcə, biz də qürurlandıq. Əmin olduq ki, onların hər biri vətənlərinə mütəxəssis kimi geri dönəndə, həm də Azərbaycana olan sevgilərini və xoş təəssüratlarını ətraflarındakı insanlarla məmnunluqla bölüşəcəklər.