Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2025-ci ilə qədər dünya əhalisinin təxminən yarısı allergik xəstəliklərə məruz qalacaq. Hazırda dünyada ən çox yayılmış allergik xəstəliklərdən biri də qida allergiyasıdır. Bu növ allergiya dünya üzrə yetkinlərin 5 faizində, uşaqların isə 10 faizində baş verir.
Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov allergiyanın inkişafına səbəb olan qida məhsulları, ən təhlükəli qida allergiyaları, allergiya ilə qida dözülməzliyi arasındakı fərqlər barədə danışıb.
- Hansı qida məhsulları allergiyanın inkişafına daha çox səbəb olur?
- Allergiya inək südü və ondan hazırlanan məhsullara qarşı daha çox yaranır. Bu, xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir. Yeni doğulmuş körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən körpələrin 80 faizində inək südünə allergiya zaman keçdikcə itir. Körpələrdə allergiya yaradan qidalardan biri də toyuq yumurtasıdır. Yumurta kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtaları uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Lakin bu qida allergenliyini göstərə bilər. Yumurta ağındakı zülal allergik reaksiyaya səbəb ola bilir.
- Digər hansı məhsullar yüksək dərəcədə allergik hesab olunur?
- Fıstıq ən təhlükəli allergenlərdən biridir. Əksər hallarda, fıstığa qarşı allergiya xəstəni həyatı boyu müşayiət edir. Fıstıq allergiyası olan uşaqların yanında kimsə bu məhsulu yediyi zaman belə onda reaksiya inkişaf edə bilər. Fıstığın mikro hissəcikləri havaya düşərək allergik reaksiya yaradır. Ona görə də, tərkibində hətta az miqdarda fıstıq olan məhsulların qablaşdırmasında müvafiq xatırlatma qeyd edilir.
Tərkibində buğda olan məhsullara qarşı allergiya da tez-tez rast gəlinənlərdəndir. Bu allergiya əsasən böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlar arasında da çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə tərkibi buğdalı məhsullardan imtina etməyə məcbur qalar. Uşaqlarda buğda allergiyası yaş keçdikcə azala bilər.
Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyalarından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar da daxildir. Qoz allergiyası əksər hallarda genetik olaraq keçir.
Balıq da yüksək dərəcədə allergen bir məhsuldur. Uşağın hansısa balıq növünə allergiyası varsa, onda digər balıq növlərinə qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və əksinə, allergiya şiddətlənə bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər.
Ümumiyyətlə, 70-dən çox məhsul növü qida allergiyasına səbəb olur. Bu qidalara bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. daxildir.
- Qida dözümsüzlüyü ilə qida allergiyası arasındakı fərq nədir?
- Bir çox insanlar qida dözümsüzlüyünü qida allergiyası ilə qarışdırırlar, amma bunlar iki fərqli xəstəlikdir. Qida dözümsüzlüyü, allergiya ilə əlaqəsi olmayan və bədənin həzm problemləri ilə əlaqədar olaraq hansısa qida və ya içki istifadəsinə mənfi cavab reaksiyasıdır. Bəzi hallarda qida dözümsüzlüyü asimptomatikdir. Yəni, yeganə əlamət xəstənin özünü pis hiss etməsidir. Ona görə də qida dözümsüzlüyünü müəyyən etmək kifayət qədər çətin ola bilər. Həkim qida dözümsüzlüyü ilə əsl allergiyanı ayırd etməyə kömək edə bilər.
- Qida allergiyasının simptomları nələrdir?
- Qida allergiyalarının simptomları yüngül narahatlıqdan təcili tibbi yardım tələb edən ağır və ya həyati təhlükəli reaksiyalara qədər dəyişir.
Bu simptomlara narahatlıq, qaşınma, qızartı, ağız, dodaq, yanaqlar və başda şişkinlik, öskürək, asqırma, nəfəs darlığı və tənəffüs yollarından fit səsi ilə gələn nəfəsalma, qarın ağrısı, ürək bulanması, qusma və s. aiddir.