Artıq yeni tədris ili yaxınlaşır. AR Nazirlər Kabinetinin qərarına əsasən, tədrisə hazırlıq məqsədilə ölkə üzrə vaksinləşdirmə prosesi sürətləndirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris və təhsildə keyfiyyət şöbəsinin müdiri, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov hesab edir ki, peyvəndləşmə tələbələr üçün, xüsusilə də tibb tələbələri üçün çox önəmlidir: "Təhsil prosesinin əyani olmasını hər kəs istəyir. Bu, xüsusilə də tibb sahəsində təhsil alanların marağındadır. İndi hər bir tələbənin, eləcə də professor-müəllim heyətinin, köməkçi heyət üzvlərinin hər birinin vaksinasiya prosesinə qoşulması zərurəti yaranıb".
S.Cavadov qeyd edir ki, artıq ATU əməkdaşları arasında peyvənd alanların sayı kifayət qədərdir. Proses davam edir: "Mən özüm də bir tədris işçisi və mikrobioloq kimi vaksinasiya olunmuşam. Bundan öncə Koronavirusa yoluxsam da, yenə də peyvənd vurdurmuşam. Çünki artıq xəstələnməyimdən 6 ay keçib. Bunu etməklə özümüzlə yanaşı, ətrafımızı da düşünmüş oluruq”.
Mikrobioloq xatırladır ki, vaksini əldə edə bilməyən ölkələrə rəğmən, Azərbaycanda bu baxımdan problem yaşanmır, vətəndaşlarımız bir neçə çeşid peyvənd vurdura bilirlər.
"Bəzən valideynlərdən eşidirik ki, onlar övladlarının peyvənd vurdurmasından qorxurlar. Hətta bu səbəbdən uşaqların təhsilini distant davam etdirməsinə belə razıdırlar. Halbuki, tələbələrin özləri əyani təhsilə qayıtmaq istəyirlər. Çünki tibb sahəsində distant təhsil əyani praktikanın yerini verə bilməz. Tələbələr çox məqamı öz gözləri ilə görməli, birbaşa baxaraq öyrənməlidirlər. Keçən tədris ilində biz yuxarı kurslarda əyani, aşağı kurslarda isə onlayn tədris aparmaqla, qarışıq forma tətbiq etdik. Amma bu gün tam əyani tədrisə keçmək imkanı varsa, bu imkanı dəyərləndirmək lazımdır. Hətta mən təklif edərdim təhsil işçiləri və tələbələr üçün vaksinasiya məcburi olsun".
Vaksinin üstünlüklərindən danışan S. Cavadov qeyd edir ki, immunitetim yüksəkdir, bədənim güclüdür virusa yoluxmayacam düşünənlər səhv edirlər. Bu zaman əksər insanlar orqanizmin müqavimət ilə xəstəliyə qarşı yaranan immuniteti qarışdırırlar: "Bu, hər hansı bir xəstəliyə qarşı yaranan immunitetdir. Biz özümüz də uşaqlıq dövründə bir neçə infeksiyalara qarşı (qızılça, məxmərək və s.) vaksinasiya olunmuşuq. Eləcə də, yetkinlik dövründə bəzi vətəndaşlar, xüsusilə tibb işçiləri hepatit B virusuna qarşı vaksinasiya olunurlar. Yəni, biz artıq peyvəndləşmənin üstünlüklərindən xəbərdarıq".
Mikroobioloq həkim bildirir ki, vaksinasiya ictimai hal alarsa, əhalinin 80 faizi immunitet qazanmış olarsa, bu xəstəliyə qalib gəlmiş hesab oluna bilərik. Odur ki, doktor S.Cavadov hər kəsi peyvənd olunmağa, həm özünü, həm ətrafdakıları qorumağa çağırır.