Rafiq Bayramov: “Peyvənd olunmuş şəxslərdə ağciyərin zədələnməsi çox kiçik olur, “buzlu şüşə” isə əksər hallarda müşahidə edilmir"
Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu baxımdan, vaksinasiya tədbirlərinin aparılması aktual olaraq qalır. Hər zaman səhiyyəmizin önündə gedən Azərbaycan Tibb Universitetində də belə tədbirlərə xüsusi önəm verilir. Dünən Tədris Cərrahiyyə Klinikasında tələbələrlə keçirilən onlayn görüş də mövcud pandemiya şəraitində vaksinasiyanın vacibliyinə həsr olunmuşdu. Onlayn görüşdə ATU-nun professor-müəllim heyətində təmsil olunan tanınmış mütəxəssislər iştirak edirdilər.
İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbiri fakültənin dekanı, professor Anar Ağayev açaraq özümüzü, yaxınlarımızı qorumağın tək yolunun vaksinasiya olduğunu bildirib: "Bunu daha yaxşı bilən də bizim tələbələrdir. Ən azı, gündəlik oxuduqlarından və tədris zamanı öyrəndiklərindən məlumatlıdırlar ki, pandemiya dövründə əhalinin sağlamlığının ən birinci mərhələsi vaksinasiyadır. Təsadüfi deyil ki, İctimai səhiyyə fakültəsində təhsil alan tələbələrin əksəriyyəti peyvənd olunub. Peyvənd olunmayan az sayda tələbələrimiz isə vaksin qəbulu üçün növbəyə yazılıb. Güman edirik ki, sentyabrın 10-a qədər bütün tələbələrimiz vaksin vurduraraq bu xəstəliyə yoluxmaqdan qoruna biləcəklər".
Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev son dövrlər dünya miqyasında koronavirusun artma sürətinin yüksəldiyini deyib: "Bütün Avropa dövlətlərində, eləcə də yaxın qonşularımızda və ölkəmizdə xəstələnmə halları artıb. Buna 4-cü dalğa, hansısa başqa dalğa deməyimizin fərqi yoxdur. Gözümüzün qarşısında xəstələnmə və yoluxma halları baş verir. Eyni zamanda xəstəliyin gedişində müəyyən dəyişikliklər meydana çıxır. Əvvəllər hesab edirdik ki, xəstəlik ancaq yaşlı və yanaşı xəstəliyi olan insanlarda daha ağır keçir. İndi isə gənclərdə bu xəstəliyin ağır, uzun müddətli qızdırma ilə müşayiət olunan formalarına rast gəlinir. Xəstəlikdən qorunmağın və xəstəliyi yüngül keçirməyin ən etibarlı vasitəsi vaxtında vaksinasiyadan keçməkdir".
Vaksinasiya olunanların da xəstəliyə yoluxmaqdan sığortalanmadığına aydınlıq gətirən C.İsayev qeyd edib ki, vaksinin əsas üstünlüyü xəstəliyin yüngül keçməsini təmin etməsidir. Vaksinasiyadan keçdikdən sonra da bütün qoruyucu vasitələrdən istifadə etməyin vacibliyini söyləyən mütəxəssis, səhiyyə sisteminin gələcək qurucuları olan tibb tələbələrini pandemiyaya qarşı mübarizəyə öz tohfələrini verməyə çağırıb.
Tələbələrlə onlayn görüşdə çıxış edən Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib ki, koronavirusun ən çox zərər verdiyi orqan ağciyərdir. O, ilyarımdan artıqdır ki, dünyanın düzənini dəyişən koronavirus infeksiyasının bütün həyatımızda, o cümlədən tədris prosesində bir çox məcburi dəyişikliklərin yaranmasına səbəb olduğunu söyləyib. Diqqətə çatdırıb ki, tənəffüs infeksiyaları, xüsusən də koronavirus - yoluxma göstəriciləri yüksək olan bir infeksiyadır. "Bu gün koronavirus infeksiyası ailələrdədir, hər evin içərisindədir" - deyən həkim-pulmonoloq insanları təşvişə salan "buzlu şüşə" sindromu üzərində ayrıca dayanıb: "Yoluxan da, yoluxmayan da bu sindromdan danışır, hər kəs ciyərlərində şüşələnmənin olub-olmamasının fərqindədir. "Buzlu şüşə" radioloji termindir, ağciyərlərdə iltihabi bir prosesdir. Ağciyər toxumasının sıxlaşması, şüanı keçirmək qabiliyyətinin zəifləməsi nəticəsində kompüter tomoqrafik müayinə zamanı ağciyərin dumanlı, buzlu şüşə kimi tam aydın olmayan görüntüsünün məcazi ifadəsidir. Hal-hazırda əsasən koronavirus pandemiyasında işlədilsə də, biz illərlədir ki, kompüter tomoqrafiyası zamanı buzlu şüşə görüntüsünü spesifik və qeyri-spesifik iltihabi xəstəliklərdə müşahidə etmişik. Yəni buzlu şüşə görüntüsü tam yeni, yalnız koronavirusda olan bir hal deyil".
R.Bayramov tələbələrimizi də maraqlandıran buzlu şüşədə zədələnmə faizinə toxunaraq bildirib ki, bu faizi hesablamağın konkret bir düsturu yoxdur: "Yəni nisbi olaraq ağciyərlərin hansısa bir hissəsinin zədələnməsini göstərmək olar. Koronavirus pnevmaniyası zamanı ağciyərlərdə olan buzlu şüşənin xarakterik bir görüntüsü var. Adətən ağciyərin aşağı paylarını əhatə edir. Bəzi hallarda bütöv ağciyər sahələrini də tuta bilər. Koronavirus pnevmaniyasının rast gəlindiyi, yəni infeksiyanın müşahidə olunduğu müddətdə istər alfa, istər beta, istərsə də indiki delta ştammı vaxtı buzlu şüşə görüntüsü ilə rastlaşırıq. Koronavirus pandemiyası ilə mübarizədə fərqli məlumatların olmasına baxmayaraq, bu cür infeksiyalarla, pandemiyalarla mübarizədə vaksinasiyanın rolunun danılmaz olduğunu qeyd edə bilərəm. Çünki gündəlik praktikamızdan da görürük ki, vaksinasiya olunmuş şəxslərdə ağciyərin zədələnməsi və buzlu şüşənin əhatə dairəsi daha kiçik olur. Ağciyərlərin müayinəsi zamanı adətən buzlu şüşə görüntüsü müşahidə olunmur. Yəni proses yuxarı tənəffüs yollarında bitir".
Həkim onu da vurğulayıb ki, 2-ci dozanı qəbul etmələrindən 2 həftədən artıq müddət keçmiş şəxslərdə koronavirus çox süst, az siptomlu olur. Pandemiya dövründə ən böyük problemin psixoloji olduğunu xatırladan dosent R.Bayramov həqiqəti əks etdirməyən, insanlarda təşviş doğuran yanlış məlumatlara ciddi yanaşmamağı məsləhət görüb. Vaksinasiyanı pandemiyaya qarşı mübarizədə ən səmərəli vasitə kimi dəyərləndirib.
Epidemiologiya kafedrasının dosenti Elman Vahabov isə vaksinasiyaya inamsızlığın təbliğində ilk növbədə sosial şəbəkələri günahlandırıb. Başqa bir səbəb kimi vaksin haqqında bilgilərin az olmasını göstərib. Qeyd edib ki, ümumiyyətlə vaksinlər kəşf olunana qədər uşaqların kütləvi tələf olması baş verirdi. Vaksinlərin kəşfindən sonra bir sıra xəstəliklərin kökü kəsilib. Vaksinlərə qarşı əks göstərişlərin də olduğunu söyləyən epidemioloq bu göstərişləri şərti olaraq mütləq və nisbi əks göstərişlər kimi səciyyələndirib. Bildirib ki, nəinki bütövlükdə vaksinə qarşı, hətta onun hansısa komponentinə qarşı allergiya müşahidə olunarsa, bu, vaksinasiyaya əks göstərişdir. O, Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsini xatırladaraq vurğulayıb ki, insan sağlamlığını qoruyan 2 mühum amildən birincisi vaksin, ikincisi təmiz, keyfiyyətli içməli sudur.
Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris hissə müdiri, dosent Həyat Əliyeva bildirib ki, vaksinasiyanın əhəmiyyətini başa düşmək üçün ilk növbədə "vaksin nədir” sualına aydınlıq gətirilməlidir. Vaksinasiyada məqsədin nədən ibarət olmasını, bunu niyə etdiyimizi bilməliyik. Onun orqanizmimizi necə qoruduğuna əmin olmalıyıq. Bilməliyik ki, bütün vaksinlər bir məqsədə - anticisimlərin yaranmasına xidmət edir. Əsas funksiyası virusu neytrallaşdırmaqdır. Əgər anticisim varsa, virusu tutub neytrallaşdıracaq.
Tədbirdə çıxış edənlər pandemiya dönəmində tibbi maskadan istifadə, ara məsafəsi saxlamaq və əl gigiyenasına əməl etmək kimi 3 qızıl qaydanın zəruriliyini dönə-dönə xatırladıblar. Tanınmış mütəxəssislər vaksinasiyaya qarşı inamsızlığı aradan qaldırmağın yollarından da söhbət açıblar. Eyni zamanda tələbələri təkcə vaksinasiya olunmaqla kifayətlənməməyə, gələcəyin səhiyyə mütəxəssisləri olaraq pandemiyaya qarşı mübarizənin önündə getməyə çağırıblar.
Onlayn görüş zamanı tədbir iştirakçılarının çoxsaylı sualları da cavablandırılıb.