Ölkə ərazisində əhalinin sağlamlığının keyfiyyətli şəkildə qorunması məqsədilə Nazirlər Kabinetinin ardıcıl verdiyi qərarlara sonradan mövcud şəraitə uyğun əlavə və dəyişikliklər edilir.
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” bu il mayın 26-da qərar verib. Qərara əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanları (qurumları), o cümlədən mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrində çalışanlardan COVID-19 pasportu və ya immunitet sertifikatı tələb olunmalı, bu sənədləri təqdim etməyən əməkdaşlar iş yerinə buraxılmamalıdırlar. Ölkəmizdə fəaliyyət göstərən ən böyük ali təhsil müəssisələrindən biri də Azərbaycan Tibb Universitetidir. Bəs Nazilər Kabinetinin sözügedən qərarında nəzərdə tutulan tələblərə universitetimizdə necə əməl olunur?
Məsələyə aydınlıq gətirmək üçün ATU-nun mühafizə xidmətinin fəaliyyəti ilə tanış olduq. Müşahidələrimiz zamanı bəlli oldu ki, universitetin əsas girişində dayanan mühafizəçilər əraziyə daxil olan hər kəsdən xidməti vəsiqə ilə yanaşı, COVID-19 pasportunu təqdim etməyi də tələb edirlər. Və yalnız sənədləri qaydasında olan şəxsləri əraziyə buraxırlar.
Azərbaycan Tibb Universitetinin Mühafizə xidmətinin rəisi Həsrət Rəsulov universitet rəhbərliyi tərəfindən karantin rejiminin şərtlərinə uyğun olaraq təlimatlandırıldıqlarını və şəxsi heyətin təlimat əsasında fəaliyyət göstərdiyini qeyd etdi: “Biz mühafizə heyəti olaraq, iş günləri universitetin əməkdaşlarının, müəllim-tələbələrin və həkimlərin əraziyə buraxılış rejimini tənzimləyirik. Universitetin əməkdaşları əraziyə əsas girişdən daxil olurlar. Mühafizəçilərimiz Asim Qurbanov və Türkanə Əhmədova tərəfindən onların xidməti vəsiqələri ilə yanaşı, COVID-19 pasportu da yoxlanılır. Sənədlərin bir-birinə uyğun olub-olmaması müəyyənləşdirilir. Əgər sənədlər qaydasındadırsa, əraziyə daxil olmalarına icazə verilir”.
H.Rəsulov universitetin əməkdaşlarından bəzilərinin hələlik COVID-19 pasportu olmadığını və bu səbəbdən əraziyə buraxılmadıqlarını da bildirdi: “Onlara izah edirik ki, karantin rejiminin qaydalarına hər birimiz əməl etməliyik. Anlayışla qarşılayanlarla yanaşı, bizdən inciyənlər də olub. Amma buna baxmayaraq, öz üzərimizə düşən vəzifəni həyata keçiririk. İndiyədək ciddi bir problemlə üzləşməmişik”.
Şəxsi avtomobili olan əməkdaşlar isə universitetə digər girişdən daxil ola bilərlər. Həsrət Rəsulov söylədi ki, burada mühafizəçi Yasin Nəsibov tərəfindən qaydalara əməl edilməsinə ciddi nəzarət olunur: “Mühafizəçilərimizdə əraziyə daxil olmaq istəyən avtomobillərin siyahısı var. Bununla yanaşı, sürücülər COVID-19 pasportunu da təqdim etməlidirlər. Bu zaman kitaba qeydiyyat aparılmaqla, həmin şəxslərə əraziyə daxil olmağa icazə verilir. Əgər avtomobilin nömrəsi siyahıda varsa, amma sürücünün COVID-19 pasportu və ya immunitet sertifikatı yoxdursa, həmin şəxsi əraziyə buraxmırıq. Bir sözlə, Tibb Universitetinin mühafizəsi etibarlı əllərdədir”.
Beləliklə, Nazirlər Kabinetinin pandemiya şəraiti ilə əlaqədar müəyyənləşdirdiyi qaydalara universitetimizdə yüksək səviyyədə əməl olunur.