Həssas bir dönəmdə yaşayırıq. Artıq öz istəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Arzulamadığımız halda koronavirus adlı bir kabusla iç-içəyik. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik.
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyir ki, koronavirusun yeni ştammı kliniki əlamətlərini dəyişib: "Əvvəllər alfa, belta ştammlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hal-hazırda delta ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər isə boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştammları üçün xarekterikdir".
Hazırkı durumun epidemioloji cəhətdən bir qədər gərgin olduğunu söyləyən ATU-nun Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev, bununla yanaşı, böyük bir təhlükə gözləmədiyini də vurğulayır. Bildirir ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir. Yaxın gələcəkdə nəticəsini görəcəyik: "Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır.
Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçirməsinə kömək edir. Müşahidələr də göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın".
Hər iki mütəxəssis canlı təmasları miniumuma endirməyi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi, kütləvi tədbirlərə qatılmamağı məsləhət görür.
Ümumi qənaət belədir ki, vaksinasiyanı müvəffəqiyyətlə başa çatdırsaq, pandemiyanın bitəcəyinə böyük ümidlər bəsləyə bilərik.